PDF Oxu

Müxalifət

  • 3 324

Həsən Kərimov-Gözəl Bayramlı qruplaşması fəallaşır

Həsən Kərimov-Gözəl Bayramlı qruplaşması fəallaşır

SİYASİ RAKURS

AXCP qurultayönəsi çıxılmaz durumda, həll yolu isə tapılmır

AXCP rəhbərliyindəki mövcud acınacaqlı vəziyyət partiyanın daxilinə sirayət etməklə yanaşı, həm də oradakı qruplaşmaların da bir-birlərinə qarşı amansız savaşına səbəb olmaqdadır. Artıq AXCP fəalları da öz aralarında bölünərək, qruplaşmalarda təmsil olunur, bununla da təşkilat faktiki olaraq içdən parçalanmağa başlayır. Qeyd edək ki, AXCP qurultaya hazırlaşdığını bəyan edib və qarşıdurmaların, ziddiyyətlərin də yaranması məhz bununla bağlıdır. Digər tərəfdən, "Milli Şura"nın sonuncu iclasında parlament seçkiləri ilə bağlı boykot qərarı verilməsinə, bu fikirlərin sədr Əli Kərimli tərəfindən səsləndirilməsinə baxmayaraq, cəbhəçilərin böyük hissəsi onun bu qərarı ilə razılaşmadığını bildirir, seçkilərə qatılmağın, oradakı iştirakın vacibliyini bildirirlər.

İntellektuallar siyasi ambisiyaları qəbul etmirlər

Lakin qruplaşmaların yaranması, ziddiyyətlərin, qarşıdurmaların dərinləşməsinin köklü səbəbi bilavasitə Ə.Kərimli amili ilə bağlıdır. Könüllü istefaları, o cümlədən, partiyadan qovulmaları da bu sıralamaya əlavə etsək, bu zaman AXCP-nin həqiqətən də çıxışmaz bir vəziyyətdə olduğunu bir daha görmüş olarıq. Bəlkə də hazırkı vəziyyətdən bir çıxış yolu tapmaq mümkün olardı, əgər oradakı bir çox intellektuallar oranı tərk etməsəydi... Daha dəqiq desək, bu gün AXCP rəhbərliyində qalanların heç birində intellektual səviyyə anlamı mövcud deyil və onların siyasi baxışları yalnız avtoritarçılıq düşüncəsi üzərində köklənib.

Bununla bağlı çoxsaylı misallar çəkə bilərik. Məsələn, xatırladaq ki, AXCP-nin daxildən parşalanmasına geniş start 2013-cü ildə sədr müavini Asəf Quliyevin partiyanı tərk etməsi ilə başlayıb. Həmin istefadan öncə də qruplaşmalar mövcud idi və A.Quliyevin qruplaşmalara meyillənməməsi nəticədə onun istefası ilə nəticəsini tapdı. Hansı ki, qruplar öz maraqlarının təminatı üçün onu öz tərəflərinə cəlb etməyə çalışırdılar. O isə öz növbəsində ambisioz fikirləri rədd edərək, intellektuallığa üstünlük verməklə, AXCP sıralarını tərk etdi və özünə siyasi hərəkat yaratdı. Qruplaşmalar isə bunu anlamayaraq, hələ də öz məneflərini güdməklə, partiyadaxili savaşlarını əvvəl olduğu kimi, indi də davam etdirirlər.

Beləliklə, istefalar ardıcıl xarakter alıb və A.Quliyevdən sonra AXCP-nin şöbə müdiri (rayon təşkilatının sədri) Şahin Həsənov təşkilat sıralarından çıxıb. Səbəb isə yenə də eyni - mövcud durumla razılaşmamaq olub. Maraqlıdır ki, Ş.Həsənovdan sonra hazırda AXCP rəhbliyini ifşa edən sabiq cəbhəçi Rafiq Daşdəmirli və digərləri partiyada şöbə müdirləri təyin olunublar. İndi R.Daşdəmirli də artıq AXCP üzvü deyil və Ə.Kərimliyə, eləcə də oradakı rəhbər qruplaşmalara qarşı sərt, ifşaedici çıxışları ilə yadda qalmaqdadır.

