Kəmaləddin Rəhimov: "Gedib agenturada özünün əqidəsini, ləyaqətini satanların yanında olmaq istəmirəm və onları özümə lider görmürəm"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsindən istefa verərək, Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) üzv olmaq üçün müraciət edən AXCP Sumqayıt şəhər şöbəsinin sabiq sədri Kəmaləddin Rəhimov yenidən Əli Kərimlini və onun yaxın ətrafını hədəfə alan ittihamlarla çıxış edib. SİA xəbər verir ki, Kəmaləddin Rəhimov AXCP rəhbərliyində, Sumqayıt təşkilatında təmsil olunanların, Rəyasət Heyətinin savadsız nümayəndələrinin ortaya çıxmadıqlarını, gizləndiklərini deyib: "Biz konkret adlar çəkmişik, Fuad Qəhrəmanlı, Rafiq Daşdəmirov, Nemət bəy və digərləri debatdan da imtina etdilər. Ancaq onlar rayonlardan olan üzvlərimizi bizim üstümüzə qaldırırlar. Hətta Oğuzdan və digər rayonlardan olan cəbhəçilər mənə yazır ki, bəy, biz sizi yaxşı başa düşürük, çox təəssüf ki, rəhbərlikdə belə insanlar var. Mən də konkret demişəm ki, bu insanlarla yol getmək fikrim yoxdur. Gedib agenturada özünün əqidəsini, ləyaqətini satanların yanında olmaq istəmirəm və onları özümə lider görmürəm".
AXCP Sumqayıt şöbəsinin keçmiş sədri qarşı tərəfin debata girməyə cürət etmədiklərini də bildirib: "Biz istefa bəyanatı verəndə də onları ATV-də debata çağırmışdıq. Bu gün (dünən-red) saat 17.00-dan sonra çəkiliş olacaqdı, ancaq onlardan səs-soraq çıxmadı. Hərdən xahiş-minnət edirlər ki, olub-keçənləri qabartmayaq. Ancaq yenə də sosial şəbəkələrdə bizi qaralayırlar. Kim istefa verirsə, onu hakimiyyətlə bağlayırlar. Asəf Quliyev, Zərifə xanım, Şakir bəy də hakimiyyətlə işləyirdi? 4 müavin, 3 müşavir hökumətəmi işləyirdi? Rayonlarda 80 nəfər Cəbhədən istefa verib, bu yaxınlarda o siyahını dərc edəcəyik. Hamını hakimiyyətin agenti sayırsınız, bəs siz kimsiniz, cavab verin?! Niyə debata çıxmağa cürət etmirsiniz?"
Kəmaləddin Rəhimov digər bir məsələyə – AXCP-nin Müsavat Partiyası ilə yenidən əməkdaşlığının mümkünlüyünə də toxunaraq bildirib ki, əgər bu addım atılsa, yenə də nəticəsiz qalacaq: "Mən bu gün AXCP ilə Müsavatın bir yerdə olmasını mümkün saymıram. Bizim əlimizdə kifayət qədər dəlillər var ki, bunları idarə edən orqanlar var. Əgər Müsavat da bu təşkilatla əməkdaşlığa gedirsə, onda onların da bağlılığı yaranır, məntiq bunu deyir. Hələ İctimai Palata dövründə rəhbərlik səviyyəsində onlar Müsavata qarşı nələr etmədilər. İndi yenə birləşmək istəyirlər? Bu gün Müsavat hörmət etdiyim partiyalardandır, ancaq bu partiyanın AXCP ilə yenidən bir araya gəlməsini absurd hesab edirəm".
Partiyasından istefa verən cəbhəçi əlində olan videofaktlar barədə də münasibətini bildirib. Onun qeyd etdiyinə görə, həmin videogörüntülərdə bir çox məqamlarla yanaşı, AXCP rəhbərliyində təmsil olunan şəxslərin əxlaqsızlıqları da əks olunub: "O materiallar istər rəhbərlik haqqında, istərsə də bu gün Sumqayıt təşkilatında oturan bəzi insanlar haqqındadır. Həmçinin də əxlaqsızlıqla məşğul olmaları haqqında faktlarımız var. Əxlaqsız insanların əxlaqdan danışmağa ixtiyarı yoxdur".
sia.az