"Biz ayın 27-nə qədər öz görüşlərimizi keşirməkdə davam edəcəyik. Çünki görüşmədiyimiz qurultay nümayəndələri də var ki, onlarla da görüşməyi planlaşdırmışıq". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına namizəd Tural Abbaslı öz şansını və digər namizədlərin şansını dəyərləndirərkən deyib.
Müsavat yetkilisi ötən həftə başqanlığa namizəd Arif Hacılının mətbuat işçilərinin onu narahat etməməsi fikrinə də münasibət bildirib. Tural Abbaslı deyib ki, o hər zaman istənilən mətbuata açıqdır: "Mənim üçün digər namizədlərin mövqeyini şərh eləmək uyğun olmazdı. Ola bilsin ki, Arif bəy öz təbliğat-təşviqat kampaniyası üçün bu mövqeyi seçib. Amma əslində paralel şəkildə - yəni həm görüşlər keçirib həm də mətbuat orqanlarına bu və ya digər mövzuda fikirlərini bildirməkdə problem olmamalıdır".
Başqanlığa namizəd bu gün partiyanın qurultayının yerinin müəyyənləşəcəyini də istisna etməyib: "Bu gün qurultayın yeri ilə bağlı çox güman ki, qərar veriləcək. Saat üçdə təşkilat komitəsinin iclası olmalıdır və nəhayət bir qərar veriləcək".
Tural Abbaslı son olaraq öz qələbəsinə əmin olduğunu da qeyd edib və bildirib ki, hər şey məhz qurultay günü bəlli olacaq.
sia.az