PDF Oxu

Müxalifət

  • 30

Ənənəvi müxalifətin ənənəvi mitinq eyforiyası

Ənənəvi müxalifətin ənənəvi mitinq eyforiyası

Cəbhəçilər və Müsavat hətta bu məsələ ətrafında da qarşıdurma yaşayırlar

Son günlər AXCP və "Milli Şura"nın və Müsavat partiyasının mitinq, yaxud da yürüş qismində etiraz aksiyası keirmək cəhdləri və həmin cəhdlərin uğursuz alınması bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, əslində, ənənəvi müxalifətin siyasi mövcudluqları yox səviyyəsinə qədər enib. Sadəcə, siyasi arenadan tamamilə qeyb olmamaqdan ötrü, onların bir çıxış yolları var ki, bu da mitinq və yürüş üsuludur. Ancaq keçirilən mitinqlərin səmərə verməməsi, ictimai rəyin müxalifətin varlığına inanmaması vəziyyəti bir az da gərginləşdirib. Bu baxımdan, hazırda ənənəvi düşərgədə iki düşmən partiyaya çevrilmiş AXCP və Müsavat indi də bir-birlərini düşərgədaxili zəiflikdə günahlandırırlar. Eyni zamanda, mitinq keçirə bilməməklərini, zəifliklərini hakimiyyətdə axtarmağa başlayırlar.

Müsavatın siyasi həyasızlığı

Məsələyə daha yaxın kontekstdən yanaşaq. Belə ki, Müsavat partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH-M.Q.) partiyaya edilən mitinq təklifini qəbul etməyib. Partiya Bakı meriyasını məhkəməyə vermək iddiasındadır. Xatırladaq ki, Müsavat rəhbərliyi aprelin 19-da metronun "20 Yanvar" stansiyasından Ysamal rayonu ərazisində olan "Məhsul" stadionuna qədər yürüş keçirməyə icazə verilməsi üçün BŞİH-ə müraciət etmişdi. BŞİH isə həmin müraciətə baxaraq, yalnız mitinq keçirmək üçün icazə veriləcəyini bildirmişdi. Belə ki, yürüşün keçirilməsinə icazənin verilməməsi nəqliyyatın hərəkətinə maneə yaradacağı ilə əlaqələndirilmidi. Nəticədə Müsavat partiyası öz "varlığını" göstərməkdən ötrü indi də BŞİH-i məhkəməyə verərək, həm də beynəlxalq təşkilatlar qarşısında guya ölkədə sərbəst toplaşma azadlığının "pozulduğunu" nümayiş etdirməyə səy göstərir. Bütün bu kimi addımlar isə söz yox ki, Müsavat rəhbərliyi tərəfindən sərgilənən siyasi həyasızlıqdan başqa bir şey deyil.

Əli Kərimli əlində saxladığı Cəmil Həsənli kartından yararlanmağa çalışır

Yeri gəlmişkən, AXCP sədri Əli Kərimlinin dirijorluq çubuğu ilə fəaliyyət göstərən və partiyanın filialı təsirini bağışlayan "Milli Şura" da mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. Lakin mayın 3-nə planlaşdırılan mitinqin də ötən mitinqlərdən hər hansı bir üstünlük təşkil ediləcəyini gözləmək olmaz. Elektorat, tərəfdaş və sosial baza qıtlığını ötən mitinqlərində sübuta yetirən "Milli Şura" rəhbərliyi də əlbəttə ki, bütün bunları yaxşı bilir. Sadəcə, AXCP sədri əlində saxladığı Cəmil Həsənli kartından öz məqsədləri üçün yararlanması istiqamətində Qərb siyasi dairələrinin və həmin dairələr sayəsində ona pul ötürən erməni lobbisinin göstərişlərini reallaşdırmağa çalışır.

Arif Hacılı Əli Kərimli-Cəmil Həsənli cütüyünü siyasi əxalqsızlar kimi qiymətləndirib

İndi isə yenidən qayıdaq birinci qeyd edilən məsələyə. Məsələ ondadır ki, "Milli Şura" mitinq keçirdiyi zaman Müsavat rəhbərliyi və üzvləri bir neçə dəfə həmin mitinqə qatılmışdılar. Ancaq AXCP sədri Əli Kərimli və "Milli Şura"nın mitinq təşkilat komitəsi müsavatçı rəhbərlikdən heç birini trubunaya dəvət etməmişdilər.

Lakin bununla belə, Müsavat "Milli Şura"ya növbəti jest etdi. Müsavat başqanı Arif Hacılı bir neçə dəfə AXCP rəhbərliyinə müraciət etməklə yanaşı, yandırılmış körpüləri yenidən qurmağa dəvət edib, eləvə də "Milli Şura"nın sədri Cəmil Həsənli ilə görüşərək, əməkdaşlıq təklifi edib. Ancaq həmin jestlərə rəğmən, Müsavat başqanının sözü yerə salınaraq, demək olar ki, kənara itələnib. Hətta partiya başqanının Əli Kərimlinin və Cəmil Həsənlinin ona qarşı nalayiq hərəkətlərinə sərt cavabı da səslənmişdi. Sitat: "Təəssüflər olsun ki, özünü müxalifət hesab edən bəzi qüvvələr də Müsavatın zəiflədiyi görüntüsünü yaratmağa çalışır. Müsavatın "Milli Şura"nın mitinqində iştirakı üçün 3 dəfə AXCP rəhbərliyinə müraciət etmişəm. Bir dəfə Cəmil Həsənli ilə görüşüb danışmışam. Amma onlar Müsavat partiyasının bu prosesdə iştirak etməyini istəmirlər. Mən təkəbbürlü adam deyiləm və bu məsələyə şəxsi iş kimi baxmıram".

