PDF Oxu

Müxalifət

  • 23

Müsavatın Tovuz rayon təşkilatı da buraxıldı

Müsavatın Tovuz rayon təşkilatı da buraxıldı

"Müxalifət düşərgəsində bir-birlərinin ardınca məğlubiyyət xronologiyası davam edəcək"

Müxalif partiyaları daxilində baş verən çəkişmələr yeni istefaların baş verməsinə gətirib çıxarır. Statistik məlumatlara əsasən demək olar ki, son bir ay ərzində yalnız AXCP və Müsavat partiyalarından ümumilikdə minə yaxın şəxs siyasi mənsubiyyətini dəyişib. Dünən isə AXCP sədr müavini Razi Nurullayevin ardınca Müsavatın Tovuz rayon təşkilatı buraxıldığını elan edib. Bu prosesin sonrakı günlərdə də davam edəcəyi proqnozlaşdırılır. Vəhdət partiyasının sədri Tahir Kərimlinin sözlərinə görə, müxalifətin zəifləmə prosesi davamlı xarakter daşıyacaq: "Bu gün ciddi şəkildə AXCP və Müsavatda aşınma gedir. Müsavatın Tovuz rayon təşkilatının buraxılması partiyanın bitmək üzrə olmasından xəbər verir. Bu zəifləmə prosesi davam edəcək. Düşərgə daxilində partiyalar arasında baş verən qarşıdurmalar müxalifətin parçalanmasına gətirib çıxarır. Bu baxımdan demək olar ki, bugünkü müxalifət partiyaları dəfələrlə bir neçə yerə parçalanmış partiyalardır. Səbəb isə hər zaman eyni olub. Partiya sədrləri səhv siyasət aparıb. Ona görə də, hər zaman müxalifət düşərgəsini təmsil edən partiyalardan istefa verən şəxslər olub və olacaq".

T.Kərimlinin sözlərinə görə, sıravilərin müxalifət partiyalarından ayrılmasının əsas səbəbi adıçəkilən düşərgədə irəliyə doğru heç bir addımın atılmamasıdır: "Bu da müxalifətin özünün iflasının göstəricisidir. Müxalifət liderlərinin doğru-düzgün siyasət qurmamalarının əsaslarıdır ki, bu gün müxalifət düşərgəsində vəziyyət gərginlik içərsindədir. Müxalifət düşdüyü gərginlikdən çıxış yolunu axtarsa da, tapa bilmir. Bu gün bu uğursuz siyasət özünün açıq şəkildə büruzə verir. Ümumiyyətlə, müxalifət qüvvələri biri-birini qəbul etmək istəmirlər. Bu da müxalifət liderlərinin şəxsi ambisiyalarının olmasından irəli gəlir".

"AXCP və Müsavatdan olan qopmalar həm də bu iki partiya arasında olan qarşıdurmanın nəticəsi kimi qiymətləndirmək olar" sualını cavablandıran partiya sədri bildirdi ki, AXCP ilə Müsavat arasında düşmənçilik münasibətlərinin tarixi yarandıqları zamana təsadüf edir: "Bu iki partiya bir-birini qəbul etmir. Sözdə bir, əməldə isə başqa mövqe sərgiləyiblər. Hər zaman çalışırlar ki, biri digərini sıradan çıxarsın. Müxalif partiyaların birləşməsinə də, AXCP ilə Müsavat mane olur. Bu vəziyyət AXCP və Müsavat rəhbərliyində təmsil olunan şəxslərin siyasətdən uzaqlaşdırılmalarına qədər davam edəcək".

GÜLYANƏ

Digər xəbərlər