PDF Oxu

Müxalifət

  • 3 555

Müxalifət lüzumsuz iddiaları ilə özünü yandırdı

Müxalifət lüzumsuz iddiaları ilə özünü yandırdı

Siyasi-ictimai xadimlər yanğın hadisəsini siyasiləşdirərək dividend qazanmağa cəhd edən dağıdıcı müxalifət liderlərini ittiham etdilər

Bütün dövrlərdə dağıdıcı müxalifət xalqın üzləşdiyi faciələrdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışıb. Bu dəfə də belə oldu. Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın hadisəsindən Müsavat, AXCP və bu kimi digər əlləri xarici qüvvələrin ciblərində olan partiya funksionerləri öz məkrli ambisiyaları üçün istifadə etməyə cəhdlər göstərirlər. Söhbət etdiyimiz müsahiblərimiz xalqın faciəsindən siyasi məqsədlər üçün istifadə edilməsinin ləyaqətsiz addım olduğunu bildirdilər.

ASDP sədri Araz Əlizadə: "Milli Şura"nın yanğın hadisəsini siyasiləşdirməsi, yenə də deyirəm, bişərəflikdir"

- Demək olar ki, müxalifətin bütün imkanları tükənib, onların danışmağa sözü yoxdur. Müxalifətin ölkədə hər hansı ciddi fəaliyyəti olmadığı üçün lüzumsuz müzakirələr aparmağa və siyasiləşdirməyə hər hansı bir hadisə axtarır. O zaman özləri hakimiyyətə gələndə 20 Yanvar faciəsini, silahsız uşaqları müharibəyə göndərərək qırğınlara yol vermələrini və sairəni nə tez unudublar? Mitinq keçirmək istəyirlər, qoy keçirsinlər. Ancaq qeyrəti olanlar əvvəl etdikləri əməllərinə aydınlıq gətirir, sonra hər hansı bir hadisə ilə bağlı axtarış aparır, fikir bildirirlər. Özlərinin şərəfsiz, satqın hərəkətlərini unudan müxalifətin bişərəf qanadı, ölkədə hər hansısa bir hadisənin baş verməsindən siyasi məqsədləri üçün istifadə etməyə çalışır və bundan xoşbəxt olduqlarını göstərirlər. "Milli Şura"ya rəhbərlik edə AXCP sədri Əli Kərimlinin növbəti təlimi də bəllidir. Hesab edirəm ki, "Milli Şura"nın yanğın hadisəsini siyasiləşdirməsi, yenə də deyirəm, bişərəflilikdir. Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı aydın şəkildə münasibətini bildirdi: "Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək". Belə olan halda müxalifət bilməlidir ki, xalq həmişə dövlətin apardığı siyasəti dəstəklədiyi üçün onların keçirdikləri mitinqlərə qatılmayıblar və bundan sonra da qatılmayacaqlar. Ona görə də, budəfəki çağırışları və lüzumsuz iddiaları ilə özlərini yandırdılar.

Millət vəkili Çingiz Qənizadə: "Mübarizəni kişi kimi aparmaq lazımdır"

- Mən hadisə baş verən günü İmişlidə islam dəyərləri ilə bağlı keçirilən konfransda idim. Lakin hadisə ilə bağlı bir çox məlumatlar əldə etdim. Xüsusilə də, müxalifət liderlərinin "Facebook"da yanğın hadisəsi zamanı dövlət tərəfindən yanğının söndürülməsi ilə bağlı proseslərə kölgə saldıqlarına bir daha şahid oldum. Ümumilikdə müxalifət hakimiyyətə qarşı qara yaxmalarını sərgiləməkdədirlər. Mən həmişə çıxışımda bu fikri dönə-dönə demişəm və bu gün də deyirəm ki, mübarizəni kişi kimi aparmaq lazımdır. Komissiyanın iclasında etdiyi çıxış zamanı bir daha şahid olduq ki, dövlət başçısı bu hadisənin təsiri altındadır. Çıxışı zamanı ölkə Prezidenti çox haqlı olaraq bir çox məsələləri ortaya qoydu. Xalq bütün bunların şahidi oldu. Amma bu gün müxalifətin baş verən hadisədən şou düzəltməsi və dövlətə, hakimiyyətə qarşı manipulasiya edərək öz xeyirlərinə imic formalaşdırmağa çalışması yolverilməzdir, biyabırçılıqdır və bunu edənlərə ar olsun, deyirəm.

