PDF Oxu

Müxalifət

  • 27

“Milli Şura”nın mitinqi real təsir bağışlamır

“Milli Şura”nın mitinqi real təsir bağışlamır

Müxalifət liderləri Əli Kərimli və Cəmil Həsənlini saya almadı

"Milli Şura"nın sabaha (bu günə-red) təyin elədiyi mitinqin fiaskoya uğrayacağı əvvəlcədən bəlli idi. Belə ki, bunu daha öncə AXCP sədri Əli Kərimli də etiraf etmişdi. Daha dəqiq desək, Əli Kərimli mitinqlərinin kütləvi olmadığını deyərək, tərəfdarlarını "Milli Şura"nın 15 mart mitinqinə kütləvi şəkildə qatılmalarına çağırış etmişdi. Lakin bəlli olan budur ki, müxalifətin digər qanadında təmsil olunan müxalif siyasi təşkilatlar "Milli Şura"nın qeyri-ciddi qurum olduğunu, eləcə də sosial bazasının yoxluğunu dərk edərək, həmin aksiyaya qatılmayacaqlarını bəyan etməkdədirlər.

KXCP sədri Mirmahmud Mirəlioğlu: "Mitinqə partiya olaraq getmək fikrimiz yoxdur"

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu "Milli Şura"nın martın 15-nə təyin etdiyi mitinqdə iştirak etmək fikrinin olmadığını deyib. Onun sözlərinə görə, mitinqdə iştirakla bağlı KXCP üzvlərinə sərbəstlik verilib: "…Qərarın verilməsində və təşkilatçılıqda iştirak etmədiyimiz üçün mitinqə partiya olaraq getmək fikrimiz yoxdur".

BQP başqanı Fazil Mustafa: "Bu qarşıdurmaya gətirən haldır və ölkənin imicinə də ziyan vurur"

"Milli Şura"nın 15 mart mitinqi gündəmə gəlmək taktikasıdır. Hazırda bu qurum böyük güc sahibi deyil". Bu fikirləri isə Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa deyib. Partiya başqanının fikrincə, mitinqlərlə gündəmə gəlmək taktikası siyasətdə geniş yayılıb: "Hətta bu populizm olsa belə təəccüblü deyil. Lakin indiki məqamda seçilən bu taktika mənasızdır. Məqsədə fərqli yollarla nail olmaq mümkündür. Lakin bu da "Milli Şura"nın seçimdir. Partiyaların etirazını çatdırma formasıdır. Ümumiyyətlə, mitinqlər demokratik ölkələr üçün adi haldır. Bu gerçəkləşirsə, fikirlər mitinqlərdə çatdırılırsa, bu, normal qəbul olunmalıdır. Hətta mitinqə 10 nəfər çıxsa da mümkündür. Digər tərəfdən, dövlətin mitinqə icazə verməsi yaxşı haldır. Hesab edirəm ki, icazəsiz mitinqlərə getmək doğru deyil. Çünki bu qarşıdurmaya gətirən haldır və ölkənin imicinə də ziyan vurur".

ADP sədri Sərdar Cəlaloğlu: "Nəzərdə tutulan "Milli Şura" faktiki olaraq yox oldu"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bizə verdiyi açıqlamasında bildirib ki, əslində, "Milli Şura" 3-4 partiyanın yığışıb yaratdığı blokdur. "Milli Şura" deyilən bir şey yoxdur axı…"

ADP sədri "Milli Şura"nın mitinq keçirmək, bununla da hər hansı bir uğur əldə edə bilmək şansının sıfır həddində olduğunu vurğulayıb. Belə ki, bu qurum ölü bir qurum kimi, sadəcə, quru adı üzərində "yaşayır": "Nəzərdə tutulan "Milli Şura" faktiki olaraq yox oldu. Onun varlığını formal olaraq saxlayırlar. "Milli Şura"nın fəaliyyətini davam etdirməsi oradakı qüvvələrə xeyir etməsə, buraxarlar. Amma bunun müxalifətə aiddiyatı yoxdur, sırf oradakı üzvlərlə bağlı məsələdir".

Partiya sədri adıçəkilən qurumun bütün müxalifətin birliyi kimi təqdim olunmasına da etiraz edib. O bildirib ki, bütün müxalifət adıçəkilən quruma qoşulmadığına görə, belə fikir səsləndirmək əssasızdır: "Milli Şura"nın bütün müxalifətin birliyi olduğunu deyirdilər, amma bu, sadəcə addır. Eldar Namazov da "El" hərəkatını yaratmışdı. O demək deyil ki, bütün Azərbaycan həmin hərəkatda idi. Bunlar belədir, özlərinə sərf edəndə bir-birilərinə qəhrəman deyirlər, bir-birinə lazım olmayanda isə nifrət edirlər, savaşırlar".

MDHP sədri Fərəc Quliyev: "Başqa bir dövlət tərəfindən ərsəyə gətirilən qurum məntiqsiz bir mitinq təşkil edirsə və həssas bir dönəmdə Azərbaycanın imicinə zərər vurmaq istəyirsə, bu iradə özlərinin deyil"

"Bu mitinqi təşkil etmək istəyən "Milli Şura" Rusiya tərəfindən formalaşdırılmış bir təşkilatdır. Orada təmsil olunan bir sıra partiyalar, konkret olaraq, Müsavat da bəyanat verərək bu təşkilatdan ayrıldı". Bu fikirləri isə Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev "Milli Şura"nın mitinq keçirmək iddiasına münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, indi başqa bir dövlət tərəfindən ərsəyə gətirilən qurum məntiqsiz bir mitinq təşkil edirsə və həssas bir dönəmdə Azərbaycanın imicinə zərər vurmaq istəyirsə, bu iradə özlərinin deyil: "Bu gün müxalifət partiyaları ilə iqtidar arasında dialoq gedir. Artıq masa ətrafında məsələlər çözülür. Artıq parlament seçkiləri öncəsi ağıl yarışmaları dövrü başlayıb və bütün cəmiyyət qütbləşmədən imtina edib. Hər kəs savaşı meydanlardan masa ətrafına daşımağı məsləhət bilib".

Göründüyü kimi, daha ciddi müxalifətçilik təsiri bağışlayan siyasi partiyalar "Milli Şura"dan birdəfəlik imtina etməklə yanaşı, bu qurumun rəhbərliyində təmsil olunan Əli Kərimli-Cəmil Həsənli amilini də rədd edirlər. Söz yox ki, sağlam düşüncəli ictimaiyyət də adıçəkilən qurumun, sadəcə, xarici təşkilatlar qarşısında öhdəlik görütməsini yaxşı bilirlər. Bu baxımdan, ölü bir qurumun heç bir tədbirinə ciddi yanaşmırlar. Çünki qeyri-ciddidən ciddilik gözləməyin özü də absurd fikirdir.

Rövşən RƏSULOV

Digər xəbərlər