PDF Oxu

Müxalifət

  • 319

Müsavatda daha nələr gözlənilir?

Müsavatda daha nələr gözlənilir?

Arif Hacılının avtoritar idarəetmə üsulu Müsavat partiyasını uçuruma aparır

Müsavat partiyasının tanınmış üzvü Vurğun Əyyubun partiyadan çıxarılması ilə başlanan istefalar davam edir. Bu dəfə partiyanın məclis üzvü Arifə Hüseynli may ayın 20-də Müsavatdan istefa verib. O, Müsavat partiyası rəhbərliyinin apardığı siyasətə etiraz olaraq bu addımı atdığını bildirib: "Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb".

Xatırladaq ki, ötən ilin sentyabrında keçirilən başıbəlalı qurultaydan sonra Müsavat partiyası hələ də özünə gələ bilməyib. Ona görə də hər keçən gün bu partiyada yeni narazılıqlar baş qaldırmaqda, yeni sədrə etimadsızlıq daha da güclənməkdədir. Hətta müstəqil fikirli müsavatçılar tutduqları mövqedən geri çəkilmir, yeni başqan Arif Hacılıdan baş verən haqsızlıqların hesabatını tələb edirlər. Bu isə ömürlərinin böyük bir hissəsini Müsavata qurban verən şəxslərin partiyadan qovulması ilə müşayiət olunur. Belə ki, buna misal Müsavat partiyasının aparıcı funksioneri Vurğun Əyyubun, tanınmış müsavatçı Adil Qeybullanın və bu günlərdə Müsavat partiyası qadınlar birliyinin sədri Ellada Məmmədlinin vəzifəsindən uzaqlaşdırılmasıdır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov qəzetimizə verdiyi açıqlamasında Müsavat partiyasında baş verən kütləvi istefalara münasibət bildirərkən deyib ki, demokratiyanı arzulayan, təbliğ edən bir təşkilat öz daxilində demokratiyaya və onun qanunlarına əməl etməli idi: "Bununla belə qanun çərçivəsində partiyanın yaradılmasında bu və ya digər formada əməyi olan insanlara hörmət göstərilməli idi. Hətta onlar öz diktatura xislətlərini üzə çıxarmamalı idilər. Bu hadisələr bir daha sübut etdi ki, Müsavatda olan ayrı-ayrı şəxslər partiyanı idarə edə bilmirlər və buna hazır deyillər. Təbii ki, hazır olmadıqları bir vaxtda cəmiyyətdən, hakimiyyətdən də demokratiya qaydaları tələb etmək haqları yoxdur. Bu baxımdan onlar ilk növbədə gərək özlərində demokratiyanı qursunlar. Hesab edirəm ki, Müsavatdan Vurğun Əyyubun ardınca istefaların səngiməməsi göz önündədir. Buna təəccüb etmək də lazım deyil. Çünki bu prosesdə İsa Qəmbərin özü də Arif Hacılını dəstəkləyir. Düşünürəm ki, onlar düzgün yolda deyillər. Əgər Müsavat bu minvalla davam edəcəksə, inanmıram ki, Azərbaycan siyasətində özünə güc toplaya bilsin və uçuruma düşməsin".

Müsavat partiyasında baş verən ardıcıl istefalardan sonra, Arif Hacılının komandasında yer alan tərəflər gedənlərin ardınca sərt ifadələr və ittihamlar səsləndirmələri ilə yanaşı, həm də partiya daxilində boş qalmış postlar uğrunda iddialarını irəli sürəcəklərini gizlətmirlər. Belə ki, "qaymaqların" - partiyanın yaradılmasında iştirak edən tanınmış müsavatçıların təşkilat sıralarını tərk etmələri onların vaxtilə tutduqları postlara göz dikənlərə sərf edir. Buna misal kimi, Müsavatın divan üzvü Osman Kazımovun məlum istefalardan sonra səsləndirdiyi fikirlərini göstərmək olar. Divan üzvü bununla bağlı deyib ki, nizamnaməni pozanlar bundan sonra da cəzalandırılacaqlar.

