PDF Oxu

Müxalifət

  • 15

İçərilərini yeyən paxıllıq qurdları

İçərilərini yeyən paxıllıq qurdları

Və ya I Avropa Oyunları Azərbaycanı istəməyənlərə nə verəcək?

Azərbaycanda baş tutacaq birinci Avropa Oyunlarına sayılacaq həftələr qalmaqdadır. Yaxın zamanlarda Avropanın idman nəbzi Bakıda döyünəcək. Söz yox ki, bu kimi möhtəşəm idman hadisəsinin ölkəmizdə keçirilməsi bu dövləti sevən hər bir kəsdə qürur və fərəh hissi oyatmaqla yanaşı, həm də qələbə əzmini yaradır. Çünki bütün Avropa ölkələrini üstələyərək, yarışların məhz Azərbaycanda keçirilməsi qərarı bir qələbə, bir zəfər faktorudur. Azərbaycan bununla bir daha sübut etdi ki, ölkəmizdə mövcud olan mühit hətta daha böyük beynəlxalq miqyaslı tədbirlərin keçirməsinə hazır və qadirdir.

İctimai rəy bu kimi addımlardan hiddətlənir

Lakin bütün bunlara rəğmən, Azərbaycanda müəyyən siyasi-iqtisadi maraqları olan bəzi dairələr, xüsusilə erməni lobbisi və həmin lobbinin dəyirmanına su tökən qaragüruhçu, radikal müxalifət ünsürləri hələ də öz köhnə havalarında qalmaqdadırlar. Belə ki, onlar siyasi korrupsiyaya bulaşmış bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Qərbdə fəaliyyət göstərən bəzi media qurumları ilə səs-səsə verərək, guya Azərbaycanda "siyasi məhbusların" olması, "insan haqlarının" pozulması, "söz və ifadə azadlığının olmaması" kontekstində böhtanlı çıxışlar edir, sonra da həmin böhtanlarını öz səhifələrində ictimailəşdirirlər. Düzdür, həmin ünsürlərin boş bar-bağırtıları burunlarından uzağa getməsə də, sağlam düşüncəli ictimai rəy istər-istəməz Azərbaycana qarşı çıxan bu kimi tərəflərin həmin addımlarından hiddətlənir. Necə deyərlər, milçək iyrənc deyil, könül bulandırır.

Həmin motiv Avropa Oyunlarına yönləndirilib

Bu arada AXCP-nin sədri Əli Kərimlinin bilavasitə nəzarəti ilə işıq üzü görən "Azadlıq" qəzeti bu cür məsələlərdə hər zaman canfəşanlığı ilə seçilir. Təkcə bir neçə il öncə, Bakıda keçirilən və xüsusi özəlliyi ilə seçilən "Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində Əli Kərimliyə yaxınlığı ilə seçilən siyasiləşmiş QHT-lərin, Leyla Yunusun təşkilatının, o cümlədən, bəzi Qərb media qurumlarının hansı oyunlardan çıxmalarını xatırlasaq, nə demək istədiyimizi dəyərli oxucularımız anlayar.

Hazırda isə həmin motiv Avropa Oyunlarına yönləndirilib. Məsələ ondadır ki, qərəzli beynəlxalq təşkilatların yanında I Avropa Oyunlarına qarşı çıxış edən bəzi olimpiya komitələri də var ki, onların məqsədi idman deyil, siyasi maraqların güdülməsinə gedib dayanır. Daha dəqiq desək, Hollandiya, Almaniya kimi ölkələrin olimpiya komitələrinin rəsmiləri yersiz və qərəzli şəkildə Azərbaycanda "repressiyaların olmasını" əsas gətirərək, məhz Əli Kərimlidən fərqlənməyib, könül bulandırmaqla məşğuldurlar.

