PDF Oxu

Müxalifət

  • 30

Nulanddan radikal müxalifətə tərs sillə...

Nulanddan radikal müxalifətə tərs sillə...

Yaxud ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin bəyanatları AXCP və Müsavatı məyus edib

Məlum olduğu kimi, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nuland fevralın 17-də Azərbaycana səfər edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra jurnalistlər üçün brifinq keçirən xanım Nuland Bakıda keçirilmiş görüşləri yüksək qiymətləndirib: "Biz Azərbaycanla 20 ildən artıqdır ki, davam edən tərəfdaşlığımıza çox böyük dəyər veririk. Biz bu illər ərzində həyata keçirdiyimiz səmərəli işi davam etdirmək istəyirik". O, qeyd edib ki, ABŞ güclü və müstəqil Azərbaycan görmək istəyir: "Biz terrorçuluq və ekstremizmə qarşı səylər üzrə Əfqanıstan və Kosovoda birgə həyata keçirdiyimiz iş barədə danışdıq".

Enerji sahəsində əməkdaşlığa gəlincə, V.Nuland əlavə edib ki, Cənub Qaz Dəhlizi təkcə Azərbaycan deyil, həmçinin eyni enerji mənbəyindən çox asılı olan bütün Avropa ölkələri üçün vacibdir: "Bu, ABŞ, Azərbaycan və Avropanın birgə layihəsidir". Onun sözlərinə əsasən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin vacibliyi, İT sahəsində, nəqliyyat və kənd təsərrüfatı sektorlarında, korrupsiya ilə mübarizədə işin intensivliyi məsələləri də müzakirə olunub: "Biz razılaşdıq ki, güclü demokratik Azərbaycanın maraqlarına uyğun olaraq ikitərəfli əsasda daha intensiv işləyək".

Bakıdan Yerevana səfərə gedən Nuland orda da müsbət bəyanatlar verməklə Azərbaycanla olan strateji tərəfdaşlığın ruhuna uyğun addım atıb. Beləliklə də, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın Azərbaycana səfəri bir sıra mühüm məqamlarla yadda qalıb.

Birincisi, Azərbaycanla ABŞ arasında nifaq salmaq və iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinə kölgə salmağa cəhd göstərən qüvvələrə cavab verilib. Çünki Nulandın Azərbaycana səfərinə qədər iki dövlətin münasibətlərinə xələl gətirməyə çalışan bir sıra beynəlxalq QHT-lər, amerikalı ekspertlər, konqresmenlər və başqaları hərəkətə keçmişdilər. Lakin xanım Nulandın ölkəmizə gəlməsi və bütün istiqamətlər üzrə fikirlərini bildirməklə ABŞ-ın rəsmi mövqeyini ortaya qoyması reallığı çılpaqlığı ilə üzə çıxardı. Hər kəsə aydın oldu ki, ABŞ Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndirir. İki ölkə arasında iqtisadiyyat, təhlükəsizlik, energetika sahəsindəki əlaqələr bundan sonra da inkişaf etdiriləcək, Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycan, ABŞ və Avropanın birgə proyekti kimi fəal şəkildə dəstəklənəcək. Həmçinin, ölkə rəhbərliyinin korrupsiya ilə mübarizəsi təqdir olunur və Azərbaycan hakimiyyəti ilə vətəndaş cəmiyyəti arasında fəal və açıq təmasların olduğu demokratik dövlət kimi qəbul edilir. Bununla yanaşı, ABŞ Azərbaycanın insan haqları, azad media və vətəndaş cəmiyyəti ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə sadiqliyini yüksək dəyərləndirir.

İkincisi, səfərinin yekunlarına dair brifinqdə radikal müxalifət nümayəndələri ABŞ dövlət katibinin müavinindən "ABŞ QHT-lərin vasitəsilə Azərbaycanda rəngli inqilab yaratmağa meyil edirmi" sualına cavab verməsini istəyiblər. Viktoriya Nuland isə suala cavabında bildirib ki, ABŞ hökuməti ilə Azərbaycan arasında, həmçinin Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında normal münasibətlər qurulub. Nuland qeyd edib ki, bu cür vəziyyətdə inqilaba zərurət ola bilməz: "Rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz".

Bununla da, demokratiya pərdəsi altında daim hakimiyyətə qarşı qara piar kampaniyası aparan AXCP sədri Əli Kərimli, Müsavatın de-yure başqanı İsa Qəmbər, eləcə də, Leyla Yunus, Xədicə İsmayıl və radikal müxalifətin başqa nümayəndələri Viktoriya Nulanddan tərs sillə aldılar. Bu məqamda qeyd etmək yerinə düşər ki, radikalların tərs sillələrlə qarşılaşması ilk hal deyil. Çünki bir neçə il öncə "Ərəb baharı"ndan həvəsə gələrək Azərbaycanda "inqilab" etmək istəyini hər addımında ortaya qoyan radikal müxalifət ABŞ Dövlət Katibi Hillari Klintonun və Avropa İttifaqının prezidenti Herman van Rompeyin ölkəmizə gələrək radikallara dəstək göstərəcəyini düşünürdülər. Amma xanım Klinton və Rompey nəinki radikal müxalifətlə görüşmədi, hətta onların adlarını belə çəkmədi. Nədənsə bu faktı unudan radikal müxalifət bu dəfə Ukraynada "Maydan" hadisələrinə özünəməxsus formada dəstəyini vermiş xanım Nulanddan dəstək gözləyirmişlər. Amma gözlənildiyi kimi radikal müxalifətin ümidləri nəinki puça çıxdı, hətta Nulanddın "Azərbaycanda inqilabdan söhbət gedə bilməz" fikirləri AXCP-nin, Müsavatın, Leyla Yunus, Xədicə İsmayıl kimilərin "arzularını" birdəfəlik basdırdı. Bu da əlbəttə ki, öz növbəsində ABŞ tərəfindən radikal müxalifətə vurulan növbəti tərs sillə oldu.

"Səs" Analitik Qrupu

Digər xəbərlər