Yaxud İsa Qəmbərin və Arif Hacılının "biznesinin fəaliyyət mexanizmi" bəlli oldu
Dağıdıcı müxalifət düşərgəsini təmsil edən partiyalar haqqında cəmiyyətdə təəccüb doğuran məlumatlara artıq alışmışıq. Bəzən bu düşərgə barəsində elə xəbərlər ortaya çıxır ki, bu, təəccübdən çox təəssüf və dəhşət hissi doğurur. Təəssüf doğurur ona görə ki, ölkəmizin özünü siyasi müxalifət adlandıran qurumları bu qədər cılız və qeyri-ciddi işlərlə məşğul olur. Dəhşət hissi yaradır o üzdən ki, belə bir təfəkkürə sahib olan insanlar hakimiyyətə gəlib dövləti idarə etmək iddiasındadırlar. İndi bu tipli adamların və qüvvələrin hansısa bir ölkəyə rəhbərlik etdiyini düşünməyin özü belə insanı vahiməyə salmağa kifayət edir.
Son vaxtlar yalnız parçalanma və kütləvi istefalarla gündəmə gələn radikal düşərgənin təmsilçilərindən biri olan Müsavat partiyası yeni xəbərlərlə yenilik gətirməyə "nail" olub. Partiyanın adı indi də "mühacir ixracı" və saxta üzvlük vəsiqələrinin hazırlanmasında hallandırılır.
Müsavat rəhbərliyində təmsil olunan şəxslərin Avropa ölkələrinə getmək istəyən şəxslərə müxtəlif yollarla yardım etmələri və bu sahədə geniş "mühacir biznesi" yaratmaları barədə xəbərlər yeni deyil. Bu məzmunlu məlumatlar vaxtaşırı dövrü mətbuatda yer almaqdadır. Lakin bu dəfə tərəflər arasında yaranan narazılıq rüsvayçılıq səviyyəsinə çatıb.
Elnur Mirzəyev adlı bir nəfər Avropa ölkələrinin birində yaşamaq arzusunu reallaşdırmaq üçün müsavatçıların "xidmətlərindən" faydalanmaq istəyib. Bu məqsədlə partiyaya müraciət edərək onun barəsində guya siyasi təzyiqlərlə üzləşməsi barədə saxta qovluq yaradılmasını xahiş edib və bunun üçün razılaşdığı müsavatçıya xeyli pul da ödəyib.
Meydana çıxan rüsvayçılığı daha yaxşı anlamaq üçün E.Mirzəyevin mətbuata verdiyi açıqlamaya nəzər salmaq yetərlidir: "Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim buradan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim - 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə -2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orada ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".
Onun sözlərinə görə, hətta ona verilən arayışları bu faktı ciddi-cəhdlə inkar etməyə çalışan Müsavat partiyayasının sədr müavini Gülağa Aslanlının şəxsən özündən alıb: "Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə".
E.Mirzəyev onu da bildirib ki, müsavatçıların saxta sənəd alveri ilə məşğul olduqlarını bilməyən yoxdur: "Hamı bilir ki, 6-7 ildir Müsavat partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mən isə, bu məsələni belə qoymayacam".
Qeyd edək ki, bu fakt yeganə deyil. Bir neçə ay bundan öncə Müsavat partiyasına yeni başqan seçilən Arif Hacılı ilk "fəaliyyətinə" saxta bəyanat imzalamaqla başlamışdı. Yeni başqan partiya üzvü İkram İsrafilin övladının Avropa ölkələrinin birində sığınacaq almasına yardım etməkdən ötrü onun guya Azərbaycanda polis zorakılığı ilə üzləşməsi barədə belə bir qurama bəyanat hazırladıb imzalamışdı. Sonra məlum olmuşdu ki, bu gənc heç ümumiyyətlə, son illərdə Azərbaycanda olmayıb. Hətta A.Hacılı bəzi partiyadaşlarının etirazlarından sonra etiraf etmişdi ki, "bir dostumuzun övladına görə belə bir addım atdıq".
Göründüyü kimi, Müsavat partiyasının pul qarşılığında mühacir formalaşdırma "biznesinin" əsas mexanizmi bu cürdür: Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya "müsavatçı" ixrac edirlər.
Hətta bəzi məlumatlara görə, mühacirətə getmək istəyən vətəndaşlara bildirilir ki, sadə arayış 800-1000 manat civarındadır. Lakin İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlər varsa, onlara fərqli qiymət deyilir: 1500-2000 manat.
Bununla yanaşı, Müsavat partiyasının mühacirət biznesində Avropada yaşayan etibarlı əlaltıları da var. Belə ki, Əli Ağayev İsveç, Eldəniz Yusibov Belçika, Hollandiya, Yusif Abiov Almaniya, Qabil Rzayev İsveçrə istiqamətində işləyən "məhsuldar" isavatçılardır.
Bir sözlə, A.Hacılı-İsa Qəmbər məhz bu "biznesini" genişləndirmək məqsədilə nəyin bahasına olur-olsun, partiyada rəhbərliyi əldə saxlayırlar. Görünür, bu yolla onlar daha çox pul qazanmaq istəyir, Müsavat partiyasını isə istismar edərək oyuncağa çevirirlər.