Cəmil Həsənli-Əli Kərimli cütlüyünün "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı başlatdıqları savaş və həmin savaş çərçivəsində "Azadlıq" qəzetinin də rol aldığı müxtəlif səpgili itihamlar, əslində, nəticə etibarilə fərdlərarası, qəzetlərarası davadan partiyalararası savaşa doğru istiqamət alacağını proqnozlaşdırırdı. Və əgər ki, ortada bir "əmma" olmasaydı, hər halda bütün bunlar baş verməzdi. Nə fərdlər arasında, nə qəzetlər arasında, nə də partiyalar arasında hər hansı dava-dalaş olmazdı. Ancaq görünən də budur ki, ortada nəninki "əmma", hətta ondan da izafi məsələlər mövcuddur. Daha dəqiqi, ortada uzun illərin nifaqı, qəbuledilməzliyi, AXCP-Müsavat arasındakı platonik nifrət amili dayanır. Bu gün AXCP sədri Əli Kərimli Rauf Arifoğluni ittiham edirsə, həmin ittihamda "Yeni Müsavat" qəzeti ilə yanaşı, Müsavat partiyası da yer alırsa, Rauf Arifoğlu isə Əli Kərimliyə cavab verərkən, ortaya Cəmil Həsənli məsələsini qatırsa, üstəlik, "Azadlıq" qəzeti də bu bataqlıqda çabalayırsa, demək, həqiqətən də bütün bunlar məhz partiyalararası savaşın məntiqi nəticələridir.
Nə "Azadlıq" qəzeti "Yeni Müsavat"a, nə də "Yeni Müsavat" qəzeti "Azadlığ"a istinadən xəbər çap edib, qarşı tərəfin yaxın olduğu siyasi təşkilatın işini təbliğ etməz
Yox, əgər bu, belə deyilsə, onda "Yeni Müsavat" qəzetində "Azadlıq"da gedən hər hansı bir məlumat "Azadlığ"a istinadən verilsin, AXCP-nin fəaliyyəti ilə bağlı qeyri-tənqidi (təhqiri) material yerləşdirilsin, biz də deyək ki, pəki, xub! Partiyalararası savaşlarda müxlaifət qəzetləri neytral mövqe tuturlar. Amma tuturlarmı? Yaxud "Azadlıq" qəzeti eyni məsələdə "Yeni Müsavat"a istinadən bir xəbər çap edərmi? Müsavat partiyasında baş verən istənilən bir məsələyə tənqidi (təhqiri) deyil, araşdırmaçı rakursundan yanaşma edərmi? Əsla! Bilirsinizmi niyə? Çünki bu, PARTİYALARARASI SAVAŞDIR! Nə "Azadlıq" qəzeti "Yeni Müsavat"a, nə də "Yeni Müsavat" qəzeti "Azadlığ"a istinadən xəbər çap edib, qarşı tərəfin yaxın olduğu siyasi təşkilatın işini təbliğ etməz. Kim necə deyirsə, çulunu sudan necə, hansı cür çıxarmaq istəyirsə, istəsin. Bu, partiyalararası savaşın ta özüdür ki var!
Beləliklə, hər iki tərəf bir-birini "demokratik dəyərlərə" xəyanətdə, düşərgənin "haqq işində" satqınçılıqda və bu kimi digər ittihamlarda suçlayır, əllərində danılmaz və cəmiyyətə, ictimai rəyə şok effekti verəcək faktların, dəlillərin olduğunu deyirlər. Amma buna ehtiyac da duyulmur. Yəni ötən tarixə gedib, baş ağrıtmağa lüzim qalmır, hazırkı savaşa nəzər yetirərkən...
Gözəl Bayramlının ittihamı odun üzərinə atılan benzin effektini verdi
Baş verənlər kontekstində bir müddət susqun qalaraq söz ehtiyatı toplayan, ardınca isə "Azadlıq" vasitəsilə "Yeni Müsavat" qəzetinə, üstəlik Müsavat partiyasına nifrinlərni tökən Gözəl Bayramlı nə qədər maraqlı görünsə də, Raud Asrifoğlu haqqında bir-iki kəlmə ağızucu danışıb, sonradan isə hədəf kimi Arif Hacılını seçib. "Son aylarda onlarla üzvü partiyadan çıxarmısınız" ittihamını irəli sürən Bayramlı sosial şəbəkələrdə sabiq başqan İsa Qəmbərə və Arif Hacılıya suallar ünvanlayıb. İddia edib ki, AXCP və "Milli Şura"nın tənqid edilməsinə və bunun Müsavatın üzvü olanlar tərəfindən həyata keçirilməsinə susmaq bu əməllərə dəstək olmaq deməkdir. Bayramlı daha sonra diqqəti Müsavatdan çıxarılan şəxslərin üzərinə cəmləşdirib, bildirib ki, son dövrlər bir çox müsavatçı nizamnamə pozuntusu, milli dəyərlərə hörmətsizlik, partiya rəhbərliyinə saymazlıq kimi absurd iddialarla partiyadan çıxarılıb. AXCP sədrinin müavini İsa Qəmbər və Arif Hacılını hədəfə gətirərək onlardan məsələyə konkret münasibət bildirmələrini istəyib. Beləliklə, bu fakt da hadisələrin partiyalararası münaqişə olduğunu təsdiq edir.
