PDF Oxu

Müxalifət

  • 400

Hakimiyyət "Milli Şura"nı növbəti rəzalətdən xilas etdi

Hakimiyyət "Milli Şura"nı növbəti rəzalətdən xilas etdi

Əli Kərimli-Cəmil Həsənli cütlüyü buna görə iqtidara minnətdar olmalıdır

"Milli Şura"nın mayın 17-nə təyin etdiyi mitinqin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən bir gün öncəyə – mayın 16-na dəyişdirilmsi qərarı qurum rəhbərlərini təlaşlandırıb. Belə ki, növbəti etiraz aksiyalarının da uğursuz və biabırçı sonluqla nəticələnəcəyini öncədən hiss etmiş "Milli Şura" rəhbərliyi verilən qərara görə, minnətdar olmaq yerinə, hakimiyyətin onlara qarşı "təxribat" törətdiyini iddia etməkdədirlər. Onu da qeyd edək ki, BŞİH "Milli Şura"nın keçirmək istədiyi aksiyaya qadağa qoymayıb, sadəcə, onun vaxtını bir gün əvvələ çəkib və əgər mitinqə icazə verilməsəydi, bu zaman Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının hər hansı bir iddia ilə çıxış etmələrinə şərait olardı. Lakin göründüyü qədər, nəinki mitinqə icazə verilib, hətta onun keçirilməsi üçün daha bir gün tez zaman müddəti müəyyənləşdirilib. Ancaq qarşı tərəf bunu yenə də sərbəst toplaşmaq azadlığının "pozulması" kimi qiymətləndirməyə cəhd göstərib.

Əgər iqtidar doğrudan da bunlardan çəkinsəydi, ümumiyyətlə, mitinqlərin keçirilməsinə qadağa qoyardı

Məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı iddia edib ki, guya hakimiyyət "Milli Şura"nın mitinqlərindən "qorxuya düşüb" (?!-R.R.). O, daha sonra "hakimiyyətin cəmiyyətdə fəallığın getdikcə artmasından və "Milli Şura"nın mitinqlərində daha kütləvi iştirak etməsindən narahat" olması barədə məntiqsiz qənaətlər səsləndirib.

Maraqlıdır, əgər "Milli Şura" mitinq keçirmək əzmindədirsə, buna gücünün və bazasının olduğu qənaətindədirsə, nəyə görə bu qərardan təlaşa düşüb və öz təlaşını indi də iqtidarın üzərinə atmağa çalışır? Çünki bayaq da qeyd edildiyi kimi, əgər iqtidar doğrudan da bunlardan çəkinsəydi, ümumiyyətlə, mitinqlərin keçirilməsinə qadağa qoyardı. Amma göründüyü kimi, qadağa qoyulmayıb, sadəcə aksiya bir gün əvvələ keçirilib.

"Milli Şura" ölü doğulmuş uşaq kimi hələ də ortada qalıb və əslində fəaliyyətinin istiqaməti də bilinmir

Digər tərəfdən, onsuz da cəmiyyət, ictimai rəy dəfələrlə "Milli Şura"nın daha öncəki aksiyalarının ölgün, keyfiyyətsiz, səmərəsiz və rüsvayçı nəticə ilə başa çatmasının şahidi olub. Uzağı 700 nəfərin toplaşdığı mitinqlərin "Milli Şura" rəhbərliyi və mitinq komitəsi tərəfindən "10 minlərlə" qismində göstərilməsi deyilənlərə danılmaz sübutdur. Fakt budur ki, "Milli Şura" ölü doğulmuş uşaq kimi hələ də ortada qalıb və əslində fəaliyyətinin istiqaməti də bilinmir. Sadəcə, onlarda yaranmış "iqtidar düşməndir və iqtidarla dialoqa gedən tərəflər də düşməndir" prinsipi qana işləyib və bununla da onlar çirkli qanları ilə ürək bulandırmağa çalışırlar. Əlbəttə ki, xarici təşkilatların sifarişləri qarşısında nökərçilik etmək də öz yerində.

Mitinq keçirilərsə və ora 300-500 adam toplaşarsa, bu amil növbəti dəfə "Milli Şura"nın xarici təşkilatlar qarşısında öhdəçiliyini yerinə yetirilməməsi kimi təsdiqini tapacaq

Daha bir nüans isə Fuad Qəhrəmanlının mitinqin bir gün əvvələ keçirilməsi ilə bağlı irəli sürdüyü növbəti fikirləridir. O bildirib ki, mitinqin mayın 16-da keçirilib-keçirilməyəcəyi "Milli Şura"da və AXCP-də aparılacaq müzakirələrdən sonra bəlli olacaq. Məsələ bəllidir. Əslində, "Milli Şura" və AXCP rəhbərliyi də heç bir mitinq keçirmək istəmir. Hətta BŞİH-nin məlum qərarı onlara sərf də edir. Çünki əgər mitinq keçirilərsə və həmin mitinqə 300-500 adam toplaşarsa, bu amil növbəti dəfə "Milli Şura"nın xarici təşkilatlar qarşısında öhdəçiliyini yerinə yetirilməməsi kimi təsdiqini tapacaq. Bu baxımdan, Fuad Qəhrəmanlı ikili oyun oynayaraq, bir gün əvvələ keçirilən mitinq qərarından öz xeyirlərinə istifadə etməklə, sonda təxminən belə bir ifadə işlədəcək: "Biz mitinqin bir gün əvvələ təyin olunmasına görə, mitinq keçirməmək qərarına gəldik, bu iqtidarın "Milli Şura"ya qarşı təxribatıdır…". Bu kimi şantajçı və siyasi həyasızlıq üzərində qurulmuş iddiadan sonra isə bir sıra xarici və beynəlxalq təşkilatlar və erməni lobbisi I Avropa Oyunları ərəfəsində Azərbaycan dövlətinə qarşı həyasız davranışlarını daha da intensivləşdirməyə çalışacaqlar. Bax, məsələ də bundadır. Amma alınacaqmı? Əlbəttə ki, xeyr. Çünki Azərbaycanda mövcud olan təməlli dövlətçilik maraqlarının qorunması prinsipi bu cür sərsəm siyasət qarşısında hər zaman qələbə çalıb.

Rövşən RƏSULOV

Digər xəbərlər