PDF Oxu

Müxalifət

  • 69

"Milli Şura"nın mitinqlərə həvəs göstərməsinin səbəbləri bəlli olur

"Milli Şura"nın mitinqlərə həvəs göstərməsinin səbəbləri bəlli olur

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları öncəsi müxalifətin mitinqlərə daha çox həvəs göstərməsi ictimai qınağa, tənqidlərə səbəb olub. Hətta müxalifət düşərgəsində təmsil olunan, ancaq sağlam, konstruktiv mövqeləri, fikirləri ilə tanınan partiya sədrləri də dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir məqamda dağıdıcı müxalifətin mitinqlərə daha çox maraq göstərməsini onların milli maraqlara zidd fəaliyyət yolu tutması kimi dəyərləndirilir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanın adına xələl gətirən bir qrup müxalif siyasi qüvvələr var ki, onlar xaricdən aldıqları sifarişləri yerinə yetirirlər: "AXCP, Müsavat kimi partiyalar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə və ölkəmizin dünyan dövlətləri arasında müsbət münasibətlərini pozmağa cəhd göstərirlər. Təbii ki, bu da məqsədyönlü bir siyasətdir. Ölkəmizdə Avropa Oyunlarının keçirildiyi bir zamanda müxalifət düşərgəsini təmsil edən şəxslər müxtəlif aksiyalarla pozuculuq aktları törətməklə oyunların əhəmiyyətini azaltmağa çalışırlar. Adıçəkilən qüvvələrə elə gəlir ki, bu cür vasitələrlə onlar öz siyasi iddialarını təmin edə və ya digər şəkildə siyasi maraqlarının təmin olunması üçün hər hansı bir xarici dəstəyi ala bilərlər. Amma yanılırlar".

Təşkilat sədrinin sözlərinə görə, Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bəzi xarici maraqlı dairələrin ürəyincə deyil: " Bu baxımdan da, bəzi xarici qüvvələr ölkə müxalifətinin əli ilə Azərbaycanda bu oyunların keçirilməsi ərəfəsi nə isə bir xoşagəlməz hərəkətlər etmək istəyirlər. Düşünürəm ki, hər zaman olduğu kimi, bu dəfə də onların bu məkrli siyasəti baş tutan deyil".

T.Novruzov onu da bildirdi ki, Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, reytinqinin getdikcə artması və nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilməsi dünya birliyi tərəfindən də etiraf olunur: "Əminliklə demək olar ki, demokratik düşüncəli dünya xalqları yerli və xarici qüvvələrin məkrli niyyətlərinin nədən ibarət olduğunu bildiklərindən onlara əhəmiyyət vermirlər. Oyunlar uğurla keçəcək və Azərbaycan öz adını idman tarixnə qızıl həriflərlə yazacaq".

GÜLYANƏ

Digər xəbərlər