Mustafa Hacıbəyli hələ ki, bu odu söndürə bilmir
AXCP sədrinin müavini Gözəl Bayramlının məlum ittihamından sonra təmsil olunduğu partiyada Müsavat ittihamçılarına ilk cavab verən şəxs kimi tanınan Mustafa Hacıbəyli də vaxtını itirməyib. "Onlar Müsavata qarşı hədəflərini müəyyən ediblər" - deyən partiyanın məclis üzvü Mustafa Hacıbəyli qeyd edib ki, AXCP və "Milli Şura" Gözəl Bayramlının sosial şəbəkədəki səhifəsi vasitəsilə hədəflərini müəyyən ediblər: "Yenə İsa Qəmbər və Arif Hacılını nişan alıblar. Gözəl Bayramlı deyir ki, Müsavatdan onlarla adam çıxarmısınız, ancaq biz buna qarışmırıq. Əvvəla, onlarla deyil, on adam çıxarılıb. Sual olunur, bizim çıxardıqlarımızın Razi Nurullayevdən və Nərimanov cəbhəçilərindən üzü o yana olduğunun fərqindəmisiniz? Müsavatdan gedən bəlli kəsimə tribuna verirsinizsə, hansı haqla bizdən dəstək umursunuz?"
Mustafa Hacıbəyli qeyd edib ki, özü, Arif Hacılı və bütövlükdə Müsavat artıq öyrəncəli olub: "Öncədən yazmırdım, düşünürdüm ki, Müsavata qarşı növbəti dəfə hücum etmək üçün bundan bəhanə kimi istifadə edəcəklər. Ancaq bunlara bəhanə də lazım deyilmiş. Onlar Müsavatı, İsa Qəmbəri və onun davamçılarını nişan alıblar. "Azadlıq" qəzeti bu gün də Müsavatdan gedənlərə səhifə-səhifə yer ayırır. Əvvəl Müsavatdan gedənlərə həm açıq, həm də gizli dəstək verirdilər. Fuad Qəhrəmanlı onların qələbəsini arzuladığını açıq yazmışdı. Rayonlarda cəbhəçilər yerli müsavatçıları qurultayda məhz qarşı tərəfə səs verməyə çağırırdı. İndi də Rauf Arifoğlunu düşmən ediblər. Bir vaxtlar mən ümumi maraqlara görə işimdən oldum. Amma nə Əli Kərimli, nə Cəmil Həsənli, nə də Gözəl Bayramlıdan dəstək görmədim. Əksinə, "Azadlıq" qəzetində mənə qarşı iki səhifə müsahibə çap edildi. Heç cavab vermək haqqım da tanınmadı. Əgər özünüz ədalətli olmamısınızsa, "mənə dəyməyən qurd min yaşasın demisinizsə", Müsavatın üzərinə gələnlərə dəstək və tribuna vermisinizsə, indi başqalarından ədalət ummayın. Sizə məntiq deyil, spekulyasiya lazımdır".
Savaşın əhatəsi daha da genişlənərək, bilinməyən fakrların da ortaya çıxmasına səbəb olacaq
Beləliklə, məsələ kifayət qədər bəllidir və bəlli olduğu qədər də açıqdır. Bu, fərdlərarası potoloji nifrətin partiyalararası nifrətə qədər böyüməsi və partlamasıdır. Ümumiyyətlə, "ya mən, ya da heç kim" prinsipinin uzun illərdir ki, davam etdiyi bir məkanda bunun baş verməsi artıq kimsədə təəccüb doğurmamaqdadır. Hətta ehtimal etmək mümkündür ki, bu savaşın əhatəsi daha da genişlənərək, bilinməyən fakrların da ortaya çıxmasına səbəb olacaq. Məsələn, biz biləcəyik ki, Cəmil Həsənli Sovet DTK-sına çuğulluq edərkən, orada kimlərin adlarını hallandırıb? Əli Kərimli komsomol olduğu dövrlərdə hazırda da ənənəvi müxalifətdə yer almış hansı şəxs barəsində material toplayaraq, "KQB" arxivinə təqdim edib? Arif Hacılı həbsxanada olarkən, hansı etiraflarda bulunub? İsa Qəmbər nəyə görə Hacılını başqan seçdirib və bunda maraqlı olub? Bütün bunların hamısını biz deyil, elə savaş aparan tərəflərin özləri ictimaiyyətə açıqlayacaqlar. Elə isə gözləyək...
Rövşən RƏSULOV