Vurğun Əyyubun partiyadan çıxarılması bunu sübut edir
Müsavat partiyasında uzun müddətdir ki, davam edən təşkilatdaxili ziddiyyətlər və qarşıdurmalar son günlər daha kəskin xarakterə doğru keçid almaqdadır. Xatırladaq ki, ötən ilin sentyabrında keçirilən qurultaydan sonra Müsavat Partiyası hələ də özünə gələ bilməyib. Ona görə də hər keçən gün bu partiyada yeni narazılıqlar baş qaldırmaqda, yeni sədrə etimadsızlıq daha da güclənməkdədir. Hətta partiya rəhbərliyinin cəza metodu da bir işə yaramır. Müstəqil fikirli müsavatçılar tutduqları mövqedən geri çəkilmir, yeni başqan Arif Hacılıdan baş verən haqsızlıqların hesabatını tələb edirlər. Bu isə ömürlərinin böyük bir hissəsini Müsavata qurban verən şəxslərin partiyadan qovulması ilə müşayiət olunur. Bir sıra hallarda da Müsavat funksionerləri saxtakarlıqlara etiraz əlaməti olaraq özləri partiya sıralarını tərk edirlər. Belə ki, buna misal bu günlərdə Müsavat partiyasının aparıcı funksioneri Vurğun Əyyubun partiyadan çıxarılması və onun ardınca tanınmış müsavatçı Adil Qeybullanın partiyadan istefa verməsi oldu.
Müsavatda pərdəarxası oyunlar
Təbii ki, belə hadisələrin yaşanmasına ilk səbəb məhz rəhbərliyin yürütdüyü naşı siyasət və avtoritar idarəçilik üsul-idarəsidir. Xatırlatma üçün qeyd edək ki, qurultayda İsa Qəmbərin "əsl demokratiya nümunəsi" göstərərək Arif Hacılını "vəliəhd" təyin etməsi əzəl gündən Müsavat funksionerlərinin, eləcə də sadə partiya üzvlərinin böyük narahatçılığı ilə müşayiət olunub. Müsavat başqanlığına iddialı Səxavət Əlisoy, Qubad İbadoğlu və digər partiya üzvləri qurultayda kütləvi saxtakarlıqların müşahidə olunması barədə fikirlər səsləndiririblər. Onlar seçkinin qeyri-şəffaf keçdiyini, demokratik prinsiplərin, səsvermənin gizliliyinin pozulduğunu, seçicilərə təzyiq və təsirlər edildiyini bildiririblər. Bununla da Müsavatdakı saxtakarlıqları, sabiq başqanın yalnız öz mənafeyini güdməsini ifşa ediblər. O zaman baş verənlərdən açıq-aşkar hiss olunurdu ki, İ.Qəmbərin A.Hacılını başqan seçdirməkdə əsas məqsədi "yüksək status" almaq, 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavatdan yeganə namizəd olmaqdır.
Müsavatda bu cür pərdəarxası oyunların baş verməsi, yuxarıda qeyd edildiyi kimi, partiyadan istefalarla da müşayiət olunur. Xatırlatsaq ki, ilk vaxtlar gənclər təşkilatının rəhbəri Əhliman Abbas, Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirlinin başçılığı ilə təşkilat üzvləri, eləcə də Tofiq Hüseynov öz istefalarını mətbuat vasitəsilə ictimailəşdirdilər. Belə bir vəziyyətdə yeni başqan vəziyyəti düzəltmək, gərginliyi aradan qaldırmaq, narazı tərəfləri dinləyib müdrik qərar qəbul etmək, barışdırıcı mövqe sərgiləmək əvəzinə istefa verənləri Məhəmmədəmin Rəsulzadə-Əbülfəz Elçibəy yoluna xəyanət etməkdə təqsirli bildi. Bu isə partiyada gərginliyin, qarşıdurmanın daha da dərinləşməsinə səbəb oldu. Xatırladaq ki, bəzi müsavatçıların, o cümlədən başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiya sıralarından kənarlaşdırılması, onun ardınca tanınmış Müsavat üzvlərindən Nəsib Nəsiblinin, Hikmət Hacızadənin, Əlövsət Talışxanlının partiya ilə yollarını ayırması partiyada avtoritar idarəçiliyin olduğunu bir daha sübut edir.