BAXCP sədr müavini Elçin Mirzəbəyli: "Müxalifətin yenidən bu hadisəni siyasiləşdirməsi heç bir nəticə verməyəcək"

- Müxalifət daxilində mənəvi-deqradasiya prosesi çoxdan başlayıb. Əslində, təəccüblənməyə dəyməz. Bu insanlar hər zaman ayrı-ayrı insanların faciəsi üzərində öz həyatlarını, siyasi kareyalarını qurmağa çalışıblar. Həmin radikal düşərgədə təmsil olunan insanların keçdikləri yola diqqət yetirsək, birmənalı şəikldə bu sözlərin nə qədər həqiqət olduğunu deyə bilərik. Konkret olaraq Əli Kərimlini götürək. Öz siyasi liderinə xəyanət edən və daha sonralar ətrafında olan insanların problem yaşamasına səbəb olan, onları yalnış yola yönəldən, hətta dövlətin, millətin mənafeyi əleyhinə yönəldərək, özünün karyerasını və həyat tərzini qurmağa çalışan satqından bundan artığını gözləmək olmaz. Ə.Kərimli hər zaman eyni mövqedə sərgilənib. Azərbaycanda "Evrovision" Mahnı Müsabiqəsində bu insanların dövlət əleyhinə apardıqları təbliğat unudulmayıb. Ötən prezident seçkilərində bütün dəyərlərə zidd çıxaraq başqa bir dövlətin başçısına ünvanladıqları məktub da xalqımızın yadındadır. Özlərinin elan etdikləri Qərbə inteqrasiya yolunun əleyhinə olaraq fərqli bir istiqamətdə mövqe dəyişdirməyə başlamışdılar. Ə.Kərimli kimi adamların Azərbaycanın mənafeyinə zidd olan qruplar və qrumlarla əlaqədə olduqları da xalqımıza bəllidir. Çünki bunu dəfələrlə faktlar da sübuta yetirib. Bu adamlar hətta dini radikal qruplardan da öz mənafeləri naminə istifadə etməyə çalışırlar. Yenə də insan faciəsi üzərində öz siyasi avantüralarını davam etdirməyə çalışırlar. Heç bir halda Azərbaycan xalqı bu insanlara-satqınlara dəstək verməyəcək. Çünki Azərbaycan xalqı onların kimliyini yaxşı tanıyır. Bu günlərdə yaşayış binasının yanması ilə bağlı hadisə dövlət tərəfindən ciddi nəzarətdədir və hadisə ilə bağlı ölkə Prezidentinin rəhbərliyi ilə yaradılmış Dövlət Komissiyasının ilk iclasında bütün bu məsələlərə aydınlıq gətirildi, ciddi şəkildə araşdırmalar aparılır. Bu gün ölkə Prezidenti mövcud olan problemləri hər kəsdən yaxşı dəyərləndirməyi və o problemlərdən çıxış yollarını göstərməyi bacarır. Səslənən fikirlər və bəyanatlar da xalqımızın məhz belə məqamlarda dövlətin yanında olması da bütün bu avantüraların qarşısını alır. Azərbaycan xalqı o körpələrə, o insanlara, onların xatirəsinə şam yandırmaqla dəstəyini nümayiş etdirdi və müxalifətin yenidən bu hadisəni siyasiləşdirməsi heç bir nəticə verməyəcək.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Müxalifət liderləri bu hadisəni siyasiləşdirməklə bir daha xalqın qəzəbinə tuş gəlirlər"

