Amma başa düşmək lazımdır ki, sıravi müxalifətçilər belə mənasız aksiyalara qoşulmaq istəmir
"Milli Şura"nın aprelin 5-də növbəti mitinqinin də biabırçılıqla başa çatdığını görən Müsavat partiyası küçə yürüşü keçirməyi qərara aldı. Təəccüblü də deyil. Çünki mitinqə gələnlərə 10-15 manat pul verdikləri halda, küçə yürüşündə küçədən keçənləri cərgələrinə qoşulmağa cəhd edəcəklər. Görünür, məhz buna görə də haqlı olaraq cəmiyyət onlara küçə müxalifəti adı verib. Bunun başqa bir anlamı da meydan dövrünün qalığı olan müxalifətin meydan təfəkküründən qurtulmadığının göstəricisidir. Yəni elm və texnika inkaişaf edir, yeni , müasir dünya qurulur, müxalifət isə hələ də köhnə təfəkküründən, dayaz düşüşncəsindən əl çəkmir. Yenə də meydan dövründə olduğu kimi, mitinqlərə, küçə yürüşlərinə siyasi mübarizə yolu kimi baxır. Müsavatın, AXCP-nin və digər tör-töküntüdən ibarət olan partiyaların aksiyalara daha çox önəm vermələri deyilənlərə sübut sayılır.
Görün, Əli Kərimli və onun ətrafındakılar nə günə qalıb ki, sıravi müxalifətçilər belə Bakı meriyası ilə razılaşdırılmış mitinqə belə gəlmək istəmirlər. Niyə? Ona görə ki, artıq sıravi müxalifətçilərin böyük əksəriyyəti AXCP-nin özünə və onun sədrinə, "Milli Şura" deyilən ölü quruma, həmçinin digər radikal müxalifət partiyalarına zərrə qədər də olsun inanmır.
Bu arada, onu da əlavə etmək lazımdır ki, ölünü diriltmək mümkün olmadığı kimi, insanların ənənəvi müxalifət düşərgəsinə olan inam və etibarını geri qaytarmaq da mümkünsüzdür. Amma başa düşmək lazımdır ki, sıravi müxalifətçilər belə mənasız aksiyalara qoşulmaq istəmirlər. Camaatı yalvar-yaxarla, xahiş-minnətlə mitinqə çıxarmaq olmaz.
Uğursuz aksiyalar daha çox qrant almağa hesablanıb
Azərbaycan cəmiyyəti dağıdıcı müxalifətə etimad göstərmir. Heç bir sosial dəstəyə malik olmayan dağıdıcı ünsürlər xalqdan dəstək ala bilmədiklərinə görə "mitinq" və "aksiya" kimi siyasi şoulara istinad edərək cəmiyyəti manipulyasiyaya məruz qoymağa çalışırlar. Qondarma "Milli Şura"nın mitinqin uğursuzluğundan sonra Müsavatın aprelin 19-da küçə yürüşü keçirməsi təəccüb doğurmur. Çünki bu ünsürlər anti-Azərbaycan dairələrin tapşırıqları əsasında hərəkət edirlər və məqsəd aldıqları qrantlar müqabilində Azərbaycanda qeyri-sabitlik yaratmaq, xaos mühiti formalaşdırmaqdır. Hətta əsas məqam budur ki, radikal müxalifət bu prosesdə ermənipərəst qüvvələrlə sinxron hərəkət edir. "Milli Şura" çətiri altında birləşən radikal ünsürlər Azərbaycan dövlətinə qarşı "qara piar" kampaniyası aparır, həyata keçirilən daxili və xarici siyasət sayəsində əldə edilən nailiyyətlərə kölgə salmağa çalışırlar. Amma reallıqlar və faktlar göstərir ki, bütün bu cəhdlər uğursuzdur və iflasa məhkumdur. Bu qondarma qurumun çətiri altında birləşən "siyasətçi"lərin mövqe və davranışları uğursuz olmaqla yanaşı, həm də cəmiyyətdə ikrah doğurur. Məsələn, vaxtilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasəti təqdir edən Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi şəxslərin mütəmai olaraq, eləcə də mitinq şousu çərçivəsində böhtan və manipulyasiya xarakterli fikirlər səsləndirmələri bunun bariz nümunəsidir. Bütün bu sadalananların nəticəsi kimi, Müsavat partiyasının da keçirəcəyi küçə yürüşü iflasa düçar olacaq. Bu bir həqiqətdlir ki, ermənipərəst dairələrdən aldıqları pulları "əritməklə" məşğul olan "beşinci kolon" Azərbaycanda siyasi sabitliyin pozulması üçün bütün "gücünü" ortaya qoymağa çalışsa da, onların arzuları hər zaman arzu olaraq qalır. Çünki xalq-hakimiyyət birliyinin önündə bütün çirkin niyyətlər, bütün antimilli cəhdlər fiaskoya məhkumdur...
Ü.ƏSGƏROV