Yeni başqanın blefi niyə keçmədi?
Müsavatın yeni seçilmiş başqanı Arif Hacılının AXCP ilə münasibətlərə yenidən baxmaq ehtimalı haqqında irəli sürdüyü fikirlər qarşı tərəfdən rədd edildi. Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Hacılının bu ehtimalını alt-üst edən açıqlama verərək, köhnə müttəfiqləri ilə heç bir əlaqə qurmaq fikrində olmadıqlarını deyib. Daha dəqiq desək, Qəhrəmanlı bunun yalnız bir halda reallaşa biləcəyini deyib - Müsavatın "Milli Şura" ilə yenidən əməkdaşlıq edəcəyi təqdirdə. Ancaq bunun qeyri-mümkün olacağı bəri başdan bəllidir. Bu zaman belə bir nüans diqqəti cəlb edir. Arif Hacılı AXCP ilə yeni əmədaşlıq təklifinin nəzərdən keçirilməsini dedikdə, əslində həmin partiyaya qarşı planlarını icra etməyi nəzərdə tutub. Bəs həmin blef nədir? Bəllidir ki, həm parlament, həm də prezident seçkilərində AXCP ilə Müsavatın maraqları ziddiyyət təşkil edib. Hətta bu ziddiyyətlər ənənəvi hal alıb desək, yanılmarıq. Arif Hacılı yeni başqan timsalında AXCP-yə müəyyən təsir imkanı olacağını düşünməklə, həmin partiyada sözünün yerə düşməyəcəyini düşünüb. Ancaq o, bir şeydə yanılıb - Müsavat başqanı "Milli Şura"dan çıxmaq təşəbbüsünü hələ partiyanın mərkəzi icra aparatının rəhbəri olduğu zaman irəli sürmüşşdü. Hətta Müsavatda buna qarşı çıxanlara da əsas təzyiqi Arif Hacılı və ona yaxın olan qrupu göstərmişdi. Bunu isə həm AXCP sədri Əli Kərimli, həm də digər cəbhəçilər yaxşı bilirdi. Ona görə də onun məlum təklifi - AXCP ilə əməkdaşlığa yenidən baxılması ehtimalı barədə dedikləri qarşı tərəfdə ciddi təklif kimi qəbul olunmayaraq, rədd edildi. Beləliklə, Arif Hacılının planı alt-üst oldu.
Digər maraqlı sual isə belədir: Əgər Hacılı AXCP-ni razılığa gətirə bilsəydi, növbəti hansı addımları atacaqdı? Məsələni analiz edərkən bu cür qənaətə gəlmək olar ki, Arif Hacılı da öncəki başqan İsa Qəmbər kimi ortaya parçalayıcı mövqe qoyacaqdı. Çünki Əli Kərimli də öz növbəsində Müsavatın parçalanması istiqamətində müəyyən addımlar atmışdı. Arif Hacılının da cavabı özünü gözlətməyəcəkdi. Yəni o, cəbhəçilərin rəğbətini qazanmaqla tədricən onları partiyalarından ayıraraq, Müsavat sıralarına cəlb edəcəkdi. Bu arada onu da xatırladaq ki, son günlər AXCP-dən istefa verən şəxslərin Müsavat ətrafında görünmələri diqqətdən yayınmır. Əslində, bu da haradasa Arif Hacılının başqanlığına müsbət təsir edəcək hal kimi qiymətləndirilə bilər. Ancaq Hacılı bu halın davamlı olmasını istəyirdi. Buna baxmayaraq, AXCP onun blefi haqqında öncədən xəbərdar oldu. Ona görə də Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Müsavatla əməkdaşlıq AXCP-nin gündəmində deyil.
Bütün bunlar isə bir daha onu göstərir ki, hər iki partiya arasında şiddətli qarşıdurmaların baş verməsi labüddür. Çünki bütün mənalarda nə AXCP Müsavatın, nə də Müsavat AXCP-nin heç bir marağını təmin etmək fikrində deyil.
Rövşən NURƏDDİNOĞLU