Artıq məlum olduğu kimi, iyulun 19-da Müsavat partiyasının qadınlar birliyinin yeni sədri seçiləcək. Lakin daha bir məlum olan məsələ qadınlar birliyi sədrliyinə keçiriləcək seçkilərdə iddiaların bir-birlərinə güzəştə getməyəcəkləri amilləridir. Məsələn, partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanovun dediyinə görə, ərizələrin verilməsi hələ də davam edir: "İyulun 19-da keçiriləcək ümumi yığıncaqda qadınlar birliyinin yeni sədri seçiləcək. Həmçinin yeni rəhbərlik də formalaşacaq".
Müsavatçı qadınlar post əldə etmək uğrunda bir-birləri ilə savaşa hazırlaşırlar
Beləliklə, görünən budur ki, ziddiyyətlər yalnız qadınlar birliyinin sədri olmaq üçün deyil, həm də bu birliyin rəhbər strukturlarında post tutmaq uğrunda gedir. Daha dəqiq desək, Müsavatın qadınlar birliyinə həm sərbəst şura, həm MTK üzvləri, eyni zamanda birliyin sədri seçiləcək. Artıq bunun üçün ərizələr də daxil olub. Ancaq həmin ərizələr özü-özlüyündə heç bir rol oynamayır. Artıq müsavatçı qadınlar post əldə etmək uğrunda bir-birləri ilə savaşa hazırlaşırlar. Necə deyərlər, Müsavatda bu dəfə savaşa qadınlar gedir.
Arvadbazarı...
Partiya rəhbərliyi qadınlar birliyinin rayon təşkilatı statusunda olduğu üçün, hətta ümumi yığıncaq günü də kiminsə namizədliyini irəli sürə biləcəyini istisna etmir. Məhz bu amil də belə qənaətə gəlməyə əsas verir ki, seçkilər günü vəziyyət gərginləşə bilər və partiyada əməlli-başlı arvadbazarı situasiyası yaşanar. Çünki biz dəfələrlə şahidi olmuşuq ki, Müsavat partiyasında baş verən qalmaqallarda, ziddiyytlərdə, qarşıdurmalarda qadınlar daha çox nəzərə çarpırlar.
Xatırladaq ki, Müsavatın gənclər təşkilatı da artıq bir neçə ildir ki, formalaşmır və oradakılar faktiki olaraq iki yerə parçalanıblar. Bu amil isə belə qənaətə gəlməyə əsas yaradır ki, Müsavat rəhbərliyi əgər gənclərin öhdəsindən gələ bilmirlərsə qadınların öhdəsindən ümumiyyətlə gəlməyi bacarmayacaqlar. Bu baxımdan Müsavat növbəti böyük savaşın astanasındadır.
Rövşən NURƏDDİNOĞLU