Ekspertlər onların ciddi şəkildə cəzalandırılmasının vacibliyini bildirirlər
Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları öncəsi xarici qüvvələrin fəallaşması fonunda yerli təmsilçilər də görülən işlərə kölgə salmaq üçün geniş fəaliyyətə başlayıblar. Gah aksiyalar keçirməyə, gah da ultimativ bəyanatlarla çıxış etməyə meyil göstərən müxalifət bununla milli və dövlətçilik maraqlarına qarşı çıxmağı özünün prinsipi kimi göstərir. Halbuki qnunvericiliyin tələblərinə görə, təntənəli tədbirlərin keçirlildiyi məqamda kütləvi aksiyaların keçirilməsi yolverilməzdir. Buna yol verənlərə qarşı ciddi tədbirlərin görülməsi qanuna müvafiqdir. Məsələ ilə bağlı müsahiblərmizə müraciət etdik.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Azərbaycanın tarixində ilk dəfə belə böyük idman tədbirdiri keçilir. Bu Avropa tarixində ilk oyunlardır. Düşünürəm ki, bu cür tədbirlərdə iqtidar-müxalifət məsələsi olmamalıdır. Kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı ölkəmizdə keçiriləcək Avropa Oyunlarına dəstək verməlidir. Çünki bu gün bu tədbiri iqtidar tərəfi keçirmir. Bunu Azərbaycan dövləti keçirərək, ona ev sahibliyi edir. Bu baxımdan, müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkəmizdə bu cür təntənəli tədbirlərin keçirilməsindən öz maraqları üçün istifadə etməsi heç bir azərbaycanlıya yaraşmayan bir hərəkətdir. Çünki müxalifət olsa belə, yenə də onlar Azərbaycan vətəndaşıdırlar.
Müxalifət qüvvələrinin ölkədə aksiyalar keçirmək istəyi Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqançlıqla yanaşan xarici maraqlı qüvvələrin ölkə müxalifətinə növbəti tapşırığı ola bilər. Amma insanda abır-həya yaxşı şeydir. Ən azından həmin şəxslər fikirləşməlidirlər ki, bu cür hərəkətlərə əl atmaq olmaz.
Tətbiqi-Tədqiqatlar Fondunun prezidenti İbrahim Əliyev:
- Azərbaycanda keçiriləcək Avropa Oyunları öncəsi müxalifət təmsilçilərinin yersiz aksiyalar keçirmək istəyi arxadan vurulan zərbədir. Çünki bu aksiyanı keçirmək istəyən şəxslərin hər biri azərbaycanlıdır. Əslində isə, müxalifət təmsilçilərinin aksiya keçirmək üçün heç bir ciddi əsasları yoxdur. Hər bir vətəndaş kimi müxalifət təmsilçiləri də səfərbər olaraq əllərindən gələni etməlidirlər ki, ölkəmizdə keçiriləcək Avropa Oyunları yüksək səviyyədə baş tutsun. Xarici qüvvələr müxalifətə aksiyalar keçirməklə bağlı növbəti tapşırıqlarını versələr də, müxalifət buna getməməlidir. Təbii ki, müxalifətin aksiyalar keçirməsi onlara heç vaxt başucalığı gətirməz. Yaxşı olardı ki, müxalifət oturub yaxşı-yaxşı fikirləşsin və yersiz hərəkətlərdən çəkinsin. Əks halda bu, onların məhv olmalarını sürətləndirə bilər.
GÜLYANƏ