Mitinq keçirmək yarışı və ya "görək kim-kimi yordu" havası
"Milli Şura" 15 mart rüsvayçı mitinqindən ibrət dərsi almayaraq yenidən 5 aprel mitinq keçirmək qərarına gəlməsi doğurdan da həmin qurumda təmsil olunanların həyasızlığının yüksək dərəcədə olduğunun göstəricisidir. Yenə də eyni adamlar, şüarlar. Bu mitinqdə də "siyasi məhbus" məsələsi ətrafında maxinasiyalar edərək, xarici təşkilatlar qarşısında xal qazanmağa çalışan ənənəvi müxalifət təşkilatları növbəti qrant həvəsindən yan keçə bilmədiklərini açıq şəkildə sərgiləməkdədirlər.
20 ildən artıq bir müddətdir ki, yüzlərlə mitinqlər keçirib qara-qışqırıq salmaqla onlar heç bir siyasi üstünlük qazana bilməyiblər
Beləliklə, indi də mitinq keçirmək üzrə bəhsə-bəhsə girən "Milli Şura"-AXCP necə deyərlər, folklorumuzda olan bir məqamı daha çox xatırlatmış olur. "Ha hoydu, hoydu, hoydu, görək kim-kimi yordu" folkloru üzrə püxtələşməyə çalışan ənənəvi müxalifət təmsilçiləri əslində, bu durumları ilə özlərini daha rüsvay və biabır etməkdədirlər. Və əslində bu cür bəhsə-bəhsləri ilə özlərini xalqa güldürən, istehza hədəfinə tuş gətirən müxalifət təmsilçiləri də yaxşı anlayırlar ki, artıq mitinq keçirmək, orada boşboğazlıq edərək, qışqır-bağır salmaqla heç nəyə nail ola bilməyəcəklər. Çünki 20 ildən artıq bir müddətdir ki, yüzlərlə mitinqlər keçirib qara-qışqırıq salmaqla onlar heç bir siyasi üstünlük qazana bilməyiblər. Sadəcə, bir olaydan başqa. Belə mitinqlərlə ənənəvi müxalifət "liderləri" uzağı sədrlik postlarını qoruyub-saxlamağa müyəssər olublar. Buna isə siyasi uğur, yaxud da digər bu kimi adla yanaşmaq heç də doğru deyil. Daha dəqiq desək, bu müxalifətin özü doğru yolda olmadığı üçün doğru müxalifət deyil. Mitinq bəhsə-bəhsi isə sadəcə sirk tamaşasıdır, başqa heç nə...
AXCP sədri 5 apreldə də biznes adamlarından heç nə əldə edə bilmədi
Maraqlı məqamlardan biri də odur ki, "Milli Şura"nın əsas təsisçilərindən olan AXCP sədri Əli Kərimli martın 15-də sahibkarlara etdiyi müraciəti aprelin 5-də keçirdiyi mitinqdə də boşa getdi. Doğrudur, Ə.Kərimli var gücü ilə çox qışqırdı ki, sahibkarlar onlara dəstək versin. Ancaq özü dedi, özü və həmişə yanında olan 3-4 nəfər eşitdi. Əli Kərimli bu yolla cəmiyyətdə çaşqınlıq yaratmaq istədi ki, guya artıq iş adamları və sahibkarlar da onların yanındadır. Ancaq istəyi gözündə qaldı, hansısa biznesmeni özünə tərəf cəlb edib ondan qazanc əldə edə bilmədi.
Siyavuş Novruzov: "Milli Şura" adlanan ölü bir qurum özünün mövcud olmasını göstərmək üçün belə addımlar atır"
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov "Milli Şura"nın aprelin 5-də keçirilən mitinqinə münasibət bildirərkən deyib ki, "Milli Şura" mitinq yox, piket keçirirdi: "Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar. Aprelin 5-də də AXCP sədri Əli Kərimlinin planlaşdırdığı 100 minlik yalanı üzə çıxdı. Bundan öncə keçirdiyi mitinqdə yalnız 600-700 nəfər iştirak edib, biabırçı şəkildə keçirilən bu mitinqi də bütün ictimaiyyət izlədi. 100-200 minlik insan o şəxsin arxasınca gedir ki, o, Vətəninə, xalqına, millətinə və dövlətinə xidmət edən insan olsun. Əli Kərimli, bəlli olduğu kimi, xaricdən bəzi qüvvələr tərəfindən maliyyələşdirilir. Onun keçirdiyi mitinqlər ancaq təxribat xarakteri daşıyır və iğtişaş törətməyə yönəlib".
Onun fikrincə, bu mitinqin heç bir əsası yoxdur: "Çünki manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar bunun zəruri tərəflərinin nədən irəli gəlməsi, xeyirli tərəflərinin nədən ibarət olması ilə əlaqədar cəmiyyətə kifayət qədər informasiya verildi. "Milli Şura" adlanan ölü bir qurum özünün mövcud olmasını göstərmək üçün belə addımlar atır. Deyirlər ki, tikilən stadiona və yaxud da yolların, müxtəlif ərazilərin abadlaşdırılması üçün bu qədər xərc çəkilib. Təbii ki, bu işlərdə minlərlə azərbaycanlı çalışıb, evlərinə çörək aparıblar, ölkəmiz abadlaşıb. Bu pullar havayı yerə xərclənməyib ki".
