TƏRS BAXIŞ
Əvvəlcədən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı Əli Kərimlinin "kərimovçular" tərəfindən hücumların artacağı bəlli idi. Bəlli idi ona görə ki, bu proses artıq uzun zamandır davam edir. Burada əsas amillərdən biri məhz müsavatçılıq ideologiyasıdır. Halbuki, R.Arifoğlu artıq Müsavat üzvü deyil və partiyadan istefa verib. Buna baxmayaraq R.Arifoğlu bəyan edib ki, cibində Müsavatın partbileti olmasa belə, ürəyində həmin ideologiyanın daşıyıcısı olaraq qalacaq.
Əli Kərimli Rauf Arifoğluna ömrünün sonlarına qədər minnətdar olmalıdır
Təbii ki, hər kəsin öz seçimi var və hər kəs də öz seçimində sərbəstdir. Lakin daha bir maraqlı məqam budur ki, dövlət başçısı eyni zamanda, hakim partiyanın Sədri olaraq, heç vaxt siyasi mənsubiyyət faktorunu əsas gətirərək, bu faktoru ranqlara, dərəcələrə bölməyib. Deyək ki, mətbuat sahəsi olmasın, tamamilə başqa sahə olsun, əgər bir insan çalışdığı sahədə müəyyən zəhmətlərə qatlaşıbsa, dövləti və xalq üçün hər hansı səmərəli fəaliyyət göstəribsə, çəkilən zəhmət mütləq olaraq, gec-tez öz mükafatını alacaq. Məhz R.Arifoğlu da belələrindən biridir. Hansı ki, o uzun müddət rəhbərlik etdiyi qəzeti vasitəsilə məhz onu mükafatlandıran hakimiyyətə qarşı ən radikal çıxışları ilə seçilib. 1993-cü ildən bu yana - 2000, 2003, 2005, 2010, hətta 2013 seçkilərində müxalifətin təbliğatı istiqamətində fəaliyyət aparıb. Düzdür, müxalifət zatən heç bir uğura imza ata bilməyib, uzağı bir neçə nəfəri ilə parlamentdə təmsil olunmağı bacarıb. Fəqət, fakt budur ki, hətta ən az uğur əldə edən müxalifət funksioneri belə, həmin uğuruna görə R.Arifoğluna ömrünün sonlarına qədər minnətdar olmalıdır.
Belə müxalifət "liderləri"ndən biri də AXCP sədri Əli Kərimlidir. Biz buraya İsa Qəmbəri, Arif Hacılını və sairələrini də əlavə edə bilərik və hər biri haqqında uzun siyasi mükamilələr apararıq. Ancaq bu, hazırkı mövzudan - Ə.Kərimli mövzusundan bir az kənar olacaq. Ona görə də qayıdırıq mövcud mövzuya.
Əli Kərimli və onun bandası bu gün Rauf Arifoğluna qarşı apardığı kampaniyanı vaxtilə Cəmil Həsənliyə qarşı aparırdı
Son günlər AXCP sədrinin öz bandası ilə "Yeni Müsavat"ın baş yazarına qarşı hücumlarına. İstər sosial şəbəkədəki "cəbhəçilərin söyüş qrupları", istərsə də Ə.Kərimlinin işğal etdiyi "Azadlıq"da "milli düşmən", "satqın", "xəyanət simvolu" və s. kimi bənzər terminlərlə, ifadələrlə gedən ittihamlar, təhqirlər, heç də qarşı tərəfin millətə, xalqa və dövlətçiliyə sadiqliklərinin nümunəsi sayıla bilməz. İlk növbədə ona görə ki, Ə.Kərimli faktiki olaraq, hazırda, bu dəqiqənin özündə belə erməni dəyirmanı ilə yanaşı, həm də rusun müəyyənləşmiş dəyirmanına su tökməklə məşğuldur. Erməniləri özünə "aristokrat" (indinin jarqon ifadəsi ilə desək, "ağ adam"-R.R.) millət, qardaş seçən Rüstəm İbrahimbəyovun "fəxri sədr" olduğu "Milli Şura"nın koordinasiya mərkəzinin rəhbəri olmaq bunun sırf sübutudur!
Digər tərəfdən, bu gün R.Arifoğlunu "xəyanətkar" elan edənlərdən biri də qeyri-milli şuranın sədri C.Həsənlidir. Həmin C.Həsənli ki, deputat olduğu dönəmlərdə, AXCP sədri Ə.Kərimiyə arxa çevirdiyi bir zamanlarda, vaxtilə Ə.Kərimli ilə birgə içindən birgə "sup" içdiyi qazana tüpürdüyü vaxtlarda ən azından bizim redaksiyaya ayaq döyməkdən dabanları döyənək bağlamışdı. Dəyirmi masalarda, müxtəlif ictimai-siyasi tədbirlərdə, konfranslarda iştirak etmək üçün hakimiyyətə ağız açıb-yalvaran Ə.Kərimli, İsa Qəmbər haqqında ifşaedici açıqlamalar vermək üçün dəridən-qabıqdan çıxan C.Həsənli! Həmin vaxt Ə.Kərimli və onun bandası bu gün R.Arifoğluna qarşı apardığı kampaniyanı Cəmil Həsənliyə qarşı aparırdı. İndi həmin o C.Həsənli yenidən dönüb-olub "kərimovçular" bandasının baş "bandarjası". R.Arifoğlunun elədən-beləyə, belədən də eləyə qədər sürüyür, tapdayır, əzməyə çalışır. Təbii ki, bunu ona etdirən var - yenə də Ə.Kərimli!