- Yanğın hadisəsi baş verəndə ölkənin radikal müxalifətindən bu cür reaksiya verəcəyini gözləyirdim. Çünki ölkənin bəzi müxalifət təmsilçilərinin fəaliyyətində hər zaman insan faciəsindən öz siyasi məqsədləri üçün istifadə edilməsi halları olub. Radikal müxalifət deyilən düşərgə ictimaiyyət tərəfindən qəbul edilmədiyi üçün belə bir addım atmaqla diqqət mərkəzinə çevrilməyə çalışır. Yəni sosial bazaya və təcrübəyə malik olmayan müxalif düşərgə sakinləri varlıqlarını nümayiş etdirmək üçün ölkədə baş verən hər hansı bir hadisədən yararlanmağa çalışır. Bu günə kimi onların təşkil etdikləri aksiyalar və mitinqləri biabırçılıqla başa çatıb. Bu gün yanğın hadisəsi ilə bağlı xalqı mitinqlərə çağırmaları onlara uğur gətirmir, əksinə, böyük nifrət və qəzəblə qarşılanır. Çünki xalq görür ki, ölkə rəhbəri, Azərbaycan dövləti öz millətinə hər zaman dayaq olur və hər bir azərbaycanlının Prezidenti olduğunu görülən işlərlə nümayiş etdirir. Bu hadisədə də dövlət başçısının mayın 20-də keçirilən komissiyanın iclasında etdiyi qətiyyətli, prinsipial çıxışlarla bir daha nümayiş etdirdi. Ona görə də, həmin müxalifət liderləri bu hadisəni siyasiləşdirməklə bir daha xalqın qəzəbinə tuş gəlirlər. Bu heç də siyasi gediş deyil.

Türk-Azəri Qadınlar Birliyini sədri Tənzilə Rüstəmxanlı: "Müxalifətin bu hadisədən manipulasiya etməsi yolverilməzdir"

- Bu hadisənin baş verməsində təbii ki, kimliyindən asılı olmayaraq günahkar mütləq cəzalandırılacaq və məsuliyyətə cəlb olunacaq. Mən buna inanıram. Ölkə Prezidenti də öz çıxışında bunu bir daha vurğuladı. Lakin bu gün müxalifətin bu hadisədən manipulasiya etməsi yolverilməzdir. Onların bu hərəkəti o zaman baş verə bilər ki, hadisə ilə bağlı ölkə rəhbərliyi, dövlət bir hərəkət etməsin və ya münasibət bildirməsin. Müxalifətin bu hərəkəti Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı yönəlmiş bir hərəkətdir. Dünyanın hər yerində belə hadisələr yüzlərlə, minlərlədir. Lakin həmin hadisələr bu dərəcədə böyüdülmür, şişirdilmir. Bu gün müxalifət adlananlar Azərbaycanda keçiriləcək böyük tarixi bir hadisə ərəfəsində ilk Avropa Oyunlarının başlanmasına sayılı günlər qaldığı bir zamanda baş verən bu yanğın hadisəsindən bəhrələnməklə bir daha onların xalqa, dövlətə düşmən mövqedə olduğunu nümayiş etdirir. Həmin müxalifət ermənilər tərəfindən Azərbaycana qarşı edilən təcavüz və yaxud da cəbhədə ermənilərin atəşkəsi tez-tez pozulması ilə bağlı hər hansı bir hadisəni dünya portallarında nə üçün vermirlər. Çünki həmin adamlar öz şəxsi ambisiyalarını düşündükləri üçün kimlərinsə göstərişi ilə ölkədə siyasi ab-havanı pozmağa çalışırlar. Bu adamlar sapı özümüzdən olan baltalardır.

R.HÜSEYNOVA

Digər xəbərlər