S.Novruzov əlavə edib ki, "Milli Şura"nın nə ekspertləri, nə iqtisadçıları var: "O qədər bisavad, əsassız bəhanələr gətirirlər ki. Təbii ki, bunların da sifarişləri xaricdən gəlir, daxili məsələ deyil. Çünki daxildə ictimaiyyət bunların hamısını başa düşür, ictimaiyyətin bu məsələlərə reaksiyası bəllidir və o mitinqə də heç kim gəlməyəcək".
S. Novruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: "Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur".
Hafiz Hacıyev: "Əli Kərimli illərdir ki, xarici qüvvələrdən pul alaraq, milli maraqlarımıza zidd fəaliyyət aparan xəyanətkardır"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, "Milli Şura", daha dəqiq desək, AXCP sədri Əli Kərimli özünə gəlir yeri axtarır. Onun sözlərinə görə, onun 5 aprel mitinqi ilə bağlı sahibkarlara müraciətinin arxasında da bu niyyət dayanır: "Bu adam üçün hər şeydən üstün puldur. O, bu uğurda liderini satmış bir adamdır. İllərdir ki, xarici qüvvələrdən pul alaraq, milli maraqlarımıza zidd fəaliyyət aparıb. Çox mənfur bir plan üzərində hazırlıq gedir. Mən bununla bağlı bir neçə ay öncədən məlumat vermişdim. Bir daha gördum ki, radikalların daxilinə saldığım adamlara qoyduğum sərmayə havayı deyil. İndi də Avropadan sifariş alıblar ki, ölkədə aranı qarışdırsınlar. Bundan sonra daha detallı məlumatlar əldə etməyə çalışacam. İndi məşqlərə başlayıblar. Adını da "talana son" qoyublar. Bahalaşma olmasa da, bunlar başqa bir məsələni əllərində bayraq edib, ölkədə qarşıdurmaya gedəcəkdilər. Əli Kərimli sahibkarlara müraciət edir ki, mitinqə çıxın. Sən elə bir xəyanətkar adamsan ki, kim sənin yanında dayanmaq istəyər? Bu yolla çalışır ki, kimlərdənsə, nəsə qoparsın".
Məlahət İbrahimqızı: "Müxalifət gülünc vəziyyətə düşüb"
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı müxalifətin sonuncu mitinqdə gülünc vəziyyətə düşdükdən sonra yenidən mitinq keçirmək istəyində olmamasını bildirib: "Ancaq nə faydası, gərək bunu düşünməyə qadir baş ola, o da onlarda yoxdur. Pafosla danışmaq lazım deyil. Onların heç bir sosial bazaları yoxdur".
Millət vəkili "Milli Şura"nın aprelin 5-nə təyin etdiyi aksiyanın heç bir əhəmiyyətə malik olmadığını da vurğulayıb: ""Milli Şura" Azərbaycandakı sabitliyə kölgə salmaq istəyir. Aprelin 5-nə təyin etdikləri mitinq daha da pis oldu, yenə gülünc vəziyyətə düşdülər, niyyətləri isə ürəklərində qaldı. Bundan sonra da nə qədər çalışsalar da Azərbaycanın nüfuzuna kölgə salmaq cəhdləri baş tutmayacaq. Bu gün dünyada elə bir dövlət yoxdur ki, orada Azərbaycandakı qədər sürətli inkişaf getsin. Bunun fonunda ölkəmizdəki sabitliyi pozmaq istəyənlər xarici qüvvələrə xidmət edirlər. Çünki Azərbaycan yaşamaq üçün ən əlverişli, sabit, təhlükəsiz bir ölkədir".
Millət vəkili AXCP sədri Əli Kərimlinin mitinqdəki çıxışlarına da münasibət bildirib: "Süni qiymət artımı və inflyasiya dünyanın bütün ölkələrində var. Bütün dünya qiymət artımından ot tutub yanır. Avropa və Amerikada da qiymət artımları var. Azərbaycan kosmosda yerləşmir ki, burada qiymət artımı olmasın. Bu, onların gülünc bir bəhanələridir. Devalvasiya da dünyanın bütün ölkələrində var. Onların qaragüruhçu çığırtıları da göstərir ki, Azərbaycanda nə dərəcədə söz azadlığı və demokratiya var. Hər dəfə mitinq keçirmək iddiası onları bir daha biabır edir. Çünki Azərbaycan xalqı müxalifətə inanmır və onları dəstəkləmir".
Beləliklə, böyük iddialarla çıxış edib mitinqdə 100 min nəfərin iştirak edəcəyindən dəm vuran "Milli Şura"nın mitinqdə 600-700 nəfərin iştirakı sübut etdi ki, müxalifətin heç bir sosial bazası və elektoratı yoxdur. Mitinq göstərdi ki, "Milli Şura"da ailə müxalifəti təmsil olunur. Mitinq dağıdıcı müxalifətin təbliğ etdiyi "müxalifətin birliyi" ideyasının sabun köpüyü olduğunu açıq nümayiş etdirdi. Partiyalar, onların rəhbərləri və funksionerləri arasında ciddi ziddiyyətlərin və fikir ayrılığı tam çılpaqlığı ilə diqqəti çəkdi. Bir daha təsdiq edildi ki, xalq dağıdıcı müxalifəti dəstəkləmir, onun iddialarına, şüarlarına biganədir. Azərbaycan xalqı "Milli Şura"nı mövcud iqtidara alternativ hesab etmir, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kursu dəstəkləyir və ona sadiqliyini nümayiş etdirir.
Rəfiqə HÜSEYNOVA