SİYASİ RAKURS
Müsavat bundan nə əldə etdi?
Bəlli olduğu kimi, artıq "Yeni Müsavat" qəzetinin baş redkatoru, uzun illər Müsavat partiyasının sıralarında siyasi fəaliyyətlə məşğul olan Rauf Arifoğlu adıçəkilən təşkilatın sıralarından istefa verdiyini bəyan edib. İstefa mətnində bunda sonra Müsavatla heç bir əlaqəsi olmayacağını qeyd edən baş redaktor eyni zamanda dolayısı ilə bildirib ki, bundan sonra partiyanın təbliğatı ilə bağlı heç bir iş aparmayacaq. Sitat: "Bu ərizə ilə Müsavat partiyasındakı 23 illik rəsmi üzvlüyümə son verirəm. Bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, Partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm".
Yeni Müsavat" qəzeti AXCP-yə, həmçinin həmin partiyanın mətbu orqanı sayılan "Azadlıq"a qarşı savaşını aparırdı
R.Arifoğlunun Müsavat partiyasından istefa verməsini isə sıradan bir istefa kimi qəbul etmək olmaz. Məsələnin dərinliyinə vardıqca, belə bir sual yaranır: Müsavat partiyası R.Arifoğlunun istefasından nə əldə etdi? Əslində, "əldə etdi" ifadəsini "itirdi" ifadəsi ilə də əvəzləmək olar. Ancaq hər iki mənada ortada olan mövcudluğu şərh etmək mümkündür. Beləliklə, R.Arifoğlunun istefasından ilk itirilən təbliğat faktorudur ki, Müsavat partiyası bundan öz səmərəsi üçün yararlana bilməyəcək. Çünki hətta "Yeni Müsavat" rəhbərliyi nə qədər iddia etsə də ki, onlar partiyanın daxili işləri ilə maraqlanmırlar, ortada müsavatçılıq ideologiyasının olması bu iddiaları rədd edirdi.
Müsavat partiyasının əzəli düşməni AXCP ilə yaşadığı qarşıdurmalar, partiyalararası savaşlar məsələsində də Müsavat tərəfdən çıxış edən "Yeni Müsavat" qəzeti AXCP-yə, həmçinin həmin partiyanın mətbu orqanı sayılan "Azadlıq"a qarşı savaşını aparırdı. Müsavatın "Milli Şura"dan çıxması, bunun ardınca baş verən digər bənzər qarşıdurmalarda biz bütün bunların şahidi olduq. Bu zaman nə baş verdi ki, R.Arifoğlu istefasını qətiləşdirdi? Çünki bir neçə ay qabağa qədər belə bir şey gözlənilmirdi.
İstər Əli Kərimlinin sifarişi ilə ona qarşı aparılan mətbu kampaniyada, istərsə də sosial şəbəkələrdə eyni motivli anti-Arifoğlu kampaniyalarında o, Müsavat partiyası tərəfindən heç bir dəstək almadı
Əslində, burada da fərqli heç nə gözə dəymir. Çünki vaxtilə Müsavatın mövqeyini dəstəkləyən "Yeni Müsavat" qəzeti bununla "Azadlıq"ı, həmçinin AXCP-ni özünə düşmən qazanmışdı. Başqa tərəfdən, R.Arifoğlu son aylarda "Azadlıq" qəzeti tərəfindən hücumlara məruz qalırdı. İstər Ə.Kərimlinin sifarişi ilə ona qarşı aparılan mətbu kampaniyada, istərsə də sosial şəbəkələrdə eyni motivli anti-Arifoğlu kampaniyalarında o, Müsavat partiyası tərəfindən heç bir dəstək almadı. Hətta partiyanın ən kiçik ranqlı funksioneri belə, "Yeni Müsavat"a qarşı aparılan savaşda onun tərəfini saxlayan, dəstəkləyən açıqlama vermədi.
