Niyaməddin Orduxanlı: "Müsavat partiyasından istefalar həm də İsa Qəmbərin siyasətdə məğlubiyyətinin göstəricisidir "
Müxalifət düşərgəsində təmsil olunan partiyalardan kütləvi istefalar liderciklərin səhv siyasətlərinin nəticəsidir. Bunu son vaxtlar AXCP-nin Sumqayıt şəhər təşkilatının sədri İsa Qurbanovun, eləcə də, Müsavatın rəhbər strukturlarında yer alan funksionerlərin və sıravi üzvlərin istefa bəyanatlarında da görmək olar. BAXCP sədr müavini Niyaməddin Orduxanlı bizimlə söhbətində bildirdi ki, Müsavat partiyasından ardıcıl istefaların arxasında yalnız Arif Hacılının səhv siyasəti deyil, eləcə də İsa Qəmbərin hikkəsi, mənasız iddiaları dayanır: "Müsavat partiyasında baş verən parçalanmaların, qopmaların səbəbkarı Arif Hacılı, İsa Qəmbər və Qubad İbadoğlu qarşıdurmasıdır. Bu qarşıdurmadan yaranan nəticələrdir. Artıq demək olar ki, bu partiya parçalanmış bir vəziyyətdədir və iki böyük hissəyə ayrılıb. Bir sözlə, bu partiyada xeyli istefalar var. Yəni Müsavat partiyasının 25 il bundan öncə təsisçiləri belə bu partiyadan üz döndəriblər. İ.Qəmbərin və A.Hacılının səhv, yarıtmaz siyasətinə etiraz əlaməti olaraq istefa veriblər. Müsavat partiyasının xüsüsilə də İsa Qəmbərin heç bir prespektivi yoxdur. Bir sözlə, Müsavat partiyasının Azərbaycan siyasətində nə isə bir uğur qazana bilməsi qeyri-mümkündür".
N.Orduxanlının sözlərinə görə, Müsavat partiyasından istefalar həm də, İsa Qəmbərin siyasətdə məğlubiyyətinin göstəricisidir: "İstefa verən şəxslər artıq qəbul edirlər ki, İsa Qəmbər faktoru yoxdur. Düşünürəm ki, Müsavat partiyasında baş verən istefalar davam edəcəkdir".
"Belə iddia olunur ki, Əli Kərimli Cəmil Həsənlini "Milli Şura"nın sədri vəzifəsindən kənarlaşdıraraq onun yerinə Fuad Qəhramanlını təyin etmək istəyir. Sizcə, bu istəyin arxasında daha hansı faktorlar dayana bilər" sualını cavablandıran N.Orduxanlının sözlərinə görə, inandırıcı görünmür ki, Əli Kərimli quru bir adı qalmış AXCP-ni Fuad Qəhramanlıya versin: "Əli Kərimli öz doğma adamına belə o partiyanın quru adını verməz. Demək olar ki, Cəmil Həsənli Əli Kərimlinin bir şöbə müdiri vəzifəsini daşıyır. Yəni "Milli Şura" 2013-cü ildə yarananda 130 nəfərə yaxın adamla təsis olunub. Amma indi isə həmin 130 nəfərdən yarıdan da çoxu "Milli Şura" deyilən qurumu tamamilə tərk edib. Demək olar ki, orada 5-10 nəfər Əli Kərimlinin öz partiyasının üzvi olan təcrübəsiz gənclərdir. Bir sözlə, inandırıcı görünmür ki, Əli Kərimli Fuad Qəhramanlını "Milli Şura"nın sədri təyin etsin. Əli Kərimliyə AXCP-nin quru adı kifayət edir və bu quru adı da o, heç kəsə verməz".
GÜLYANƏ