AXCP sədriniə aid yüzlərlə maliyyə fırıldaqları mövcuddur – dəlillər və faktlar
Son zamanlar Avropa İttifaqı və Avropa Şurası tərəfindən Azərbaycana yönəlmiş əsassız və sübutu olmayan korrupsiya ittihamları AXCP sədri Əli Kərimlinin nəzarəti altında işıq üzü görən "Azadlıq" qəzetini növbəti yalan və ictimai rəyi çaşdırmağa yönələn informasiyalar verməsinə şərait yaradıb. Belə ki, Avropa qurumunun tərkibində fəaliyyət göstərən anti-korrupsiya qrupu GRECO-nun ölkəmizə dair böhtan xarakterli hesabat yaymasından sonra həmin hesabatın yalan olduğunu sübuta yetirən iqtidar mətbuatı bir çox sübutlar ortaya qoyaraq, əslində, Qərbin özündə korrupsiyanın tüğyan etdiyini bir çox faktlarla ifşa edib.
Lakin Əli Kərimlinin rüsvayçı xislətinə uyğun şəkldə fəaliyyət göstərən "Azadlıq" indi də iddia edir ki, guya iqtidar bir sıra Avropa ölkələrində baş alıb gedən korrupsiya əməllərini danılmaz dəlillərlə sübuta yetirərkən, öz daxilindəki "korrupsiya faktlarını" gizlətməyə çalışır. Lakin bu kimi sərsəm iddianın irəli sürülməsi fonunda elə həmin GRECO rəhbərinin ötən il Azərbaycanda rəsmi dövlət saytına verdiyi açıqlamasını bir daha, təkrarən Əli Kərimlinin qarşısına qoyuruq.
Belə ki, ötən ilin 19 noyabr tarixində GRECO-nun prezidenti Marin Mrçela Azərbaycanda fəaliyyət göstərən rəsmi saytların birinə (AzərTac-red.) müsahibəsində demişdi ki, Azərbaycan onun təmsil etdiyi qurumla tərəfdaşdır: "Azərbaycan GRECO-nun fəal üzvü və mühüm tərəfdaşıdır. Biz bu qurum çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edirik. Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə hər zaman əməl edib".
Onu da xatırlatmaq yerinə düşərdi ki, o, bu sözlərini Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA-red.) üzvü və iştirakçısı olan dövlətlərin assambleyasının 3-cü sessiyası zamanı demişdi. Beləliklə, M.Mrçela bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə hər zaman əməl edib. Maraqlıdır, bir neçə ayda gah bir, gah da başqa rəngə bürünən avropalı "anti-korrupsionerin" buradakı səmimiyyətinə inanmaq olarmı? Söz yox ki, əsla! Ona görə də Əli Kərimlinin diktəsi altında dərc olunan "Azadlıq" qəzeti bütün heyəti ilə yuxarıda qeyd edilən fikri dönə-dönə oxuyub, nəticə çıxarmağa məhkumdur!
Daha bir məsələ isə elə AXCP sədri Əli Kərimlinin illərlə maliyyə fırıldaqçılığı və korrupsiya vasitəsilə özünü varlandırması faktlarıdır. Həmin faktları bir daha ictimai rəyə təqdim etmək zərurəti yarandığına görə, onları qısa şəkildə qeyd edirik.
Tarixi xatırlatma..!
"Yurd Həqiqətləri" kitabında bildirilir ki, 1998-ci ildə AXCP sədri Əbülfəz Elçibəyin Sərəncamı ilə "təşkilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün" komissiya yaradılıb. Komissiya üzvlərinin arayışından sitat: "AXCP sədri Elçibəy Bakıya dönəndən sonra "Yurd" birliyinin özbaşınalığının həddini müəyyənləşdirə bilmişdi. Bu qrupun fəaliyyətini diqqətlə araşdırır və ola biləcək fəsadların qarşısını almağa çalışırdı. Təşkilatın onsuz da məhdud olan maliyyə vəziyyətini yoxlamaq üçün 4 nəfərdən ibarət özəl bir komissiya yaratmışdı. Komissiyanın tərkibində Zöhrab Abdullayev, Şamil Quliyev, Ülvi Həkimov, Elçin Paşayev var idi. Komissiya konkret bir məbləğin (95.000 ABŞ dolları) qazanc gətirməsi və xərclənməsi ardıcıllığını izlədi və bu pulun üç nəfərə istifadəyə verildiyini araşdırdı. Əldə edilən qazancın necə xərcləndiyini araşdırarkən məlum oldu ki, Seymur adlı bir şəxs, Əliyev familiyalı digər şəxs və həmin komissiyanın üzvü Z.Abdullayev bir müddət həmin qazancı doğrudan da təşkilatın xəzinəsinə təhvil vermiş və AXCP sədrinin I müavini İ.İbrahimlinin imzası ilə əməkhaqqı ödəməyə və digər xərclərə sərf olunmuşdur. Bir neçə dəfə həmin puldan böyük məbləğdə "Azadlıq" qəzetinə borc verilmiş, sonralar bu borclar ya qaytarılmamış, ya da bağışlanmışdır. Müəyyən müddət sonra Abdullayev özünün işlətdiyi pulun geri almadığını və xərcləndiyini bildirir. Seymur adlı şəxsdən nəinki qazanc gəlmir, pulu əsas hissəsi də geri qaytarılmır. Əliyev deyilən şəxsdən də qazanc gəlmir və pulun əsas hissəsi də geri qaytarılmır".
