Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları öncəsi xarici qüvvələrin fəallaşması fonunda yerli təmsilçilərdə görülən işlərə kölgə salmaq üçün geniş fəaliyyətə başlayıblar. Gah aksiyalar keçirməyə, gah da ultimativ bəyanatlarla çıxış etməyə meyil göstərən müxalifət bununla milli və dövlətçilik maraqlarına qarşı çıxmağı özlərinin prinsipi olduğunu göstərirlər. Halbuki qanunvericiliyin tələblərinə görə, təntənəli tədbirlərin keçirildiyi məqamda kütləvi aksiyaların keçirilməsi yolverilməzdir. Söhbət etdiyimiz partiya yetkililəri buna yol verənlərə qarşı ciddi tədbirlərin görülməsinin tam şəkildə qanunamüvafiq olduğunu bildirdilər.
AMİP funksioneri Əli Orucov:
- Ölkəmizdə keçiriləcək Avropa Oyunlarının başlamasına az bir müddət qalıb. Artıq ölkəmizə gələn xarici qonaqların sayında artım müşahidə olunur. Təbii ki, Azərbaycan diqqət mərkəzindədir. Ona görə də, bəzi müxalifət qüvvələrinin bu oyunların keçirilməsi ərəfəsi məram və məqsədi bəlli olmayan aksiyalar keçirməyə cəhd etmələri yolverilməzdir. Ən azından ona görə ki, ölkəmizə gələn qonaqlar nə isə bir xoşagəlməz vəziyyətlə üzləşməməlidir. Eyni zamanda həmin şəxslərin hər biri ölkə vətəndaşlarıdır. Digər tərəfdən də bu cür aksiyaların keçirilməsi təhlükəsizlik baxımından da düzgün deyil.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Təbii ki, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ərəfəsində müxalifətyönlü qüvvələrin yersiz hərəkətlərə əl atması xarici qüvvələrin sifarişlərindən başqa bir şey deyil. Müxalifətin bu cür aksiyalar keçirmək istəməsi onlar üçün dövlət və millət maraqlarının heç bir əhəmiyyət kəsb etmədiyinin göstəricisi sayılır. Bu da heç də düzgün sayılmır. Ümumiyyətlə, Avropa Oyunlarının keçirilməsi hər bir ölkə üçün başucalıqı gətirməlidir. Ən azından ona görə ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqla yanaşı tarixdə ilk Avropa Oyunlarının keçirildiyi ölkə kimi qalacaq. Müxalifət bunu nəzərə almırsa, bu, onların milli və dövlətçilik hissindən uzaq olduqlarını göstərir.
GÜLYANƏ