Radikallarla "Azadlıq-2015" seçki bloku ilə qarşılıqlı ittihamlara start verdilər
"Azadlıq-2015" seçki blokunun keçirdiyi dəyirmi masa müxalifət düşərgəsindəki vəziyyəti daha da gərginləşdirib. Daha açıq şəkildə desək, bu AXCP və Müsavatla "Azadlıq-2015" seçki bloku arasında daha böyük uçurumlar yaradıb. Yəni müxalifətin seçki ərəfəsində belə vahid mərkəzdə birləşmək ehtimalını sıfıra endirib.Əslində dəyirmi masada politoloq Ərəstun Oruclunun müxalifət partiyaları, onların fəaliyyəytləri və gələcəkdə iddiasında olduqları məsələlər haqqında söylədiyi fikirlər özündə böyük həqiqəti əks etdirirdi: "Açığı deyim ki, mən müxalifətin indiki durumundan çox pessimistəm. Yaxşı heç nə gözləmirəm. İndi seçki ili olduğunua görə burdayıq. Bir az sonra yenə də qarşılıqlı ittihamlar başlayacaq. Mənim sözlərimdən heç kim inciməsin. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, milllət vəkili Sabir Rüstəmxanlının üzünü müxalifət partiya sədlərinə tutaraq "qardaşlar, nə vaxta kimi bir-birinizi qıracaqsınız, bəs deyil?" deməsi onların tənəli baxışlarına səbəb oldu. "Azadlıq-2015" seçki blokunun keçirdiyi dəyirmi masada bir sıra müxalifət partiyalarının iştirak etməməsi söz-söhbətə səbəb olub. Bundan başqa dəyirmi masada Azərbaycan Xalq Cəbhəsi (AXP) sədri Pənah Hüseynin tədbirə gəlməyən partiya sədrlərini "mövzu ilə bağlı yəqin deyiləsi fikirləri yoxdur" deyərək qınaması əks tərəfin ciddi reaksiyasına səbəb olub. Müsavat başqanının müavini Gülağa Aslanlı partiya rəhbərliyinin dəyirmi masada iştirak etməməsinə bir cümlə ilə münasibət bildirib: "İsa Qəmbər və Arif Hacılı hər kəsin iştirak etdiyi tədbirdə otura bilməz". G.Aslanlının bu açıqlamasında "hər kəs..." deyəndə kimləri nəzərdə tutduğu aydındır. "Ümid" partiyasının sədri, millət vəkili İqbal Ağazadə "Azadlıq-2015" seçki blokunun tədbirində iştirak etməməsinə görə, onu qınayanların haqlı olmadıqlarını bildirib: "Müzakirəyə çıxarılmış mövzu ilə bağlı deyiləcək sözümüz var. Amma onu da qeyd edim ki, hörmətli Pənah bəyə bizim sözümüzdən daha çox eşitmək istədiyi başqa sözlər var. Onlarla danışsın ki, növbəti tədbirlərində onlar gəlsin. Orada çıxışında Pənah bəy qeyd edib ki, bu gün İsa Qəmbərin, Arif Hacılının, Əli Kərimlinin fikirlərini dinləməyə daha çox ehtiyac var. Ona görə də hər halda bizim orada olub-olmamağımız heç nəyi dəyişmirdi. Pənah bəyə onların fikirləri maraqlıdır, onları eşidər gələn tədbirlərində. Çalışsın ki, onlar iştirak etsin".P.Hüseynin fikirlərinə ən sərt reaksiyanı isə AXCP rəhbərliyi və bu partiyanın nəzarətində olan mediya qurumları verdi. AXCP rəhbərliyinin xüsusi tapşırıqları əsasında "Azadlıq" qəzetinin köşə yazarları P.Hüseynin fikirlərini lağa qoyaraq ümumilikdə, "Azadlıq-2015" seçki blokunu "satqın" müxalifət, "cib müxalifəti", "deputat olmaq istəyən partiya sədrləri" adlandırıb. Qənimət Zahid "Azərbaycan" saatında P.Hüseynin, M,Mirəlioğlunun, ümumilikdə isə, "Azadlıq-2015" seçki blokunun ünvanına səsləndirdiyi fikirlər bir daha sübut elədi ki, bu bloka qarşı edilən hücumlar məhz birbaşa Əli Kərimlinin, İsa Qəmbərin diqtəci ilə həyata keçirilir. İlk dəfədir ki, Müsavat və AXCP-nin hər hansı bir məsələdə fikirləri üst-üstə düşür."Azadlıq-2015" seçki blokuna daxil olan adını çəkmək istəmədiyimiz partiya qəzetimizə söhbətində bildirdi ki, AXCP və onların ünvanına etdiyi hücumları xüsusi həssaslıqla izləyirlər və yaxın günlərdə hər hansı bir formada bu partiyalar öz cavablarını alacaqlar. Partiya sədri onu da bildirdi ki, əslində əvvəlki illərdə olduğu kimi AXCP və Müsavat bu ilki seçkilərdə də parlamentdə bir yer qazanmaq gücünə belə malik deyil: "Onların içindən bir nəfər belə deputatlıq mandatına layiq deyil. Özləri bunu yaxşı başa düşürlər. Bu il də belə olacaq. Onlar bilirlər ki, bizim blok bu ilki seçkilərdə bir yerdə olsa, nəsə əldə edə bilər. Çünki biz fəaliyyətimizi radikalizm üzərində quararaq xalqdan tamamilə ayrı düşməmişik".
Samir