İqtidar-müxalifət dialoqunun növbəti mərhələsi keçiriləcəyi gözlənilir. Xarici maraqlı qüvvələrin Bakıdakı təmsilçiləri rolunda çıxış edən Müsavat və AXCP bu dəfə də dialoqda iştirak etməyəcəklərini bəyan ediblər. Təbii ki, bu da sözügedən partiyaların konstruktiv dialoqa hazır olmadıqlarını və onlar üçün əsas prinsipin Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna kölgə salmaq olan qüvvələrlə eyni mövqedən çıxış etməkdir. Həm də, bu fakt onu deməyə əsas verir ki, AXCP və Müsavata keçirilməsi nəzərdə tutulan iqtidar-müxalifət dialoquna qatılmamaq göstərişi xaricdən gəlib. "Azadlıq" Partiyasının sədri Əhməd Oruc "Səs" qəzetinə açıqlamasında qeyd etdi ki, bu cür dialoqların keçirilməsi yaxşı haldır: "Qarşıdurmaları dərinləşdirmək yox, qarşıdurmaları ortadan götürmək lazımdır. Dialoqa dəvət olunan AXCP və Müsavatın iştirak edib-etməməsi məsələsi şübhəli görünür. Demək olar ki, AXCP və Müsavat partiyalarının bu dialoqda iştirak etməmələrinin əsas səbəblərindən biri də odur ki, onları müxalifətin üzləşdiyi problemlər maraqlandırmır. Eləcə də elə görüntü yaratmağa çalışırlar ki, guya müxalifətlə bağlı olan bütün məsələlər bunların kurasiyasındadır. Yəni çatışmazlıqları onlar həll edirlər. Halbuki bütün müxalifətdaxili çatışmazlıqların, problemlərin və qopmaların günahkarları AXCP və Müsavatdır".
Partiya sədri onu da bildirdi ki, uzun illərdir ki, bu qüvvələr kənar sifarişlər əsasında Azərbaycanda seçkilərin saxtalaşdırılması, insan haqlarının pozulması və bu kimi digər uydurma hesabatlar hazırlamaqla məşğul olurdular: "İndi də həmin o hesabat sahibləri ölkədə bu dialoq mühitinin yaranmasını hələ ki, istəmirlər. Çünki bu, onlara sərf etmir".
"Müsavat və AXCP dialoqa qoşulmamaqla xarici qüvvələrə radikal qüvvələr olduğunu göstərmək niyyəti güdmürlər ki" sualına cavab olaraq partiya sədri bildirdi ki, onlar həmişə hakimiyyətlə danışıqlarda ya ATƏT-in, ya Amerikanın, ya da Qərb inistititlarının vasitəçiliyi ilə iştirak edirdilər: "İndi isə məlum oldu ki, bu müxalifət təmsilçiləri birdən-birə hakimiyyətin özü ilə birbaşa dialoq aparmaq niyyətindədirlər. Bu isə məntiqsiz iddiadır. Dialoqun kimin vasitəçiliyi ilə aparılması isə başqa məsələdir. Yəni birincisi, AXCP və Müsavat dialoqa pisxoloji cəhətdən hazır deyillər. İkincisi isə AXCP və Müsavat partiyalarının keçiriləcək bu dialoqda iştirak etməyəcəkləri, düşünmürəm ki, bu danışıqlar üçün çox ciddi bir əks- nəticə verər. Bir sözlə, 23 ildir ki, bu partiyalar müxalifət adı ilə siyasi proseslərin önündə gedirlər. Demək olar ki, bu illər ərzində həmin qüvvələr müxalifəti, milli xətti, milli düşüncəni də əzib bu duruma düşürüblər. Dayaz təfəkkür daşıyıcılarının dialoq prosesindən kənarda qalması işin ziyanına yox, bəlkə də xeyirinədir".
GÜLYANƏ