Arif Hacılının müavini Müsavatın "qaymaqlarına" dərs vermək istəyir

Maraqlı arqumentdir.Belə ki, Arf Hacılının müavini Osman Kazımlı partiyadan uzaqlaşdırılanları qınayaraq bildirir ki, "Müsavatı tanımırsansa, Müsvat da səni tanımır".

O.Kazımlı onu xatırladaraq bildirib ki, Vurğun Əyyubun partiyadan çıxarılmasına səbəb kimi, onun iclaslara qatılmaması, partiya rəhbərliyinin legitimiliyini tanımadığı üçün belə bir aqibəti yaşadı: "Əgər Vurğun Əyyub rəhbərliyi və strukturları tanımırsa, demək, siyasi təşkilatdan da getməli idi. Bir də adamdan soruşarlar ki, strukturlarını tanımadığın partiyada niyə qalırsan? İnsan ilk növbədə özünə hörmət edər, Vurğun Əyyub və onun tərəfdarlarının müsahibələrinə, açıqlamalarına baxın. Başdan-ayağa təhqiramiz, aşağılayıcı fikirlər işlədirlər. Başqa partiyada bu qədər ərköyünlük edə bilməzdilər. Sən Müsavat partiyasını tanımırsansa, Müsavat partiyası da səni tanımır. Kiminsə partiya qarşısında xidmətləri olubsa, bu, o demək deyil ki, istədiyi hərəkəti edə bilər. Bəs, partiyanın nizamnaməsi?!"

O.Kazımov, həmçinin Arif Hacılını tanımayanları xəyanətdə, yalan danışmaqda ittiham etməklə yanaşı, istefa verənləri və istefaya göndərilənləri həm də partiyanın nizamnaməsinə hörmət etməmələri kontestindən suçlayır. Lakin istefa verən müsavatçılar bildirirlər ki, nə qədr ki, Arif Hacılı başqandır, Müsavat partiyası tez bir zamanda parçalanma faktorundan yaxa qurtara bilməyəcək.

Söz yox ki, sabiq başqan İsa Qəmbər də bunu yaxşı bilirdi. Hətta bu gün Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının formalaşmasında və rəhbər strukturlarında təmsil olunan sabiq müsavatçıların Arif Hacılının başqan seçiləcəyi təqdirdə partiya sıralarını tərk edəcəkləri də ona məlum idi. Çünki bu, ona sərf edirdi. İlk növbədə ona görə ki, istefa verənlərin əksəriyyəti başda Qubad İbadoğlu olmaqla, partiyada İsa Qəmbər "epoxasına" son qoya bilənləriydilər.

Göründüyü kimi, əslində məsələ kifayət qədər açıq və bəllidir. Çünki sabiq başqan İsa Qəmbər bu dəfə də öz hiyləsini işə saldı və Vurğun Əyyubun hansı addımlar atacağından məlumatlı olduğu üçün, qabaqcadan özünə ən yaxın olan adamları onun arxasında xəfiyyə kimi işlədib. Əgər Osman Kazımov Vurğun Əyyubla bağlı əlində kompromatların, hətta fotoların olduğunu deyirsə, demək, bütün məsələlər - həm Arif Hacılının baqşan seçilməsi, həm də bunun üçün Qubad İbadoğlu tərəfdarlarının gizli bülleten imzalamaları qabaqcadan məlum olmuşdu. Bütün bunlar isə sonda bir nəticəyə gəlməyə zəmin yaradır: bu gün bir-birlərini ittiham edən tərəflərin hər ikisi məhz saxta yollarla Müsavatda öz başqanlarını görmək istəyiblər. Sadəcə, bu mübaruzədə İsa Qəmbərin planı keçib və Arif Hacılı başqan olub. Uduzanlar isə vəziyyətdən çıxçaları üçün hazırda qarşı tərəfi müxtəlif ittihamlarla suçlamaqdadırlar. Lakin bütün bunlar artıq dağılmış, parçalanmış Müsavata heç bir səmərə verməyəcək. Çünki gözlənilənlər artıq özünü doğruldub.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər