PDF Oxu

Müxalifət

  • 34

Müsavat qərar verir: qurultay olsun-olmasın?!

Müsavat qərar verir: qurultay olsun-olmasın?!

Müsavat partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin növbəti toplantısında bu tərəddüdlər yaşanır

Bu günlərdə Müsavat partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin növbəti toplantısı keçirilsə də qurultayın keçirilib-keçirilməməsi hələ də şübhə doğurur. Partiyanın divan üzvü Nüşabə Sadıqlının verdiyi məlumata görə, Müsavat hələ də tərəddüd içindədir. Belə ki, təşkilat komitəsi dəfələrlə bu məsləni müzakirə etsə də, qurultayın keçirilib-keçirilməsi məsələsi ilə bağlı konkret qərar qəbul edə bilməyib.

Qurultayın keçirilməsində məkan nağılı

Göründüyü kimi, uzun muddətdir ki, Müsavat partiyası qurultay keçirə bilmir. Səbəb kimi qurultaya müvafiq yerin ayrılmasını bəhanə gətirsələr də, bunlar heç də əsası olmayan fikirlərdir. Xatırladaq ki, bir vaxtlar Müsavat partiyasından qurultay keçirmək üçün Türkiyə və Gürcüstan variantını seçməklə qurultayın keçirilməsi baş tutmadı. İndi də artıq qurultayın keçirilmə vaxtına 3-4 gün qaldığı məqamda yenə də bu məsələdə gərginlik yaşanmaqdadır. Lakin bütün bunlara baxmayaraq, müsavatçılar sözügedən məsələdə yenə də bir neçə qrupa parçalanıblar. Qurultayın harada olmasından asılı olmayaraq, keçirilməsini tələb edənlər və daha münasib yer tələb edənlər. Digər qrup isə hələ də partiyanın qurultaya hazır olmadığı qənaətində olan qrupdur. Lakin başqanlığa iddialıların öz namizədliklərini vermələri, yaxud da bunu etməyə hazırlaşmaları, təşviqat işinin aparılması, o cümlədən, platformaların irəli sürülməsi belə deməyə əsas verir ki, nəhayət, bu partiya öz qurultayını keçirməkdə qərarlıdır.

Müsavatda qurultayöncəsi gərginlik sakitləşmir

Müsavatın mərkəzi icra aparatının rəhbəri vəzifəsindən istefa vermiş Arif Hacılı öz platformasını irəli sürərək bildirib ki, namizədlər nə edirlərsə-etsinlər, başqan seçilməsi üçün bütün imkanlardan istifadə edəcək.

Başqanın iqtisadi msələlər üzrə müavini Qubad İbadoğlu, müşavirlikdən istefa vermiş Səxavət Əlisoy, divan üzvü Tural Abbaslı buna cavab olaraq bildiriblər ki, Arif Hacılı bilməlidir ki, müəyyən addımların atılmasında ondan heç də geridə qalmayacaqlar və təbliğat prosesində ən sərt ifadələrdən istifadə edəcəklər.

Göründüyü kimi, populist çıxışlar edən namizədlərin sonda amansız düşmənə çevrilməsi Müsavatın daha da uçuruma doğru sürüklənəcəyini aydın göstərir. Bu belə də olmalı idi. Çünki uzun illərdir ki, siyasi təşkilata rəhbərlik edən İsa Qəmbər bu partiyanı bir addım olsa belə, önə çəkə bilmədi. Nəticədə partiya dəfələrlə iflasa, parçalanmağa, istefalara boyun əyməli oldu.

Beləliklə, əgər qurultay baş tutarsa, həmin qurultayın sakit, aramla keçməsini gözləmək, proqnozlaşdırmaq qeyri-mümkündür. Çünki həm iddialıların sərt mövqedə dayanmaları, həm də yeni təkliflərə birmənalı baxışın olmaması ehtimalları adıçəkilən siyasi təşkilatı daha da uçuruma doğru sürükləyə bilər.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər