TƏRS BAXIŞ
Müsavat partiyası mərkəzi nəzarət-təftiş komissiyasının sabiq sədri İbrahim İbrahimli rəhbərliyin idarəçiliyinə etiraz olaraq partiyadan istefa verib. Bununla bağlı o bildirib ki, Müsavat partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, avtoritar üsul-idarəçiliyinə etiraz edərək Müsavat partiyasından çıxıb.
İbahim İbrahimli ənənəvi müxalifət partiyaları üçün siyasətçi deyil, salfetdir
Əslində, bu, İbrahim İbrahimli ilə bağlı ili istefa xəbəri deyil. Hələ 2010-cu ildə və sonra İbrahim İbrahimli bir neçə dəfə Müsavatdan istefa verib, geri dönmüşdü. Hətta Müsavat qalsın bir yana, onun ənənəvi müxalifət partiyaların demək olar ki, hər birində təmsil olunması kimsəyə sirr deyil. Gah AXCP sədri Əli Kərimlinin, gah ADP sədri Sərdar Cəlaloğlunun, gah Müsavatın sabiq başqanı İsa Qəmbərin, gah AXP sədri Pənah Hüseynin, gah "Ümid" sədri İqbal Ağazadənin, gah da KXCP sədri Mirmahmud Mirəlioğlunun mövqeyindən çıxış edən İbrahimlinin sonda onun həmin partiyalara lazım olmaması faktı dəfələrlər sübuta yetirilmiş olub. Beləliklə, əslində istefa "mədəniyyəti" göstərdiyini sırımağa çalışan İbrahim İbrahimli, burada bir məsələni gizlətməyə çalışır. Həmin məsələ isə onun heç vaxt birinci ola bilməməsi, seçilənlər arasında olmaması faktlarıdır. Hətta deyə bilərik ki, İbahim İbrahimli ənənəvi müxalifət partiyaları üçün siyasətçi deyil, salfetdir, əl kağızıdır. Əvvəlcə aparılır yuxarı başa, tez bir zamanda işləndikdən sonra isə atılır tullantı qutusuna. Çünki onun bacardığı bir şey var, o da inkar etməyək ki, mitinqlərdəki çıxışlarıdır. Maşaallah, elə bil ki, boğazını kranla deşiblər İbrahimlinin. Amma nə olsun ki, boş-boş danışmağın heç bir faydası olmayıb ona.
Çaşıb üzünü YAP-a sarı tutmasa yaxşıdı
Bu səbəbdən də haraya gedibsə, bir müddət sonra qəbul edilmədiyinə görə, küsüb və istefaya getdiyini bəyan edib. Yəni bu dəfə də belə olub.
Ancaq birdən İbrahim İbrahimli gəzmədiyi siyasi təşkilat qalmadığı üçün, birdən hakim YAP-a da üz tutarsa, burada çox ciddi səhvə yol vermiş olar. Çünki YAP-da, çox şükür ki, İbrahim İbrahimli kimi boş yerə danışıb, özünü reklam edən siyasətçilər yoxdur. Orada əməli işləri ilə dövlət maraqlarına xidmət edən funksionerlər mövcuddur və aparılan işlər də məhz dövlətin gücləndirilməsinə xidmət edir.
Hansı ki, İbrahim İbrahimlinin bu günə qədər dövlət maraqlarından çıxış edərək, hər hansı bir işin qulpundan yapışdığını görməmişik. Heç görməyəcəyik də. Ona görə də çaşıb üzünü YAP-a sarı tutmasa yaxşıdı. Çünki YAP həm də xalqın partiyasıdır. Xalq isə İbrahim İbrahimli kimi istefa "mədəniyyəti" göstərən siyasi artistlik yapanlara barmaqarası baxır...
Rövşən RƏSULOV