Beləliklə, həmin vaxt partiyada əsas söz sahibi olmuş Əli Kərimlinin maliyyə maxinasiyalarının kökü lap dərinə gedib çıxır. Öz partiyasının sədrinin xəstə yatağında olmasından istifadə edərək ətrafındakı "Yurd" qruplaşmasının üzvləri ilə birgə pul mənimsəməyə başlayan Ə.Kərimli üçün ən əsas prinsip məhz maddiyyatdır. Onun AXCP daxilində rəhbərlik etdiyi "Yurd" qruplaşmasının əsas fəaliyyət istiqamətlərindən biri məhz partiyaya daxil olan pulu birbaşa Ə.Kərimliyə istiqamətləndirmək olub və həmin dövrdə yazılan məlumatlardan görünür ki, bu, baş tutub. Belə ki, topluda göstərildiyi kimi, həmin dövrdə aparılan araşdırma nəticəsində bəlli olub ki, "Yurd" AXCP-nin hüquqi bazasında və normativ sənədlərində, təşkilat işlərində, maliyyə məsələsində çox ciddi problemlər yaradıb.
Daha bir fakt..!
Əslində, Ə.Kərimlinin törətdiklərinin fonunda onun guya müxalifətçi cildinə girərək özünü təqdim etməsi çox gülünc görünür. Bu insanlar üçün "müxalifətçilik" yalnız maliyyə əldə etmək, xarici dairələrdən ianə toplamaq anlamı verir.
Ümumiyyətlə, AXCP-nin o zamankı sədr müavinlərinin, ən əsası isə, Ə.Kərimlinin həmin dövrdə partiyanın 150.000 ABŞ dollarından çox vəsaitini Türkiyəyə apararaq mənimsədikləri haqda zaman-zaman mətbuatda fikirlər səsləndirilib. Amma bu ittihamlar cavabsız qalıb və pul maxinasiyasında adı hallanan Ə.Kərimli hər zaman bu barədə suallara cavab verməkdən yayınıb. Həmin dövrdə Ə.Kərimli bu pulların hesabına öz rifahını yüksəltməklə yanaşı, öz ətrafında olan "Yurd" çəmbərini daha da genişləndirib, qəzetlər açaraq bundan o zamankı AXCP üzvlərinə və konkret Ə.Elçibəyə qarşı istifadə edib. Topluda göstərilir ki, "Bütün bunlar AXC (AXCP-nin) orqanlarının və üzvlərinin çox ağır maddi durumda fəaliyyət göstərdikləri bir vaxtda baş vermişdir. Rayon (şəhər) şöbələrinə problemlərlə əlaqədar heç bir kömək göstərilməmiş, mərkəzi aparat "Yurdçu" olmayan əməkdaşlarına 1994-cü ilin sonlarından başlayaraq əməkhaqqı, ezamiyyə xərcləri verilməmişdir".
Digər tərəfdən, kitabda göstərilir ki, Ə.Kərimli, məhz mənimsədiyi pulların hesabına mənzillərə, bahalı avtomobillərə sahib olub, cangüdənlərlə gəzib, qəzetlər, muzdlu yazarlar dəstəsi saxlayıb.
Qeyd olunduğu kimi, Ə.Kərimliyə qarşı yönələn bu maliyyə məsələsi ittihamı onun sonrakı fəaliyyətində də aşkar ştrixlərlə büruzə verilir. Hətta onun nəzarətində olan qəzetin baş redaktorunun qardaşı və AXCP üzvü Sakit Zahidov (Mirzə Sakit) bildirmişdi ki, "Azadlıq" qəzetinə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov vurğulamışdı ki, Ə.Kərimli, hətta xarici təşkilatların da qəzetə etdiyi yardımları son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir. Bundan başqa, S.Zahidov qeyd etmişdi ki, Gerd Butserius Fondunun ona verdiyi 10 min avro mükafat da Ə.Kərimli tərəfindən mənimsənilib.