Vilders müsəlmanları təhqir etmək üçün ABŞ və Avropanın irqçi partiyalarından aldığı dəvətləri qiymətləndirərək "mesajını" dünyəviləşdirməyə çalışırdı

Məsələn, Hollandiya Olimpiya Komitəsi isə Azərbaycandakı vəziyyətin (?!-R.N.) araşdırılması üçün Avropa Olimpiya Komitəsinə məktub ünvanlayıb. Bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetində qərəz və böhtanlarla dolu olan yazı dərc edən komitə rəsmisi əslində öz ölkəsində baş verən irqçilik və ksenofobiya faktlarını unudub. Əgər unudubsa, ona bir neçə xatırlatma edə bilərik. Məsələn, elə də uzağa getməyərək, 2010-cu ildə Hollandiyanın irqçi "Azadlıq" partiyasının dəstəyi ilə formalaşdırılan koalisiya hökumətinin işə başlamasını göstərə bilərik. Məhz həmin dövrdə, müsəlmanlara, eləcə də digər dinlərə mənsub olan mühacirlər ciddi narahatçılıqlar keçirməyə başladılar. Daha dəqiqi isə Hollandiyada irqçi "Azadlıq" partiyasının dəstəyi ilə formalaşdırılan koalisiya hökuməti ölkədəki mühacirləri təşvişə salmışdı. Təşvişə düşməyə isə səbəblər var idi. Proqramını mühacirət və İslam əleyhdarlığı üzərində qurmaqda ittiham olunan koalisiya hökuməti artıq bir müddət sonra öz çirkin əməllərini reallaşdırmağa başladı. Bunu isə biz deyil, məhz Hollandiya Din Fondu təsdiq etmişdi. Adıçəkilən irqçi siyasi təşkilat koalisiyaya qoşular-qoşulmaz bu ölkədə məscidlərə, sinaqoqlara qarşı silahlı hücumların sayının artmağa başladı. Yəni Hollandiyada buna qədər də həmin hadisələr baş verirdi. Hətta Hollandiyanın ana müxalifət partiyası həmin dövrlərdə Hollandiyanın irqçi hökumətindən bu cür hücumlara zəmin yaradacaq siyasət yürütməməsini tələb etmişdi.

Ancaq bu da son deyildi. Məsələn, həmin zamanlarda Hollandiyada səhiyyə nazirinin köməkçisi seçilən Marlies Van Zantenin həm Hollandiya, həm də İsveç vətəndaşı olması və irqçi lider Gert Vildersin buna şərait yaratması vəziyyətin daha da gərginləşmsinə səbəb olmuşdu. Hansı ki, Hollandiya bütün dünyada ən azad ölkələrdən biri kimi tanınırdı. Lakin bu ölkədə daha bir neçə il öncə baş vermiş iki siyasi cinayət ölkənin onurğasına zərbə vurdu. 2002-ci ildə heyvan haqları müdafiəçisi tərəfindən öldürülən Pim Fortuyn ilə 2004-cü ildə Mərakeş əsilli hollandiyalı tərəfindən qətlə yetirilən Teo Van Qoq cinayətləri, bir anda dünyanın irqçi ölkələrindən birini qarşımıza çıxardı. İki cinayət bir ölkəni dəyişdirmişdi. Fortuynun bundan dərhal sonra yazdığı "Fitnə" kitabıyla məşhurlaşan Girt Vilders, həmin ana qədər islama ən ağır təhqirlərə yol verən avropalı siyasətçi oldu. Türkiyənin Aİ-yə üzvlük məsələsində partiyası ilə ortaq fikrə gələ bilmədiyinə görə 2004-cü ildə Liberal partiyadan çıxan Vilders, "Azadlıq" partiyasını yaratdı. 2006-cı ildə iştirak etdiyi ilk seçkilərdə 150 nəfərlik Hollandiya məclisində 9 yer əldə edən Vilders, həm öz ölkəsində həm də Avropada siyasət yürüdən sağ və irqçi partiyalara böyük təsir etməyə başladı. Müsəlmanları, eləcə də digər irqi mənsubların təhqir etməyin Avropa siyasətinin mühüm cəhətlərindən birinə çevrilməsinə Vilders səbəb oldu. "İslama zidd münasibətin dünyəvi elçisi" olan Vilders, müsəlmanları təhqir etmək üçün ABŞ və Avropanın müxtəlif irqçi partiyalarından aldığı dəvətləri qiymətləndirərək "mesajını" dünyəviləşdirməyə çalışırdı. Məgər bu faktların özü deməyə əsas vermirmi ki, əslində, Hollandiyanın Olimpiya Komitəsinin rəsmiləri ölkəmiz haqqında qeyri-ciddi ittihamlar səsləndirərkən, dönüb öz yaxın tarixlərinə baxsaydılar, daha yaxşı olardı?!