Vurğun Əyyub: "Bu, Müsavat partiyası rəhbərliyini ələ keçirmiş bir qrupun Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil"
V.Əyyub sözügedən məsələ ilə bağlı bildirib ki, ona partiya sıralarından çıxarılmaqla bağlı rəsmi məlumat verməyiblər: "Əslində burada gözlənilməz bir qərar yoxdur. Məni Müsavat partiyasından çıxarmağa çoxdan hazırlaşırdılar. Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir. Mayın 2-si tarixində mesaj aldım ki, ayın 3-də saat 15:00-da özəyin iclası olacaq. Mayın 2-də mən tələbələrimlə şəhərdən kənarda idim. Fikirləşirdim ki, iclasa gedəcəm, ancaq səfərdən qayıdandan sonra soyuqlamışdım. Ona görə də ayın 3-də saat 12:00- da mesaj yazdım ki, xəstə olduğum üçün iclasda iştirak edə bilməyəcəm. Mənim iştirakım olmadan və iclaslara qatılmadığımı bəhanə edərək partiyadan çıxarmaq nizamnamə tələblərinə ziddir. Üzvlük haqqının ödənilməməsi məsələsinə gəlincə isə, əvvəla, mənim Müsavat partiyası üçün xərclədiklərim qədər bu adamlar həyatları boyu üzvlük haqqı verməyiblər. İkincisi, əgər üzvlük haqlarının toplanması və xərclənməsi barədə partiyada hesabatlılıq və şəffaflıq yoxdursa, ora üzvlük haqqı vermək niyyətində də deyiləm. Bu, Müsavat partiyası rəhbərliyini ələ keçirmiş bir qrupun Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil".
V. Əyyub qeyd edib ki, partiyadan çıxarılmağı ilə bağlı heç bir müraciət etməyəcək: "Çünki partiyanın indiki rəhbər strukturları qeyri- legitim şəkildə formalaşıb və sadəcə olaraq partiyanın başında dayanan adamların sifarişlərini yerinə yetirirlər. Bunların heç birinin ədalətli qərar verəcəyinə inanmıram və ona görə də onlara müraciət etməyəcəm".
Adil Qeybulla: "Müsavat partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı"
Müsavat partiyasının fəallarından olan Adil Qeybulla Müsavat partiyasından istefası ilə bağlı bildirib ki, mili-azadlıq hərəkatının rüşeymlərindən olan Çənlibel hərəkatının və Müsavat partiyasının qurucularından və liderlərindən biri, Müsavat partiyası bərpa mərkəzinin üzvü Vurğun Əyyub absurd ittihamlarla partiyadan çıxarılıb: "Əslində indiki Müsavat partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı. Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm".
Beləliklə, bütün bunlar bir daha təsdiq edir ki, yeri gəldi-gəlmədi iqtidarı müxtəlif məsələlərdə, o cümlədən qeyri-demokratik seçki keçirməkdə ittiham edən müxalifət, eləcə də müsavatçılar hətta partiya daxilində normal seçkilər keçirməyi bacarmırlar. Bu həqiqətləri dilinə gətirən, saxtakarlıqlarla barışmayan, müstəqil düşüncə sahibi olan müsavatçılara qarşı divan tutulması isə A.Hacılı və komandasının "demokratiya" libasına bürünərək, əsl gerçəklikdə avtoritar idarəetmə metoduna üstünlük verdiklərini nümayiş etdirir. Son üç ayda yüzlərlə müsavatçının bu partiyadan istefa verərək, digər təşkilatlara qoşulması da məhz bu "siyasət"in bəhrəsidir.
Rəfiqə HÜSEYNOVA