"Hər hansı bir probelmi həll etmək üçün hakimiyyətlə danışıqlara getmək lazımdır"
"Çox adam bu gün İnsan hüquqları üzrə Birgə Qrupa can atır və bu gün həmin Qrupa düşməyənlər bizə qarşı qeyri-ciddi fikirlər səsləndirir". Bu fikirləri SİA-ya hüquq müdafiəçisi Novella Cəfəroğlu sözügedən İşçi Qrupuna qarşı bir sıra hüquq müdafiəçilərinin tənqidi fikirlər səsləndirməsinə və onları hakimiyyətlə iş birliyində günahlandırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Novella Cəfəroğlu bununla bağlı bildirib ki, artıq ortada nəticələr də görünməkdədir. Lakin onların işlərinə mane olanlar var: "Biz bu Qrupda ona görə işləyirik ki, xəstə olan məhbuslara, ailəsində problem olan məhbuslara kömək edək. Yəni bir nəticəyə gələk çıxaq. Ancaq ortaya belə məsələlər çıxdıqda biz heç nəyə nail ola bilmirik".
Hüquq müdafiəçisi İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin bəzi müxalifət partiyaları tərəfindən də ittiham olunmalarına sərt münasibət bildirib: "Bir tərəfdən deyirlər ki, "siyasi məhbuslar" azadlığa çıxmalıdır, bir tərəfdən də bizi ittiham edirlər ki, hakimiyyətlə iş birliyinə gedirsiniz. Mən başa düşə bilmirəm, bunlar nə demək istəyirlər?! Hər hansı bir problemi həll etmək üçün hakimiyyətlə danışıqlara getmək lazımdır. Demək dialoq mühiti var ki, bizim də nə isə danışmağımıza şərait yaranıb. İndi kimin xoşuna gəlmir, gəlməsin! Biz hər adamın sözü ilə oturub-durmuruq ki…"
Novella Cəfəroğlu ittiham edən tərəfin onlara hüquq müdafiəçiliyindən dərs keçmək ixtiyarlarının olmadığını da bildirib: "Biz uzun illərdir ki, bu yolun yolçusuyuq. Şəxsən mən, 24-25 ildir ki, hüquq müdafiəçiliyi ilə məşğul olururam. Ona görə də bizə irad tutanlara bildirmək istəyirəm ki, çox şadam ki, həmin Qrupdayam, çox şadam ki, mənim dostlarım o qrupdadır və çox şadam ki, Azərbaycan cəmiyyətində nə isə bir addım atmağa nail olmuşuq, vəssəlam!"
sia.az