Növbəti mitinqin də Müsavatsız keçəcəyi bəlli oldu
Həmişə olduğu kimi, seçkiərəfəsi AXCP ilə Müsavat partiyası arasında münasibətlər yenidən gərginləşdiyi kimi, qarşıdakı növbəti parlament seçkiləri ərəfəsi bu gərginlik pik nöqtəsinə çatıb. Xüsusilə də, AXCP sədri Əli Kərimlinin martın 15-də "Milli Şura"nın keçirəcəyi mitinqə gəlməyənləri tənqid etməsi bu iki partiyanın bir-birinə düşmən olan münasibətini daha da alovlandırıb. Belə ki, Əli Kərimli Müsavatı hakimiyyətə işləməkdə suçlamışdır. Ancaq Müsavatdan buna reaksiya gəlməsi münaqişə ocağını daha da alovlandırdı.
Arif Hacılı: "Milli Şura"nın qərarları ilə bizim fikirlərimiz üst-üstə düşmədiyi üçün növbəti mitinqə də qatılmaq fikrimiz yoxdur"
Müsavat partiyasının başqanı Arif Hacılı Müsavatda mitinq komitəsi yaradıldığını, partiya strukturları ilə məsləhətləşmələrin yekununda yaxınlarda keçirəcəkləri aksiyanın günü və şüarları barədə qərar qəbul edəcəklərini söyləyib. Onun sözlərinə görə, müxalifətin kütləvi aksiyaları birlikdə keçirməsinin tərəfdarıdırlar: "Ancaq "Milli Şura"nın bu məsələlərdə mövqeyi fərqlidir və onlar təkbaşına kütləvi aksiyalar keçirmək barədə qərar qəbul ediblər. Bu, onların hüququdur. Müsavat partiyasının nə "Milli Şura", nə də AXCP ilə birlik nümayiş etdirməsi olmayacaq".
Müsavat başqanı, həmçinin "Milli Şura"nın sədri Cəmil Həsənli ilə görüşəndə partiyasının aksiyaya dəstək verəcəyi barədə təklif irəli sürməsinə də münasibət bildirib: "Mən Cəmil Həsənliyə Müsavat partiyası adından öz təklifimi verdim, ancaq təklifimə bu günə kimi cavab almamışam".
A.Hacılı martın 15-də olduğu kimi, aprelin 5-də də keçirilən aksiyada iştirak etməyəcəklərini bildirib və bunun səbəbini də açıqlayıb: "Müsavat partiyasının üzvlərinə bu aksiyada iştirakla bağlı sərbəstlik verilmişdi. Ancaq açıq-aydın göründü ki, AXCP rəhbərliyi bizim bu aksiyalarda iştirakımızı arzulamır. Buna görə də, növbəti aprelin 5-də keçiriləcək mitinqdə də iştirak etməyi siyasi etikaya uyğun saymırıq".
Nə qədər ki, o mitinqə Əli Kərimli rəhbərlik edir, vay...
Müsavat məclisinin üzvü Mustafa Hacıbəyli isə deyib ki, "Milli Şura"nın mitinqi çox zəif keçdi: " Nə qədər ki, o mitinqə Əli Kərimli rəhbərlik edir, vay... Bir mitinqdə 500-600 adamın iştirak etməsi kütləvi mitinq sayıla bilməz. Təəssüf ki, "Milli Şura" bu mitinqin kütləvi olması üçün vacib olan addımı ata bilmir və bilməyəcək də". M.Hacıbəyli mitinq məsələsində "Milli Şura"nın Müsavat partiyasını qabaqlamasına münasibət bildirərək bunun prinsipial məsələ olmadığını söyləyib: "Müsavat partiyası öz partiya maraqlarından yox, demokratik düşərgənin və dövlətin maraqlarından çıxış edir".
M.Hacıbəyli qeyd edib ki, "Milli Şura"nın əvvəlki mitinqi ilə müqayisədə, martın 15-də keçirilən aksiya heç də özünü doğrultmadı və növbəti aprelin 5-də keçiriləcəyi nəzərdə tutulan mitinqin də ondan daha zəif olacağı danılmazdır: "Manatın devalvasiyası və bundan doğan iqtisadi böhran əhali tərəfindən mənfi qarşılanıb. Hazırda ictimai rəydə olan tələbatın fonunda bu mitinq gözlədiyimizdən zəif keçdi".
Niyaməddin Orduxanlı: "Bir daha sübut olundu ki, Azərbaycan xalqı hətta Əli Kərimlinin "sosial aksiya" adı ilə təyin etdiyi mitinqə dəstək vermir"
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə açıqlamasında deyib ki, bir daha sübut olundu ki, Azərbaycan xalqı hətta Əli Kərimlinin "sosial aksiya" adı ilə təyin etdiyi mitinqə dəstək vermir: "Bu adam bu mitinqi siyasi deyil, sosial aksiya kimi təqdim edirdi və bütün təbliğatını da buna yönəltmişdi. Mitinqin keçirilməsinin səbəbini keçən ayda ABŞ dollarının Azərbaycan manatı ilə müqayisədə bahalaşmasına görə elan etmişdi. Mitinqdən əvvəl də mən yerli mətbuata demişdim ki, Əli Kərimli heç bir ciddi dəstək qazanmayacaq. Bu adam istəyirdi ki, görsün əhali bu vəziyyətdə onun çağrışına dəstək verəcək, ya yox. Ancaq unudur ki, xalq Əli Kərimlini son 22 ildə çox yaxşı tanıya bilib. Xalq yaxşı bilir ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə etdiyi xəyanət hansı formada olub. Bu adam kimlərə xəyanət etməyib ki? O hər kəsi öz maraqlarına qurban verənin biridir. Özünə hörmət edən siyasətçi Əli Kərimli ilə müttəfiqlik etmir. Hətta xanım siyasətçilər də. Vaxtilə Lalə-Şövkət Hacıyeva Əli Kərimlinin etdiyi xəyanətə görə demişdi ki, "əyninə şalvar geyinən hər kişiyə kişi demirlər". Lalə xanımın bu fikirlərini mətbuatdan tapıb oxuya bilərsiniz. Digər tərəfdən, bu adam 2013- cü ildə Rusiyanın dəstəyi ilə "Milli Şura" adı ilə hakimiyyətə gəlmək istəyirdi və buna görə Rusiya prezidenti Vladimir Putini "böyük demokrat" adlandırdı. İndi isə utanmadan mitinqə Avropa İttifaqının bayrağı ilə çıxır. Bu riyakar siyasətçiyə kim dəstək verər? Baxın, araşdırın görün vətəndaşlardan neçə nəfər Əli Kərimlinin çağırışı ilə mitinqə qatılmışdı? Heç kim. Mitinqə gələnlər öz ailə üzvüləri və hakimiyyətdən qovulan Gültəkin Hacıbəyli, polislər və jurnalistlərdir. Dünən mən facebook.com sosial şəbəkəsində mitinqin yüksəklikdən çəkilən şəkilini yaymışam. Baxın, görün buna mitinq demək olar , ya yox".
Bütün bu proseslər bir daha göstərir ki, daima intriqa və qarşıdurmalarda olan hər iki partiya nə mitinq keçirməkdə, nə də birgə əməkdaşlıq formatında birlikdə ola bilməyəcəklər.
R.HÜSEYNOVA