Arif Hacılının "təmizlənmə siyasəti" Müsavatın siyasi meydandan birdəfəlik silinməsi ilə başa çatacaq
Müsavatdaxili hadisələrin çərçivədən çıxaraq get-gedə artması, söz atışmalarının isə tənqidlərdən uzaqlaşaraq, təhqirlər istiqamətində inkişaf etməsini müşahidə etmək elə də çətin məsələ deyil. "Partiyanın qaymaqları" adlandırılan bir qrup insanın deyil, artıq bir toplumu əks etdirən şəxslərin oradan uzaqlaşdırılması isə həmin vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Maraqlı məqam isə ondadır ki, Müsavat başqanı Arif Hacılının "təmizlənmə siyasəti"nə əsaslanaraq mayın 3-də partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplantısında partiyanın üzvü Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib. Səbəb kimi Vurğun Əyyubun özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymaması, qərarlara tabe olmaması, üzvlük haqqını ödəməməsi göstərilib.
Müsavatın müəmmalı qərarı
Digər maraqlı nüans isə odur ki, Müsavat başqanı Arif Hacılı partiyadan çıxarılanların ona ünvanladıqları təhqir, tənqid və söyüşlərin bitib-tükənmədiyini bildirir. Bu gün isə, Müsavatın verdiyi məlumata görə, Vurğun Əyyubun Müsavat Partiyasına bərpası ilə bağlı Binəqədi rayon təşkilatı şurasının adından çıxarılan qərarın araşdırılması aparılır.
Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlının bu barədə verdiyi açıqlamada deyilir ki, V.Əyyubla bağlı məsələ partiya müavinliyi tərəfindən araşdırılır və nizamnaməyə uyğun qərar veriləcək. Lazım gəlsə, bu məsələ mərkəzi nəzarət-təftiş komissiyasında da, divanda da araşdırıla bilər: "Hər şey partiyanın nizamnaməsinə uyğun olacaq və burda başqa şey ola bilməz".
Binəqədi rayon təşkilatının sədri Rauf Ağayev isə bildirdi ki, rayon təşkilatı şurasının və idarə heyətinin toplantısı keçiriləcək. Bir neçə şura üzvünün toplantı keçirib adını şura iclası qoymasına və qəbul etdiyi qərarlara münasibət ortaya qoyulacaq.
Müsavat partiyası mərkəzi nəzarət-təftiş komissiyasının sədri Sevinc Hüseynovanın sözlərinə görə, Vurğun Əyyubun Müsavat partiyası üzvlüyünə bərpası ilə bağlı qərar araşdırılacaq və ləğv olunacaq. O bildirib ki, Müsavat partiyasının Binəqədi rayon təşkilatının şura üzvlərinin mayın 19-da keçirilən iclasında nizamnamə pozuntusuna yol verilib: "Orada özbaşınalıq baş verib. Şura iclası rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Nizamnaməyə görə, şura ancaq rayon təşkilatının sədri tərəfindən çağırıla bilər və yaxud da növbədənkənar şuranı üzvlərin üçdə-biri çağırıla bilər. Yəni göründüyü kimi, orada nizamnamə pozuntusu baş verib. Belə olan halda, təbii ki, şuranın qərarına bir daha baxılacaq və ləğv ediləcək".
Vurğun Əyyub: "Müsavat rəhbərliyinin nə istədiyi anlaşılan deyil"
"Müsavat rəhbərliyinin Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına qoşulan müsavatçılara çağırış etməsi, onları nizamnaməni pozacaqları halda partiyadan çıxarılmaqla hədələməsi anlaşılan deyil". Bu barədə hərəkatın təşkilat komitəsinin üzvü Vurğun Əyyub bildirib və qeyd edib ki, nizamnaməni pozan üzv partiyadan azad edilə bilər: "Amma Müsavat partiyasının nizamnaməsinin pozulub-pozulmamasının ADR ilə nə bağlılığı var?"
Onun sözlərinə görə, Müsavat rəhbərliyi sadəcə ADR-ə qısqanclıq göstərir və nizamnaməni bəhanə gətirib ADR-ə qoşulan müsavatçıları partiyadan uzaqlaşdırmaq niyyətindədir: "Bu, bir qədər "O olmasın, bu olsun" filmində qoçuların xorla "aç qapını, gələk səni öldürək" oxumasına bənzəyir. Lakin A.Hacılı elə zənn edir ki, Müsavatda bir növ "təmizlənmə" siyasəti aparmaqla partiyada qayda-qanun yaradır, ancaq bilmir ki, "qaş düzəltdiyi yerdə vurub gözünü də çıxarır. Biz Müsavatın bu günə düşəcəyini A.Hacılı başqan olan gündən gördük. Çünki A.Hacılı İ.Qəmbərin plagiatıdır. Bu adı üstündən atmaq üçün çıxış yolunun konstruktiv mövqedə olanları Müsavatdan uzaqlaşdırmaqda görür".
Göründüyü kimi, Arif Hacılını "təmizlənmə siyasəti" Müsavatın siyasi meydandan birdəfəlik silinməsi ilə başa çatacağı artıq aydın görünür.
Rəfiqə HÜSEYNOVA