PDF Oxu

Müxalifət

  • 26

KXCP-də ara yenidən qarışdı

KXCP-də ara yenidən qarışdı

Partiyaya sahib çıxmaq istəyənlər var

Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) vəziyyət yenidən çərçivədən çıxıb. Belə ki, adıçəkilən siyasi təşkilatda qurultayöncəsi sədrliyə namizədliyini verənlərlə hazırkı sədr Mirmahmud Mirəlioğlu arasında ciddi ziddiyyətlər yaşanır. Daha dəqiq desək, KXCP-dəki mövcud durumun eynilə Müsavatda olduğu kimi cərəyan etməsi, yəni qurultay öncəsi və qurultay sonrası fikir ayrılıqlarının yaşanması təşkilatın parçalanacağı siqnallarını verməkdədir. Qeyd edək ki, KXCP-nin qurultayının iyul ayında keçirilməsi qərarını siyasi qurumun ali məclisi müəyyənləşdirib.

"Demokratik Birlik" fraksiyası yenidən Mirmahmud Mirəlioğluya qarşı çıxdı

Mirmahmud Mirəlioğluya qarşı alternativliyini ortaya qoyacaq şəxslərdən biri də demək olar ki, KXCP yaranandan bu partiyanın idarə heyətinin üzvü olan İsmayıl Yusifovdur. Xatırladaq ki, İsmayıl Yusofov iki il öncə partiyada narazı qrupa qoşularaq, "Demokratik Birlik" fraksiyasının yaradılmasında iştirak etmişdi. Məqsəd sədr Mirmahmud Mirəlioğlunu sədrlikdən kənarlaşdırmaq və KXCP-də yeni üsul-idarəçilik formalaşdırmaq olub. Ancaq həm o, həm də digər narazıların fraksiya yaratmaları nəticədə onların KXCP-dən çıxarılmaları ilə başa çatdı. Halbuki onlar partiya sıralarında çıxarılmalarını qeyri-legitim qərar hesab edirlər.

Sədrliyə iddialı: ""Demokratik Birlik" fraksiyasının son qərarına söykənəcəyəm"

Beləliklə, sədrliyə iddialının sözlərinə görə, o, partiyanın mövcud vəziyyətinin heç də qənaətbəxş olmadığını deyib və belə davam edərsə, "klassiklər"in təmsil olunduqları partiyada heç bir siyasi uğura nail olunmayacağını bildirib. Bu baxımdan, siyasi təşkilatda yeniliyin olması vacibdir. İsmayıl Yusifov isə KXCP-ni vəziyyətdən çıxara biləcək adamın alternativsiz şəxs olduğunu iddia edir. Sitat: "Bunu açıq deyirəm. Partiyaya sahib çıxmaq niyyətim var. Ancaq bunlar mənim subyektiv fikirlərimdir. Şəxsi fikirlərimdən daha çox "Demokratik Birlik" fraksiyasının son qərarına söykənəcəyəm".

Narazı "klassik" bildirib ki, KXCP-ni krizisə sürüklənir və buna olan səbəblərdən biri də rəhbərliyin karyera, mandat davası etməsidir. Eyni zamanda bildirilib ki, "klassik" cəbhəçilərun əksəriyyəti məhz "Demokrarik Birlik" fraksiyasının tərəfdarıdırlar. Bu səbəbdən, əgər fraksiya istəsə, hətta qurultayın baş tutmaması da baş verə bilər: "Biz onlardan fərqli olaraq karyera, mandat davası etmirik, partiyanı gücləndirmək niyyətindəyik. Həm də mən zənn etmirəm ki, onlar iyul ayı üçün qurultay çağıra bilsinlər. Çünki KXCP bütövlükdə "Demokratik Birlik" fraksiyasının yanındadır".

Ancaq buna rəğmən, partiya rəhbərliyində hesab edirlər ki, özlərini KXCP sədri Mirmahmud Mirəlioğluya rəqib görənlər həmin iddialarında yanılırlar. Mirəlioğlu özü isə qurultayda alternativin olmasını normal saydığını dilə gətirib: "Alternativi olmayan bir qurum artıq çətin vəziyyətdədir".

Xəzər Teyyublu: "Kim mətbuatda nə deyir desin, bunun KXCP-yə heç bir aidiyyatı yoxdur"

Bu arada KXCP sədrinin ən yaxın tərəfdarı hesab edilən müavini Xəzər Teyyublu sözügedən iddialara qarşı sərt mövqeyini səslənidirb. Onun sözlərinə görə, KXCP nizamnaməsinə əsasən yalnız partiya üzvü qurultayda nümayəndə seçilə və partiya sədrliyinə namizəd ola bilər: "Bu, yalnız partiya üzvlərinə şamil olunur. İsmayıl Yusifov KXCP üzvü deyil. KXCP-nin üzvü olmayan şəxslər isə qurultayda iştirak edə bilməz. Kim mətbuatda nə deyir desin, bunun KXCP-yə heç bir aidiyyatı yoxdur".

Teyyublu hətta İsmayıl Yusifovun KXCP üzvü olmadığını da bəyan edib: "Adını çəkdiyiniz şəxs 9 ildən çoxdur ki, partiya sıralarında deyil. Belə bir adam KXCP sıralarında olub, hətta sədr müavini idi, daha sonra şəxsi işləri ilə bağlı öz istəyi ilə partiyadan gedib. Ümumiyyətlə, 10 ilə yaxındır ki, bu adamın KXCP-də hər hansı fəaliyyəti yoxdur. 10 ildən sonra partiyaya bu cür niyyətlə yanaşmaq və belə mövqe sərgiləmək anormallıqdır.

Göründüyü kimi, artıq vəziyyətin nə qədər gərgin vəziyyətə sürüklənməsi KXCP-nin daxili qarşıdurma həddində olduğunu yetərincə təsdiq edir. Bütün bunlar isə parlament seçkiləri öncəsi siyasi təşkilatın heç də normal seçki mühitində olmadığının göstəricisi kimi qiymətləndirilir. Əgər belə davam edərsə, payızda keçiriləcək parlament seçkilərində Müsavat və AXCP ilə yanaşı, KXCP də çətin durumda qalacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər