SÖZÜN QISASI
Vurğun Əyyubun və digərlərinin Müsavat sıralarından çıxarılmasına etiraz olaraq partiyanın qərargahı önündə etiraz aksiyası keçiriləcəyi məlum olub. Belə ki, bununla bağlı Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli deyib. Artıq bununla bağlı narazıların təklifləri dinlənilib və akasiyanın vaxtı da müəyyənləşdirilib - mayın 6-da.
Əslində, ortaya maraqlı bir nüans çıxır. Belə ki, Müsavat rəhbərliyi "Məhsul" stadionunda mitinq keçirmək istəyərkən, hakimiyyətdən həmin mitinqə qədər yürüşün keçirilməsi barədə də icazənin verilməsini tələb etmişdilər. Lakin onların yürüş aksiyası keçirmələrinə icazə verilmədikdən sonra, Müsavat rəhbərliyi bunu "anti-demokratik addım" kimi qiymətləndirmişdilər. Sual: hakimiyyətdən aksiya üçün yer tələb edən, narazılıq edən bir partiya öz qərargahı qarşısında etiraz aksiyasının keçirilməsinə hansı münasibəti sərgiləyəcək? Bax, məsələ də budur!
*****
Cənab Stefan Lindeberq, xərclərini özün çəkmək istəyirsənsə, buyurub İsveç hökumətindən pul istə!
İsveç Olimpiya Komitəsi Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına 74 idmançı göndərməyi planlaşdırır. Belə ki, turnirdə iştirak edəcək idmançıların xərclərini Təşkilat Komitəsi öz üzərinə götürüb. Lakin oratada belə bir parodoks var. Məsələ ondadır ki, İsveç Olimpiya Komitəsinin rəhbəri Stefan Lindeberq düşünür ki, belə olmalı deyil. Marqlıdır ki, niyə? Məsələ ondadır ki, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi bir sıra Avropa ölkələrində qısqanclıq yaradıb. Onlar fikirləşirlər ki, axı nəyə görə bizdə deyil, məhz Azərbaycanda? Ona görə də "Amnesty İnternational", "Freedom House", ya da hansısa digər xarici təşkilat Azərbaycan barədə mənfi fikir səsləndirirsə, dərhal həmin fikrin üzərində başlayırlar "demokratiya" axtarmağa. Hansı ki, elə həmin bu İsveçin özündə insan haqlarının pozulması barədə onlarla faktlar mövcuddur. Təkcə bir misal gətirək. İsveçdə icazəsiz aksiya keçirən adama 90 min avro (!!!-R.) cərimə kəsilir.
İndi cənab Stefan Lindeberq "Biz Azərbaycanla razı deyilik" deyib ortada var-gəl etməyə lüzum yoxdur. Bir də ki, xərclərini özün çəkmək istəyirsənsə, buyur. Əgər sənin hökumətin həmin xərcləri sənə verərsə...
*****
Məsələ aydındır
Əli Kərimlinin buyruq qulları Azərbaycanın Gürcüstandakı səfirliyi önündə etiraz aksiyası keçiriblər. Aksiyaya "Beynəlxalq Hüquq-Müdafiə" təşkilatlarının nümayəndələri, eləcə də "meydan tv"nin qeyri-vətənsevərləri yığışıblar. Maraqlıdır ki, Rəsul Cəfərovun, İntiqam Əliyevin və s. tərəflərin "siyasi məhbus" olduqlarını iddia edərək, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi qarşısında toplaşanların əksəriyyəti sarıbaş, sarıqulaq və bəlkə də heç vaxt Azərbaycanı görməyənlər, ölkəmiz barədə təsəvvürləri belə olmayanlar olublar. Əlbəttə ki, aralarında Əli Kərimlinin nökərlərini çıxmaq şərti ilə. Yəni məsələ aydındır...
*****
Arif Hacılı peşka başkandır
Vurğun Əyyub partiyadan çıxarılmasında sabiq başqan İsa Qəmbərin rolunun olub-olmaması barədə suala belə cavab verib: "Bu qərarda İsa Qəmbərin rolunun olması barədə bir şey deyə bilmərəm. Amma onu bilirəm ki, bu cür ciddi məsələlərdə İsa Qəmbərin razılığı olmadan addım atmazlar".
Axır ki, uzun illər boyunca biz deyənləri, elə uzun illər Müsavatda təmsil olunanlar və hazırda kənarda qalanlar da deyirlər. Əgər bilsəydilər, biz deyənləri zamanında dərk edər, indi çıxardıqları nəticələri elə o vaxt çıxarardılar. İndi 100% sübut olundu ki, Müsavatda İsa Qəmbər erası başa çatmayıb. Arif Hacılı isə, sadəcə başqan deyil, peşka başqandır.
RÖVŞƏN