"Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycana müsbət təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycana müsbət təsir göstərə bilər, amma kənd təsərrüfat məhsullarının ixracında ciddi problemlər yarana bilər: "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması ilə bağlı danışıqlar çoxdan gedir. Cənab Prezidentin bununla bağlı xüsusi Fərmanı var. Fərmana uyğun olaraq Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi tərəfindən komitə təşkil olunub. Komitələr bu mövzu üzərində işləyir və eyni zamanda Xarici İşlər Nazirliyinin müavini bu məsələ ilə məşğuldur. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması ilə bağlı bir sıra problemlər var ki, onlar da öz həllini tapmalıdır. Təşkilata daxil olsaq da, bizim kənd təsərrüfat məhsullarının ixracında ciddi problemimiz yarana bilər. Çünki orada gömrük tarifləri məsələsi var. Ona görə də danışıqlarda Azərbaycan müəyyən müddətə vaxt götürməlidir. Ümumiyyətlə bu, qəbul olunmuş variantdır, hətta bir sıra dövlətlər artıq bunu qəbul etdilər ki, bu müddət ərzində öz tariflərini qaydaya salsınlar və Azərbaycanın daxilində ixrac yönümlü məhsulların sayını artırsınlar. Bu, əsas məsələlərdən biridir. Düşünürəm ki, bu Azərbaycanda idxal, ixrac əməliyyatlarına, qiymət siyasətinə müsbət təsir göstərə bilər. Amma elə etmək lazımdır ki, Azərbaycan sahibkarları bundan ziyan çəkməsin".
sia.az