PDF Oxu

Müxalifət

  • 28

Sərdar Cəlaloğlu AXCP-nin uğursuzluq səbəblərini AÇIQLADI

Sərdar Cəlaloğlu AXCP-nin uğursuzluq səbəblərini AÇIQLADI

"AXCP-nin konkret ideologiyası, siyasi palitrada özünəməxsus bir yeri yoxdur"

"Müxalifət çox böyük sürətlə dəyişilən beynəlxalq siyasi duruma uyğun çevik siyasət apara bilmir deyə, bu da ayrılmalara, parçalanmalara gətirib çıxarır". Bunu SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) baş verən istefalara münasibətini bildirərkən deyib.

ADP sədri Cəbhədəki istefaların səbəbini özünəməxsus şəkidlə analiz edərək deyib ki, əslində dünyada gedən dəyişikliklər ölkədəki siyasi qüvvələrin həmin yeniliklərə adaptasiya ola bilməməsi ilə nəticələnir: "Məsələn, beynəlxalq aləmə baxdıqda görürük ki, vaxtilə İŞİD-i dəstəkləyən qüvvələr indi bu qruplaşmanı məhv etmək üçün bir araya gəlirlər. Digər tərəfdən, Suriyadakı kürdlərin müstəqillik tələblərindən narahat olan Türkiyə bu gün onları qaçqın kimi qəbul edir, onlara sığınacaq verir. Yəni, bu gün dünyada həqiqətən də sürətli dəyişikliklər gedir. Amma bəzi siyasi qüvvələrin siyasi adaptasiya qabiliyyəti zəifdir, ya da yox dərəcəsindədir. Belə qüvvələr dəyişikliyə uyğunlaşa bilmir. Ona görə də belə qüvvələr köhnə siyasətini davam etdirəndə indiki situasiya ilə uzlaşa bilmir, ziddiyyətlər yaranır, nəticədə həmin qüvvələr itkilərə məruz qalır. Bu mənada, siyasi adaptasiyası zəif olan, fərqli prosesləri düzgün dəyərləndirə bilməyən, məntiqi nəticə çıxara bilməyən tərəflərin parçalanmasını real hadisə kimi qiymətləndirirəm".

"Əli Kərimlinin proqnozları heç vaxt özünü doğrultmayıb"

Sərdar Cəalaloğlu AXCP-yə yaxınlığı ilə seçilən "Azadlıq" qəzetində Əli Kərimlinin verdiyi proqnozların heç birinin özünü doğrultmadığına da diqqət çəkib: "Məsələn, götürün "Azadlıq" qəzetində gedən proqnozları. Baxaq Yaxin Şərqlə bağlı, eləcə də Ukrayna hadisələri ilə bağlı, Rusiyada baş verənlərlə bağlı proqnozlara. Onların heç biri gerçəkləşmədi. O cümlədən, "Azadlıq" qəzetinin vaxtilə İsmayıllı və Quba hadisələri ilə bağlı verilən proqnozlarına da baxanda orada deyilən, yazılan heç bir fikrin özünü sübuta yetirmədiyinin şahidi olduq. Bu baxımdan, AXCP-nin qüsurlarının olmasını inkar edə bilmərik".

"Elə deyirlər ki, hər şeydə birinciyik"

Əslində AXCP-nin daxili fəaliyyəti ilə bağlı geniş bilgiyə malik olmadığını deyən ADP sədri bunu adıçəkilən siyasi təşkilatın ideologiyasının olmaması ilə əlaqələndirib: "Mən ümumiyyətlə AXCP-nin daxili fəaliyyəti ilə bağlı çox az məlumata malikəm, təmaslarım yoxdur, təşkilatın böyük əksəriyyətinin üzvlərini tanımıram. Sadəcə, bir neçə funksionerini tanıyıram. Eyni zamanda təşkilatın ideologiyasına yaxından bələdçiliyim yoxdur. Birgə əməkdaşlığımız da çox qısa müddətlərdə olub. O zamanlarda da AXCP-nin fəaliyyətindən heç nə anlaya bilməmişəm. Nə Əli Kərimlinin özündən, nə onun apardığı siyasətdən, nə onun partiyasının siyasi dəsti-xəttindən ümumiyyətlə, heç nə anlaya bilməmişəm. AXCP-nin gizli, örtülü bir siyasəti var. Nəyə görə oradakı insanlar oranı tərk edir, bütün bunlar müəmmadır. Çünki AXCP-nin konkret ideologiyası, siyasi palitrada özünəməxsus bir yeri yoxdur. Məsələn, biz ADP olaraq demokratik dəyərlərə üstünlük veririk, digərləri də öz mövqelərini müəyyən dəyərlər üzərində açıqlayırlar. Ancaq AXCP-nin nəyə prioritet verdiyi, nəyə xidmət etdiyi məlum deyil. Elə deyirlər ki, hər şeydə birinciyik. Amma faktiki olaraq hər şeydən uzaqdadır. Ümumiyyətlə, keçmiş sistem üzərində siyasi partiya idarə etmək mümkün deyil. Qurularsa, onda bugünkü AXCP olar. Ona görə də bu gün AXCP-nin ciddi problemləri var".

sia.az

Digər xəbərlər