Göründüyü kimi, Müsavat başqanı dolayı yolla qarşı tərəfi təkəbbürlü, kinli və siyasi əxalqsızlıq kimi qiymətləndirmişdi.

Tural Abbaslı: "Nəinki yürüş, hər hansı mitinqin uğur gətirəcəyinə inanmıram"

AXCP və Müsavatın mitinq eyforiyasına qapılmaları amili isə maraqdoğurucu nüanslarla zəngindir. Məsələn, bir sıra tərəflər bununla bağlı deyirlər ki, Müsavatın yürüş barədə qərarının AXCP-dən geri qalmamaq və real müxalifət görüntüsü yaratmağa hesablanıb. Belə ki, "Milli Şura" 2015-ci ildə 2 dəfə mitinq keirsə də, Müsavat ötən il keçirdiyi mitinqindən sonra heç bir "kütləvi tədbir" keçirməyə nail olmayıb. Çünki Müsavat daha bir problemlə qarşı-qarşıya qalıb. Partiyanın daxilində qurultaydan sonra yaranmış böhranlı vəziyyət və həmin vəziyyətin yaşanması üzündən baş vermiş parçalanmalar və etirazlar adıçəkilən siyasi təşkilatın iflic olması ilə nəticəsini tapıb.

Məsələn, Müsavat daxilində fraksiya yaradaraq, partiya rəhbərliyənə qarşı müxalifətçilik etməyə hazırlaşan keçmiş divan üzvü və sabiq başqanlığa namizəd Tural Abbaslı partiyanın mitinq deyil, yürüş keçirmək cəhdini lüzumsuzluq kimi qiymətləndirib. Sitat: "Milli Şura"nın 2 mitinqi oldu və gözlənilən qədər adam toplaşmadı. Bu da cəmiyyətdə siyasi aktivliyin aşağı səviyyədə olmasından irəli gəlir. İnsanların siyasi proseslərə marağı azdır. Odur ki, Müsavat, yaxud "Milli Şura"nın mitinq keçirməsi effekt verməyəcək. Nəinki yürüş, hər hansı mitinqin uğur gətirəcəyinə inanmıram".

Müsavat funksioneri ənənəvi düşərgənin mitinq-yürüş keçirməsi yerinə qarşıdan gələn parlament seçkilərinə qatılması barədə fikir bildirmələrini daha məqbul hesab etdiyini deyib: "İndi partiyalar öz resurslarını cəmləşdirib parlament seçkilərinə hazırlaşmalıdır. Seçkilərə çox az vaxt qalıb. Namizədlər, müşahidəçilər, məşvərətçilər, şüarların müəyyənləşməsi kimi addımlar daha faydalı olardı, nəinki kütləvi etiraz aksiyaları. Müsavatçıların yürüşlə bağlı arqumentlərini bilmirəm, istər yürüş olsun, istərsə də mitinq, indiki məqamda uğursuz olacaq. Mitinq qərarının verilməsində bəzi boşluqlar var idi, bu gün də bu qərarların acı nəticəsini görürük".

Göründüyü kimi, Tural Abbaslı burada daha çox real faktlara əsaslanaraq, fikirlərini irəli sürüb və həmin fikirlərində kifayət qədər haqlıdır. Maraqlıdır, bəs "Milli Şura" Müsavatın yürüş keçirmək istəməsinin hakimiyyət tərəfindən icazə verilməməsini necə qiymətləndirir?

Rafiq Manaflı: "Onlar öz maraqlarına uyğun siyasətlərini həyata keçirirlər"

"Milli Şura"nın üzvü Rafiq Manaflı da müəyyən mənada Müsavatın yürüş keçirmək iddiasında haqlı fikirlər bildirib. Onun fikrincə, Müsavat yürüşə icazə verilməyəcəyini qabaqcadan hesablamışdı: "Qabaqcadan hesablamışdılar ki, Bakı meriyası onlara "yox" deyəcək və bunlar da imtina edəcəklər. Aksiyaqabağı dövrdə sosial şəbəkələrdə və ya mətbuatda fəal təbliğat görmədim. Bu baxımdan, Müsavatın yürüş taktikasını düzgün strategiya hesab eləmirəm. Təbii ki, bu, Müsavatın daxili işidir. Onlar öz maraqlarına uyğun siyasətlərini həyata keçirirlər. Amma Müsavatın bu formada strategiya ilə aksiya barədə qərar verməsini məqsədəuyğun hesab eləmirəm. Çünki Müsavat yürüşə icazə verilməyəcəyini əvvəlcədən hesablamışdı".

Beləliklə, məsələ kifayət qədər aydındır. "Milli Şura" bir tərəfdən, Müsavat da o biri yandan kütləvi aksiyalara keçirmək adı altında siyasi dividendlərini artırmağa çalışırlar. Ancaq görünən budur ki, onlar bu kimi addımlarını nə qədər çox atırlarsa, bir o qədər də çətin vəziyyətə düşürlər. Bu amil isə ənənəvi müxalifətin artıq yox olmasına olan dəlalətdir. Yoxların "var" olmaq cəhdləri isə ən dərin uçuruma doğru yuvarlanmaqdan başqa heç nə ilə nəticələnməyəcək.

Mübariz QULİYEV

Digər xəbərlər