Rauf Arifoğlu "Bunun səbəbi həm qısqanclıq, həm də məni özlərinə tabe etdirə bilməməyin qisasını almaqdır"
Yeri gəlmişkən, elə R.Arifoğlunun mətbuata verdiyi açıqlamasından bir sitatı xatırlatmaq yaxşı olardı. Baş yazar deyir ki, o, bundan sonra heç bir siyasi partiya mənsubiyyəti daşımayacaq və əslində, Ə.Kərimlinin ona qarşı başlatdığı hücumların köklü səbəbi var. Sitat: " Bu, bir siyasi liderin (inanmıram ki, Rauf bəy gerçəkdən Ə.Kərimlini real siyasi lider hesab etsin-R.R.) - Ə.Kərimlinin bir media kapitanına qarşı uzun müddətdir apardığı mənəvi terrorun yeni fraqmenti idi. İndi Prezident İlham Əliyevlə şəkillərimin yayılması onlara yeni "arqumentlər" verib. Bunun da səbəbi həm qısqanclıq, həm də məni özlərinə tabe etdirə bilməməyin qisasını almaqdır. Ə.Kərimli müxalifət düşərgəsinə tam sahiblənmək istəyir..."
Və sən demə, Ə.Kərimli R.Arifoğlu Müsavat üzvü olarkən, onu öz tərəfinə çəkmək istəyib, şirnikləndirici vədlərdən belə çəkinməyib: "Münasibətlərimizin nisbətən yaxşı vaxtlarında bir neçə dəfə mənə açıq təklif edib ki, onun birinci müavini olum, hətta "Azadlıq" qəzetinin nəzarətini mənə təklif edib. Lakin mən hər dəfə ona "yox" demişəm, bir müddət sonra da şantaj kampaniyası davam edib".
Əli Kərimliyə sual: Rauf Arifoğlu sənin təklifinlə Müsavatdan, "Yeni Müsavat"dan imtina edib, AXCP-yə, "Azadlıq"a transfer olsaydı bu zaman onun şəxsi sənin qarşında xəyanətkar obrazına çevrilməyəcəkdimi?!
Beləliklə, daha bir aqrument ortaya çıxır. Tutaq ki, R.Arifoğlu iddia etdiyiniz kimi, "hakimiyyət yanlısı olaraq, müxalifətə xəyanət edib" və sən - Ə.Kərimli bu gün onu özünə düşmən elan etmisən. Yaxşı, bəs R.Arifoğlu hələ Müsavat üzvü olarkən niyə, hansı səbəbə görə onu özünün yanına cəlb etməyə cəhdlər göstərmisən, AXCP-nin rəhbər vəzifəsini, "Azadlıq"ın baş redaktorluğunu ona həvalə etməyə söz vermisən?! Və əgər həmin ərəfələrdə R.Arifoğlu sənin təklifinlə razılaşsaydı, Müsavatdan, "Yeni Müsavat"dan imtina edib, AXCP-yə, "Azadlıq"a transfer olsaydı bu zaman onun şəxsi sənin qarşında xəyanətkar obrazına çevrilməyəcəkdimi?! Əlbəttə ki, Ə.Kərimli həmin vaxt əsla R.Arifoğlunu xəyanətkar elan etməzdi. Bu gün isə edir. Edir ona görə ki, hakimiyyətdən mükafat alıb...
Bax belə, oğru elə şivən saldı ki, doğrunun bağrı yarıldı. Xəyanətkarlığın və xəyanətlərin başı, dövlət, xalq, millət maraqlarını bir keçi qılına belə satan, bundan sonra da satacağı bəlli olan Ə.Kərimli belə şivənkarlardandır.
Rövşən RƏSULOV
P.S. Məncə, Rauf bəy çox doğru seçim edərək, Ə.Kərimlini "bağaja" qoydu. Hətta daha yaxşı olardı ki, Ə.Kərimlini qoyduğu "bağajın" ağzını kip bağlayıb, üstünə də kilid vursun və bir daha onun yekəxana davranışı millətin zəndeyi-zəhləsini aparmasın...
Haşiyə: Yeri gəlmişkən, Mətbuat Şurası bir neçə il öncə ölkə rəhbərini Mətbuatın Dostu nominasiyası mükafatına layiq görərkən, R.Aifoğlu bu barədə tənqidi məqalə ilə çıxış etmişdi. Görəsən, Ə.Kərimli həmin vaxt R.Arifoğlunu müxalifətin qəhrəmanı elan etmişdimi?