Toğrul Allahverdili: "Abbas Abbasov azərbaycanlıların üzərinə qeyri-millətdən olan qoçu dəstəsi göndərdi"
"Abbas Abbasov uzun illər Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxs kimi "AzərRos" FMMM Ağsaqqallar Şurasına sədr seçilməsi ilə "AzərRos" anti-Azərbaycan mövqeyi tutmağa başladı". Bunu SİA-ya Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib.
Nümayəndəlik rəhbərinin sözlərinə görə, Azərbaycanda keçirilən son prezident seçkilərində Abbasovun və ətrafının dəstəklədiyi Rüstəm İbrahimbəyovun özünü "Milli Şura" adlandıran xarici havadarlarının idarə etdiyi bir qurumun vahid namizədi olması Rusiya azərbaycanlıları arasında narazılıqla qarşılandı: "Bu səbəbdən də Abbas Abbasov bir ağsaqqal kimi ondan gözlənilən etimadı doğrultmadı və əksinə bölücülüklə, dağıdıcılıqla məşğul oldu. "AzərRos" FMMM ətrafında baş verən hadisələr diasporumuza böyük zərbədir. Abbas Abbasov azərbaycanlıların üzərinə qeyri-millətdən olan qoçu dəstəsi göndərdi. Azərbaycan gənci, Azərbaycan xanımları təhqir olundu. Sonra mətbuat vasitəsilə xəbər tutduq ki, Söyün Sadıqovun katibəsi olmuş, Azərbaycan dilində düz-əməlli danışa bilməyən biri - Mehriban Sadıqova "AzərRos"a prezident seçilib. Necə olur ki, 43 regional bölmənin iştirakı olmadan seçki keçrilir? Məhz bu səbəbdən də seçki qanunsuz və "AzərRos" üzvləri tərəfindən tanınmadığı üçün yenidən qurultay keçirildi".
T.Allahverdili qeyd edib ki, Abbas Abbasovun müxtəlif vasitələrdən istifadə etməklə, "AzərRos"u ələ keçirməsi və Rusiyada azərbaycanlıların ikinci böyük təşkilatını faktiki olaraq məhv olmaq dərəcəsinə çatdırmasını erməni lobbisinə hədiyyədən başqa bir şey adlandırmaq çətindir: "Onun bu hərəkətlərinə etiraz edən qurum üzvləri 2015-ci il yanvarın 17-də təşkilatın Ümumrusiya növbədənkənar qurultayını keçirdilər. Qurultayda Abbasovun başçılıq etdiyi Ağsaqqallar Şurası ləğv edildi. Lakin Abbasov qurultayın qərarını saymadan, diasporumuzun bəzi nümayəndələrini aldadaraq, fevralın 20-də tələsik, bağlı qapılar arxasında, yalnız 4 regional təşkilatın iştirakı ilə öz "qurultayını" keçirdi. Azərbaycanlıları özündən ayıraraq, dağıstanlı döyüşçülərin və polisin arxasında gizlənərək, "AzərRos" Federal Şurasının digər üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatların nümayəndələrini "qurultaya" buraxmadı, üstəlik, onlara qarşı güc tətbiq etdirdi".
Ceyhun RASİMOĞLU