Bu məsələyə də bir neçə aspektdən yanaşmaq mümkündür. Misal üçün, Müsavat partiyasının məlum qurultayı və orada baş verən qalmaqallar, istefalar, İsa Qəmbərə, Arif Hacılıya qarşı sürülən ittihamlar, müsavatçıların toplum şəklində təşkilatın sıralarını tərk etmələri "Yeni Müsavat"da davamlı şəkildə işıqlandırılırdı. Müsavat rəhbərliyi isə bununla bağlı açıqlamalar verməkdə necə deyərlər, simiclik edirdi. Uzağı partiya rəhbərliyi "hər iki tərəfi anlaşıqlı olmağa dəvət edirik" tipli bəyanat verərək, çulunu sudan çıxarmağa çalışmışdı. Ancaq bu çulçıxartma təbii ki, "Yeni Müsavat" rəhbərliyinə qarşı birbaşa olmasa da, dolayısı təhqir idi. İllərdir siyasi mövqeyini ortaya qoyaraq, canını müsavatçılığa həsr et, sonda da bu cavabı al...
Bu faktor da deməyə əsas verirdi ki, artıq "Yeni Müsavat"la Müsavat arasında soyuqluğun yaranmasına səbəb vermişdi.
Arif Hacılının Rauf Arifoğlunun istefasına bir növ etinasız şəkildə yanaşması onun ayağının "isti yerdə" olduğunu göstərsə də həqiqətdə bu, belə deyil
Təkcə Rauf Arifoğlunun istefası ilə bağlı Müsavat partiyasının başqanı Arif Hacılının mövqeyinə nəzər yetirsək, görərik ki, məsələ nə yerdədir.
Müsavat başqanı Arif Hacılı Facebook sosial şəbəkəsində bildirib: "Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat partiyasından çıxmaq barədə ərizəsini təqdim edib".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da öz növbəsində istefasını təsdiq edərək açıqlamasında bildirib: "Arif bəy yazıb zatən. 15 iyuldan rəsmi olaraq Müsavat partiyasının üzvü deyiləm".
Göründüyü kimi, Arif Hacılının Rauf Arifoğlunun istefasına bir növ etinasız şəkildə yanaşması onun ayağının "isti yerdə" olduğunu göstərsə də həqiqətdə bu, belə deyil. Məsələn, ən azından qarşıdan gələn parlament seçkilərini nəzərə götürək. Söz yox ki, Müsavatın təbliğat və təşviqata ehtiyacı olacaq. Ancaq haradan, hansı qaynaqdan? Bax bu sual əslinə A.Haclını ciddi şəkildə narahat edir. Sadəcə özünü sındırmır. Fəqət, "Yeni Müsavat"ın itirilməsi özünü payızda göstərməyə başlayacaq.
Rövşən RƏSULOV
P.S. Rauf Ariofoğlu üçün isə əslində heç nə itirilməyib. Hətta AXCP-nin "söyüş qrupu" da bir müddət qışqırışıb-susacaq. Lakin onun özünün də dediyi kimi, qəzetçiliyə həm də biznes kimi yanaşdığını deyən baş redaktor yuxarıda qeyd etdiyi addımları ilə sübut etdi ki, artıq bu ölkədə real müxalifət adlandırılacaq dairə yoxdur. Nə AXCP, nə də ki, Müsavat bu ada layiq olmadıqlarnı çoxdan öz uğursuz fəaliyyətləri ilə təsdiq ediblər. Qarşıda isə həmin amillər müxtəlif spektrlərdən özünü göstərməyə başladacaq.
Ölkə rəhbərinin isə onu dövlət mükafatı ilə təltif etməsi onu göstərir ki, mətbuata göstərilən diqqət amilində müxalifətçilik-iqtidarçılıq ayrıseçkiliyi yoxdur. Hətta "Azadlıq" qəzetinin rəhbərliyi əgər bunu qəbul etmirlərsə, 2013-cü ildə dövlət tərəfindən onların əməkdaşlarına verilən mənzillərdən də imtina etsinlər. Edərlərmi? Bu, sonranın mövzusudur...