Budəfəki dava mandat davasıdır
Müsavatın qalmaqalları sırasına biri də əlavə edilib. Bu, qalmaqalın və qarşıdurmanın səbəbi isə payızda keçiriləcək parlament seçkiləridir. Belə ki, partiyadaxili digər qarşıdurmaların səngimədiyi, ortada ümumi mövqenin olmadığı bir vəziyyətdə daha bir intriqanın yaranması, əslində partiyanın heç də ciddiyə alınmamasının aşıq göstəricisidir. Daha dəqiq desək, partiya cəmiyyət qalsın bir yana, hətta öz daxilindən də ciddiyə alınmamaqdadır. Bu amil isə növbəti məlum qarşıdurmaların yaranmasına şərait yaratmaqla yanaşı, həm də adıçəkilən siyasi təşkilatın yararsızlığını təsdiqləyən hal kimi özünü göstərir.
Arif Hacılı hələ də Müsavat rəhbərliyinə hansı saxtakarlıq yolları ilə gəldiyini etiraf emir, amma iqtidara "şərt" qoyur
Baxın, ötən həftə Müsavat partiyasının məclis toplantısı keçirildi və orada çıxış edən başqan Arif Hacılı I Avropa Oyunları ətradında özünə sərf edən qeyri-ciddi imitasiyalarla, gülünc manipulyasiyalarla guya hər hansı bir "faktoru" sübuta yetirməyə çalışdı. Eyni zamanda, iqtidarla dialoq məsələsinə də toxunan Hacılı mövcud olmayan "siyasi məhbus" məsələsini qabardaraq, guya Müsavatın irəli sürdüyü şərtin (?!-R.R.) qəbul olunmamasına görə hakimiyyətlə dialoqa gedilmədiyi iddia edib.
Maraqlıdır, Arif Hacılı hələ də Müsavat rəhbərliyinə hansı saxtakarlıq yolları ilə gəldiyini etiraf emir, qurultaydan öncə planlaşdırılmış seçki saxtakarlıqlarının ortada olan dəlil və sübutlarının "real olmadığını" deyir, partiyasında davam edən istefaların, qopmaların səbəbini özündə axtarmır, amma hakimiyyətə "şərt" qoyur! Hansı ki, hakimiyyət bütün müxalifət partiyalarını dialoqa dəvət edib və burada ümummilli maraqlar ortaya qoyulub. Və əgər Müsavat özünü dağ başına qoyub (öz aramızdır, Arif Hacılı və qardaşları əvvəlinci başdan, birillik hakimiyyətləri dövründən yekəxana-yekəxna danışıb, sonda bir qara qəpiyə belə, dəymədiklrini sübuta yetiriblər-R.R.) dialoqlarda iştirak etmirsə, Müsavatın hansı addım atması, ümumiyyətlə, iqtidarı dünəndən maraqlandırmır. Çünki Müsavat ölkədə tək müxalifət partiyası deyil və yeri gələndə bu partiyadan da qat-qat güclü müxalifət partiyaları mövcuddur. Onlar parlamentdə də, dövlətçiliyin inkişafı istiqamətində də müəyyən işlərini aparmaqdadırlar. Müsvat isə artıq neçə illərdir ki, yerində saymağa davam edir. Ona görə də partiyada qalxan narazılıq dalğası Arif Hacılının qeyri-ciddi fikirlərini daha pis vəziyyətə qoyur.
Almaz Əliqızı Gülağa Aslanlıdan niyə xoflanır?
Məsələn, məlum olub ki, partiyanın sonuncu toplantısında məclis üzvü Almaz Əliqızı başqan müavini, partiyanın mərkəzi icra aparatnın rəhbəri Gülağa Aslanlının parlamentə namizəd olmaq istəyən şəxslərə zəng edərək onların fikrini öyrənməsimə irad tutub: "G.Aslanlı namizədlərə zəng edərək fikirlərini öyrənir, amma mənə zəng gəlməyib. Belə olan halda mən də müstəqil namizədliyimi irəli sürsəm məndən inciməyin".
Gülağa Aslanlı isə ona qarşı yürüdülən iradlara belə cavab verib: "Mən heç bir namizədə zəng etməmişəm. Kimsə bunu deyirsə, indi dursun desin ki, zəng etmişəm. Kim namizəd olmaq istəyirsə, rayon təşkilatına müraciət etsin. Bunu əvvəlcədən də bəyan etmişik. Belə bir hal olmayıb".
Əslində, burada Gülağa Aslanlının nə isə deyib-deməməyi əhəmiyyətli deyil. Maraqlı məqam budur ki, əgər Gülağa Aslanlı hər hansı bir fikiri, həqiqətən də deməsə belə, parlament seçkilərində namizədliklərini vermək istəyən müsavatçılara zəng etməsə də belə, Almaz Əliqızı nəyə görə bu qədər narahat olub və Aslanlıya qarşı sərt çıxış edib?
Yəqin ki, bu sualın cavabı da bəllidir. Bəllidir ki, artıq Müsavat partiyasında parlament seçkiləri öncəsi mandat uğrunda mübaruzəyə qatılmaq üçün təşkilatdaxili gizli savaşa başlanılıb. Amma sual edən də yoxdur ki, əgər Müsavat yetkililəri, həqiqətən də noyabrda keçiriləcək seçkilərdə iştirak etmək istəyirlərsə, bu cür intriqaları, qarşıdurmaları, istefaları və düşmənçilik münasibətləri ilə payıza qədər ayaqda qalmağı bacaracaqlarmı? Bizcə, yox...
Rövşən RƏSULOV