Məgər bütün bunlar Qərbin iç üzünü kifayət qədər ifşa etmirmi?

Eləcə də Almaniyanın Olimpiya Konfederasiyası bəzi qərəzli beynəlxalq təşkilatların Azərbaycan haqqında yaydığı "hesabatlara" söykənərək, sərsəm bəyanatlar səsləndirməsi heç bir demokratik və sivil çərçivəyə sığmır. Əgər belədirsə, onda Almaniyanın bu kimi siyasi fərdlərinə də bəzi xatırlatmaları edə bilərik. Məsələn, əvvəl "Mən türklərin də baş naziriyəm" çıxışı ilə uyğun siyasətlərin memarı kimi mənsub olduğu "SDU"-nu (Sosial Demokratlar) şəhərli və müasir partiyaya çevirməyə çalışan Angela Merkel birdən-birə "Almaniyada çoxmədəniyyətliliyə yer yoxdur" deməyə başladı. Sonradan "Sihofer" bir qədər sərt şəkildə Almaniyanın ayrı-ayrı mədəniyyətlərdən mühacir qəbul etməyəcəyini bildirdi. "Sihofer" ayrı-ayrı mədəniyyətlər dedikdə, şübhəsiz ki, türk və ərəb mədəniyyətlərini nəzərdə tuturdu. Digər tərəfdən, Almaniyada islam və türkçülüyə qarşı ifadələrin qəbul edilməsində mətbuatın ayrı yeri olduğunu da danmaq olmaz. Belə ki, "Springer" qrupuna bağlı olan "Bild" və "Die Velt" ilə muhafazakar "Frankfurter Allgemeine Zeitung", türklər və islama qarşı münasibətin asanlıqla yer aldığı nəşrlərdir. Buna əlavə olaraq həftəlık "Fokus" jurnalı ilə xüsusən Almaniyanın birinci kanalı ARD-də yayımlanan proqramlar cəmiyyətdəki islama zidd münasibətin daha rahat ifadə edilməsinə şərait yaradır. Mərkəzi mətbuat ilə "SDU" və "SPD" kimi kütləvi partiyalar hələlik cəmiyyətin hər təbəqəsində az və ya çox tanınan islama zidd münasibəti səhifələrində əks etdirərək və ya siyasi ifadəyə çevirərək yeni bir partiyanın uğurunun qarşısını almaq istəyirlər.

Məgər bütün bunlar Qərbin iç üzünü kifayət qədər ifşa etmirmi? Nəyə görə, Azərbaycanı hədəfə alan və erməni lobbisinin pul-parası ilə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, həmin təşkilatlara yalmanaraq, artıq-urtuq sür-sümüklərlə qidalanıb, öz ölkəsinə qarşı çıxan radikal müxalifət, xüsusilə, AXCP sədri Əli Kərimli və onun "Azadlıq" qəzeti dövlətçiliyimizə qarşı bu qədər qənim kəsiliblər? Bu sualın cavabı isə birdir - "qurdluluq". Belələrini qıcıqlandıran, içəridən yeyən məhz paxıllıq, qısqanclıq və digər bu kimi siniflərə aid olan qurdlar yeyir. Nəticədə daha da azğınlaşan həmin tərəflər məhz daxillərində olan qurdlar vasitəsilə biritb-yükənməyə məhkum olacaqlar. Artıq bunun işartıları da görünməkdədir. Bakıda I Avropa Oyunları öz möhtəşəmlıiyi və tarixi ilə dünyaya öz sözünü dedikdən sonra biz hamımız həmin ünsürlərin necə yeyilib-tükənəcəklərinin şahidlərinə çevriləcəyik.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər