Mirmahmud Mirəlioğlu uzun illər öncə Əli Kərimli tərəfindən partiyaya qarşı edilən hücumlara cavab verməyə hazırlaşır
Artıq uzun illərdir ki, AXCP ilə KXCP arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, bu ziddiyyət AXC-nin lideri Əbülfəz Elçibəyin vəfatından sonra daha da kəskinləşmişdi. Daha dəqiq desək, hələ Elçibəyin sağlığında Əli Kərimli ilə Mirmahmud Mirəlioğlu arasında intriqalı vəziyyətlər yaşanmış, nəticədə cəbhədən qopan ilk qanad da məhz hazırkı KXCP olmuşdu. Bu ziddiyyət on dörd ildir ki, ya gizli, ya da açıq şəkildə özünü büruzə verməkdədir. Əbəs yerə deyil ki, Əli Kərimlinin "Yurd" qrupu "islahatçılar", Mirmahmud Mirəlioğlunun qrupu isə "klassiklər" qrupu kimi qarşı-qarşıya dayanırdı. Ancaq bütün baş verənlərə rəğmən, KXCP sədrindən fərqli olaraq, ilk hücumları AXCP rəhbərliyi başladırdı. İstər seçkilərdə, istərsə də müxalifət birliklərinin yaradılması zamanı KXCP-yə qarşı baryerlər qoyan partiya AXCP olurdu.
Bu amil hazırda da davam etməkdədir. Məsələn, təkcə "Milli Şura" ətrafında baş verənlərə nəzər salarkən, həmin proseslərdə AXCP sədri Əli Kərimlinin Mirmahmud Mirəlioğluna qarşı apardığı kampaniyaların şahidi olarıq. Çünki Əli Kərimli heç vaxt KXCP sədrinin ondan önə çıxmasına razı olmayıb. Hətta eyni birlikdə təmsil olunmalarına rəğmən, bu proses davam edib.
Mirmahmud Mirəlioğlunun partiyasının hətta fərdi qaydada "Milli Şura" adlı qurumda qalması bir az təəccüblü görünür
Ancaq maraqlı məqamlardan biri hələ də KXCP-nin AXCP ilə eyni qurumda - "Milli Şura"da təmsil olunmaqda davam etməsi amilidir. Çünki Mirmahmud Mirəlioğlu prezident seçkilərindən sonra, ümumiyyətlə, həmin qurumun tədbirlərinə qatılmayıb. Əksinə, Müsavat partiyasının eks-başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılmış bir qurumda fəaliyyətini davam etdirib. Hansı ki, İsa Qəmbərin də Əli Kərimli ilə münasibətləri barədə siyasi ictimaiyyət arasında kifayət qədər məlumatlar mövcuddur. İsa Qəmbərin Əli Kərimliyə, eləcə də Əli Kərimlinin İsa Qəmbərə olan potoloji nifrətləri hər kəsə məlumdur. Bu baxımdan, Mirmahmud Mirəlioğlunun partiyasının, hətta fərdi qaydada "Milli Şura" adlı qurumda qalması bir az təəccüblü görünür. Hansı ki, onun da Əli Kərimliyə qarşı potoloji nifrəti İsa Qəmbərinkindən az deyil. Ancaq bütün bunlara baxmayaraq, Mirmahmud Mirəlioğlu zaman-zaman "Milli Şura"nı tənqid obyektinə çevirməyi də unutmur.
KXCP sədri: "Milli Şura"da kifayət qədər mənfi insanlar var"
Məsələn o, Əli Kərimliyə eyham vuraraq, açıqlamalarının birində deyib: "Milli Şura"da təmsilçilik fərdidir. İndi zamanında özümüzün təsis elədiyimiz qurum haqqında mənfi söz demək istəmirəm. Halbuki "Milli Şura"da kifayət qədər mənfi (!-R.R.) insanlar var və bu gün də mənfi fəaliyyətlərini davam etdirməkdədirlər, xasiyyətlərini dəyişmək niyyətində deyillər". Mirmahmud Mirəlioğlu, həmçinin bildirib ki, həmin mənfi insanlar üzdə bir cür, arxada başqa cürdür: "Burda bir söz deyirlər, sosial şəbəkədə başqa bir status yazıb söyüş söyürlər. Bütün bunlar faktdır, amma hesab edirəm ki, indi bu barədə danışmaq yersizdir".
Digər tərəfdən, Əli Kərimliyə etdikləri iradlara baxmayaraq, "Milli Şura"da hələ də fərdi təmsilçiliklərinə rəğmən adları hallanan "klassiklər" öz ittihamlarını davam edirlər. Məsələn, AXCP üzvlərinin "Milli Şura"ya daxil edilmələrinə etiraz əlaməti olaraq Mirəlioğlunun müavini Xəzər Teyyublu da öz etirazlarını bildirib: "Biz bildirmişdik ki, əgər "Milli Şura"nın tərkibi qurumda olan partiyaların üzvləri hesabına genişlənəcəksə, bunu genişlənmə adlandırmaq olmaz... Yeni qəbul olunan üzvlər də Əli Kərimlinin rəhbərlik etdiyi qurumlara daxil olan şəxslərdir... "Milli Şura"nın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur. Partiya üzvlərinin artırılması "Milli Şura"da daxili mübarizəyə səbəb olacaq".
Göründüyü kimi, hətta fərdi qaydada "Milli Şura"da təmsil olunmalarına baxmayaraq, "klassiklər" AXCP-yə qarşı etiraz səslərini qaldırmaqdadırlar. Qarşıdan isə gələn il keçiriləcək parlament seçkiləri gəlir. Bu seçkilərdə Müsavatla yan-yana olacağı istisna olunmayan KXCP yeni müttəfiqi ilə AXCP-yə qarşı savaşa hazırlaşır. O da mümkündür ki, həmin ərəfədə KXCP-nin AXCP-dən revanş alması məsələsində Müsavat öz bazasından istifadə etsin. Çünki Əli Kərimli amili, həqiqətən də müxalifətin birliyinə qarşı maneə, baryer olan partiya sədri kimi kimsəni qane etmir.
Rövşən RƏSULOV