PDF Oxu

Müxalifət

  • 18

Müsavatın Suraxanı rayon təşkilatı ADR-ə keçir

Müsavatın Suraxanı rayon təşkilatı ADR-ə keçir

Qubad İbadoğlu amili Arif Hacılı-İsa Qəmbər cütlüyünə qalib gəlir

Müsavat partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) arasında, eləcə də partiyada təmsil olunan etirazçı müsavatçılar arasında qalmaqal daha da böyüyüb. Belə ki, buna səbəb təşkilatın məclis toplantısında Vurğun Əyyubun sabiq başqan İsa Qəmbərin təklifi ilə səsə qoyulmadan qurumdan çıxarılması, eləcə də partiyanın Suraxanı rayon təşkilatının qarşıdan gələn parlament seçkilərində onun namizədliyi irəli sürülməsidir.

Etirazlar davam edir

Məsələ ondadır ki, Müsavat rəhbərliyi və rəhbərliyi dəstəkləyən tərəf rayon təşkilatının həmin qərarını qeyri-legitim hesab edərək, növbəti qərar alıb. Qərara görə, Müsavat MNTK-nın Suraxanı təşkilatının şura üzvlərinin şikayəti əsasında martın 27-də keçirilmiş şura iclasının qərarları ləğv edilib. Eyni zamanda, MNTK Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirliyə dəvət göndərsə də o, məclisin iclasına qatılmaqdan imtina edib. Bu amil də belə deməyə əsas verir ki, artıq hər iki tərəfin oxları yayından çıxıb və hansının ilk olaraq hədəfə dəyəcəyi yaxın zamanda bəlli olacaq. Onu da xatırladaq ki, Müsavat partiyasının Suraxanı rayon təşkilatı martın 27-də şura iclasının ləğvi barədə MNTK-nın qərarına etiraz edib və sona qədər mübarizə aparacağını bəyan edib. Rayon təşkilatının sədri Rövşən Dəmirli və onun ətrafında olan 15 nəfər bəyan edib ki, şura iclasında iştirak etməyən 4 nəfərin şikayəti əsasında təşkilatın qəbul etdiyi qərarların ləğv edilməsinə etiraz edirlər.

Digər rayon təşkilatları da eyni qərarı verəcəklər

Məhz bütün bu kimi baş verən partiyadaxili ziddiyətlərin müqabilində Müsavatın Suraxanı rayon təşkilatının çox yaxın bir vaxtda təşkilat sıralarını tərk etməklə, ADR sıralarına qəbul olunacaqlarını gözləmək olar. Hətta belə qənaətə gəlmək mümkündür ki, Suraxanı rayon təşkilatı ilə yanaşı, digər bir neçə rayon təşkilatı da buna bənzər qərar verərək, Arif Hacılı-İsa Qəmbər cütlüyünə qarşı sərt etirazlarını bildirəcəklər.

Lakin daha bir maraqlı məqam Qubad İbadoğlunun Azərbaycanda olmamasına rəğmən, ADR-i həmin proseslərdə idarə etməsidir. Çünki o yaxşı bilir ki, ABŞ-da səfərdə olsa da yaxın ətrafı, xüsusilə Vurğun Əyyub, Hüseyn Məlik, Ellada Məmmədli və s. kimi nüfuza malik sabiq müsavatçılar onun planlarını reallaşdırmaq gücündədirlər. Buna görə də əminliklə demək olar ki, Qubad İbadoğlu amili Arif Hacılı-İsa Qəmbər cütlüyünə qalib gəlir. Belə bir məqamın yetişməsi isə parlament seçkiləri öncəsi Müsavat partiyasının rəhbərliyinə heç də yaxşı gələcək vəd etmir.

İsa Qəmbərin öz partiyasına qarşı oynadığı oyun çərçivədən çıxıb

Çünki fakt budur ki, artıq bu partiya açıq şəkildə ikiyə parçalanmış vəziyyətdədir. Parçalanmanın əsas baiskarı isə sabiq başqan İsa Qəmbərdir. O, qurultay amilindən məharətlə istifadə edərək, vaxtilə digər müxalifət partiyalarına qarşı tədbiq etdiyi "paçlala və hömk sür" vasitəsini bu dəfə təmsil olunduğu partiyaya qarşı yönəldib. Daha dəqiqi, bununla demək istəyib ki, onun başqanlıqdan getməsi, hətta özünə ən yaxın bildiyi adamının - Arif Hacılının başqanlıq postuna oturması belə, təşkilatı parçalanmadan xilas edə bilmədi. Ona görə də növbədənkənar qurultayın keçirilməsi iddialarının ortaya atılması əslində İsa Qəmbərə sərf edən məsələdir. Hətta onlarla müsavatçının partiya sıralarını tərk edərək, ADR-ə keçməsi də sabiq başqanı narahat etmir. Ona lazım olan əsas məsələ "partiya parçalanır və onu xilas etmək lazımdır" prinsipini önə sürüb, yenidən başqan olması iddiasının reallaşdırılmasıdır. Fəqət, bu iddianın nə qədər tez, ya da gec gerçəkləşəcəyi zaman məsələsidir. Çünki İsa Qəmbərin özü də yaxşı anlayır ki, bu dəfə öz partiyasına qarşı oynadığı oyun çərçivədən çıxıb və baş verən olayların qarşısını almaq çox çətindir.

Afət TAHİRQIZI

Digər xəbərlər