Könül Quliyeva: "Başıma gələn hər şeyi video müraciətdə qeyd edib, arxivləşdirmişəm"
Ümid Partiyasının keçmiş sədr müavini Könül Quliyeva təşkilatın sədri İqbal Ağazadə və ona yaxın olan adamlar tərəfindən hələ partiyada fəaliyyət göstərdiyi zamandan təzyiqlərə məruz qaldığını bildirib. SİA-nın məlumatına görə, Könül Quliyeva partiyadakı fəaliyyəti dövründə baş verənləri tam təfsilatı ilə danışmağın hələlik ona zərər verə biləcəyini şəxsi facebook hesabında yazıb: "Başıma gələnləri indi danışmaq mənim zərərimədir! Bu mövcud durumda susmaq məcburiyyətindəyəm. Üzləşdiyim vəziyyətdə bir çoxlarının mənə qarşı müttəfiq olduğu, eyni addımı atdığı və bir-biri ilə əməkdaşlıq etdiyi qənaətinə gəldim. Bu qənaətimdə nə qədər haqlı olub-olmadığımı zaman göstərəcək. Amma, hər kəsə bəyan edirəm ki, mən günahsız və zəif, onlar isə günahkar, çox qüdrətli və bir qadını asanlıqla məhv etmək gücündədirlər. Odur ki, başıma gələn hər şeyi video müraciətdə qeyd edib, arxivləşdirmişəm..."
Könül Quliyeva partiya rəhbərliyi tərəfindən ona qarşı təzyiqlər davam edərsə, videonu yayacağını, eyni zamanda məhkəməyə də müraciət edəcəyini istisna etməyib: "Video çəkilişdə lazımı faktlar yer alıb. Əgər vəziyyət tələb edərsə, məhkəməyə müraciət edəcəm. Yəni, yenə həmin hadisələrlə üzləşərəmsə, həyatımda hər hansı təhlükə olarsa, o zaman məhkəməyə üz tutmaq məcburiyyətindəyəm".
Xatırladaq ki, Ümid partiyası sədrinin müavini Könül Quliyeva partiyada tutduğu vəzifədən və partiya üzvlüyündən istefa verdiyi haqda açıqlamanı bu ilin iyun ayında özünün facebook səhifəsində yazdıqdan sonra ona qarşı partiya sədri İqbal Ağazadənin təzyiqləri daha da artmağa başlayıb.
sia.az