Böyük maxinator Əli Kərimli korrupsiyası!
"İndiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almamışam. Heç zaman heç bir bankdan kredit götürməmişəm. Heç bir bankda heç bir hesabım olmayıb. Yalnız keçən il Beynəlxalq Bankda xüsusi hesab açmışam ki, 2005-ci ildə parlamentə seçildiyim, amma mandatım ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alım...".
Bu açıqlamanı Əli Kərimli ötən ilin sentyabr ayında vermişdi. Ancaq gəlin görək, böyük maxinator Əli Kərimli həmin ifadəsində nə qədər doğru danışır? Axı bildiyimiz qədər onun bu ünə qədər bir dəfə də olsun, doğru, səmimi danışmağını görməmişik! Ona görə də həmin açıqlamasını bir daha nəzərdən keçirərək, digər faktlara əsaslanaq. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının sənədlərinə əsasən, Əli Əmirhüseyn oğlu Kərimli 2012-ci il, oktyabrın 30-da bu bankda hesab açıb və öz hesabından 27 min 335 avro məbləğində pul çıxarıb. Aydın görünür ki, burada söhbət Avropa Məhkəməsinin qərarı ilə ona verilən kompensasiyadan gedir.
Amma "Texnikabank"ın Yasamal filialının bank sənədlərinə (bu sənədlər Ə.Kərimlinin Elnur Seyidovun cinayət işinin təhqiqatı dövründə araşdırılıb) əsasən, vətəndaş Kərimli Əli Əmirhüseyn oğlu əvvəllər, yəni 2008-ci ildə bu bankdan 145 min manat məbləğində kredit götürüb. Bu şəxs götürdüyü həmin krediti elə həmin ildə də ödəyərək borc hesabını bütünlüklə bağlayıb. Beləliklə, Ə.Kərimlinin iddialarının əksinə olaraq,o, hər halda kredit götürüb.
"Oğlum Türkelin təhsil xərcləri qəsdən şişirdilib. İndi internet əsridir. Hər kəs Türkelin harada təhsil aldığını bilir, elə internet vasitəsilə təhsil haqqının real məbləğini də müəyyənləşdirə bilər...". Bunu da Əli Kərimli oğlu xarici ölkədə təhsil aldığı zaman deyib. Xatırladaq ki, onun oğlu Türkel Kərimlinin Britaniyanın ən nüfuzlu ali məktəblərindən olan "S.T.Edwards School"un hazırlıq fakültəsində aldığı təhsilin haqqını ödəmək üçün 2009-cu ilin sentyabrında "Texnikabank"ın Yasamal filialında 38110008310001GBP nömrəli hesab açdırıb. Bu hesaba 30 min funt-sterlinq məbləğində pul köçürülüb. Bu pullar "Barclays Bank PLC"ın (Oxford City Office, 54 Canmarket Street, Oxford OX1 3 HB) hesabına daxil olub. 2011-ci il, sentyabrın 26-da isə Bristol Universitetinin bank hesabına daha 25 min funt-sterlinq köçürülüb. 2011-ci il, oktyabrın 17-də Britaniyaya elə həmin hesabdan daha 25 min funt-sterlinq gedib.
Əli Kərimli oğlunun təhsilinə nəhəng məbləğdə pulların xərclənməsi faktını inkar etmir. O, sadəcə olaraq hər zaman iddia edib ki, bu xərclər iqtidar tərəfimindən şişirdilib. Bu zaman daha bir sual yaranır: əgər Türkel Kərimlinin təhsil haqqına xərclənən vəsaitin məbləği "şişirdilibsə", bəs onda Əli Kərimli həqiqətən də "S.T.Edwards School"un və Bristol Universitetinin hesablarına köçürülən pulların dəqiq məbləğini niyə gizlədir və bunu demir? Daha bir sual: heç bir yerdə işləməyən və bu hakimiyyət tərəfindən davamlı şəkildə total repressiyalara məruz qaldığını deyən müxalif siyasətçidə oğlunu Britaniyanın nüfuzlu ali məktəbində oxutmağa bəs edəcək qədər bu pullar haradandır?
Yəqin ki, o, heç vaxt bu sualların cavabını verməyəcək. Çünki verməyə cavabı da yoxdur!
Rövşən RƏSULOV