PDF Oxu

Müxalifət

  • 18

Arif Hacılının "rifahını" pozan Qubad İbadoğlu amili

Arif Hacılının "rifahını" pozan Qubad İbadoğlu amili

Yaxud Müsavatı hərəkətsiz qoyan hərəkat faktoru

Müsavat partiyasında cərəyan edən məlum son proseslər yetərincə sübut edir ki, istər partiya daxilindəki narazı qruplar, istərsə də oradan uzaqlaşdırılan sabiq müsavatçılar təşkilatın fəaliyyətinə bu və ya digər formada ağır zərbələr vurublar. İlk növbədə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) yaradılması və ən əsası, oraya kifayət qədər siyasi mühiti anlayanların toplaşması Müsavat rəhbərliyinin vəziyyətini demək olar ki, dalana dirəyib. Artıq belə demək mümkündür ki, Qubad İbadoğlu amili Arif Hacılının "rifahını" yaratdığı hərəkat faktoru ilə məhv etmək gücünü əldə edib. Əslində, bütün bunlar isə gözlənilən idi.

Müsavat rəhbərliyi ADR-in onlara nə qədər zərər vurmasının fərqinə varıb

Məsələn, hələ bir müddət öncə partiyanın məclis sədri Nüşabə Sadıqlının səsləndirdiyi fikir də belə qənaətə gəlməyə zəmin yaradır ki, A.Hacılı və onun başqanlığını dəstəkləyən müsavatçılar ADR-in onlara nə qədər zərər vurmasının fərqinə varıblar. Belə ki, N.Sadıqlının partiya üzvlərinə "ya ADR, ya da Müsavat" çağırışı etməsi onların əndişəsinin nə qədər çox olduğunun göstəricisidir.

Daha bir məqam isə budur ki, ADR-in Müsavata qarşı alternativ hərəkat kimi fəaliyyət göstərməsi iddialarına cavab olaraq, Q.İbadoğlunun yaxın tərəfdaşlarından biri, hərəkatın sədr müavini V.Əyyubun maraqlı ifadəsi ilə yadda qalıb. O bildirib ki, əgər müsavatçılar bu qədər narahatdırlarsa, eyni zamanda ADR-in Müsavata qarşı alternativ hərəkat olduğunu düşünürlərsə, bundan nigaran qalmasınlar: "Məncə, N.Sadıqlının bu yanaşması, sadəcə, irad bildirmək xatirinədir"

Göründüyü kimi, artıq ADR hərəkatının rəhbərliyi də aydın şəkildə görürlər ki, Müsavat rəhbərliyi onların fəaliyyətlərindən, qısa zamanda müxalifətdaxili düşərgədə nüfuz qazanmalarından çəkinir.

Səyləri heç bir effekt vermir

Buna sübut kimi, daha bir nüans. Belə ki, Müsavat başqanı A.Hacılının müavini Elman Fəttah sosial şəbəkədə müsavatçılara məxsus qapalı qrupda hələ ki, partiyanın qadınlar birliyinin sədri vəzifəsində qalan Qubad İbadoğlu tərəfdarı Ellada Məmmədliyə status yazıb. Sitat: "Anti-Müsavat fəaliyyətinə görə xəbərdarlıq almış Ellada Məmmədli bundan nəticə çıxarmayıb. Rifah deyilən təşkilatın rəhbərliyində olan şəxslər Müsavat üzvü qalmayacaqlar. Özünə hörmət edənləri istefa verəcək, digərlərinin isə müvafiq strukturlar partiyadan xaric olunmaları məsələsinə baxacaq".

Məhz bu ifadələrdən də görünür ki, ADR-in fəaliyyətinə qarşı baryerlər qurmağa cəhd edən Müsavat rəhbərliyi əllərində olan bütün imkan və vasitələrdən istifadə etməklə, ayaqda qalmağa səy göstərir. Ancaq həmin səyləri heç bir effekt vermir. Buna daha bir misal kimi vaxtilə sabiq başqan İsa Qəmbərin müşaviri olmuş Hüseyn Məlikin bəyanatını göstərmək olar. O, daha da kəskin fikir bildirərək, ADR-in Müsavata qarşı hücum taktikası yürütdüyünü sübut edib. "Hesab edirəm ki, belə seçim olarsa, Müsavat partiyasında 3-5 müsavatçı qalar. Hamı ADR-i seçər. Nə vaxtsa belə bir zərurət yaransa, Nüşabə xanım bunun şahidi olacaq"-deyə qeyd edən Hüseyn Məlik bununla eyham vurub ki, yaxın zamanlarda Müsavatdan ADR-ə növbəti axın baş verəcək.

Son zərbə hələ ki, vurulmayıb

Belə bir qarşıdurma mühitində Müsavatla ADR arasında cərəyan edən daha bir faktor bu il keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Artıq bəllidir ki, ADR hərəkatının rəhbərliyində təmsil olunan 2 şəxs parlament seçkilərinə namizəd olacaq. Müsavat qadınlar birliyinin sədri, ADR hərəkatının sədr müavini Ellada Məmmədlinin deputatlığa namizədliyinin 35 saylı Xətai Seçki Dairəsindən irəli sürülməsi haqqında qərar qəbul edilib. Namizədliyin təsdiqlənməsi üçün partiya rəhbərliyinə müraciət olunub.

ADR sədri Qubad İbadoğlunun digər müavini Vurğun Əyyubun da millət vəkilliyinə namizədliyi irəli sürülüb. Müsavat partiyası Suraxanı rayon təşkilatının şura toplantısında belə bir qərar verilib. Onun namizədliyini 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən irəli sürüləcək. Lakin Müsavat rəhbərliyi nə onun, nə də Ellada Məmmədlinin namizədliyini qəbul etməyib və edəcəyi, ümumiyyətlə, inandırıcı görünmür.

Beləliklə, məsələ kifayət qədər aydındır. Aydın olan isə budur ki, qarşıda hər iki təşiklatı daha kəskin qarşıdurmalar gözləyir. Hansının digərinin üzərində qalib olacağını isə müəyyən etmək, yaxud da proqnozlaşdırmaq hələ ki, mümkün deyil. Çünki son zərbə hələ ki, vurulmayıb. Bu zaman parlament seçkilərini gözləməyə dəyər.

Afət TAHİRQIZI

Digər xəbərlər