Biz buraya Razi Nurullayevi, Zərifə Məhəddinovanı, o cümlədən, Sumqayıt şəhər şöbəsindən çıxan 50 nəfər cəbhəçini də əlavə etsək, onda AXCP daxili vəziyyətin həqiqətən də kritik olduğunu görərik.

Əli Kərimli sağlam təşəbbüsləri rədd edir

Nəhayət, Əbülfəz Qurbanlı faktoru. Bildiyimiz kimi, Ə.Qurbanlı sədr müavini olmamışdan öncə, parityanın gənclər təşkilatının sədri olub və hakimiyyətə qarşı radikal çıxışları ilə yadda qalıb. Onun AXCP-dən getməsi əslində Ə.Kərimliyə soyuq duş effekti verib. Çünki o, sədr müavini olmaqla yanaşı, həm də sədrin qeyri-formal sağ əli statusunu daşıyırdı. Xatırladaq ki, Ə.Qurbanlının rəyasət heyətindəki çıxışına bilavasitə Ə.Kərimli etiraz edib. Partiyadaxili mənbələrdən əldə edilmiş informasiyalardan da bəlli olur ki, Ə.Qurbanlı partiyadan getməzdən əvvəl sədr Ə.Kərimli ilə müəyyən danışıqları olub, bir sıra təşəbbüslərlə çıxış edib. Misal üçün, Ə.Qurbanlı qeyd edib ki, partiya daxilində qruplaşmalarla bağlı baş verən hadisələrə dair rəyasət heyətində çıxış edəcək, bu məsələni qaldıracaq və vəziyyətin normallaşması üçün təşəbbüslərlə çıxış edəcək. Çünki onun özünün də AXCP-dəki Həsən Kərimov-Gözəl Bayramlı qruplaşması ilə münasibətləri sıfır həddində olub. Ancaq Ə.Kərimli onun fikirlərinə qarşı qəti olaraq etiraz edib və Ə.Qurbanlını partiya daxilində gərginlik yaratmamağa çağırıb və əlavə edib ki, Qurbanlı Bayramlı-Kərimov qruplaşması ilə münasibətlərini düzəltsin, onlarla barışıq əldə etsin. Ancaq gözlənildiyi kimi, Ə.Qurbanlı həmin təklifi qəbul etməyib. Onun fikirlərinin birbaşa rədd edilməsi isə belə qənaətə gəlməyə əsas yaradır ki, bu gün AXCP-də mövcud olan G.Bayramlı-H.Kərimov qruplaşmasını Ə.Kərimli dəstəkləyir. Baxmayaraq ki, partiyada Fuad Qəhrəmanlının da fərdi qruplaşması fəaliyyət göstərir.

Əbülfəz Qurbanlı tərəfdarlarından nəyi xahiş edir?

Yuxarıda da xatırlatdığımız kimi, Ə.Qurbanlı sədr müavinliyi postuna gənclər təşkilatının sədri kimi gətirilmişdi. Bu baxımdan, hesab etmək mümkündür ki, Ə.Qurbanlının tərəfdarı olan gənclər də onunla birgə partiyadan çıxacaqlar. Bu, baş verdi. Məsələn, o, AXCP-dən istefasını elan etdikdən sonra bir qrup gənc də istefa vermək qərarına gəldi. Ancaq hələlik, həmin istefa dalğasının qarşısı məhz Qurbanlının xahişi ilə dayandırılıb. Çünki o, yaxşı bilir ki, əgər onun ardınca onlarla gənc partiyadan çıxsa, Kərimli və onun dəstəsi dərhal "facebook"dakı "söyüş qrupu"nu işə salacaq. Nəticədə AXCP-dəki uzun illik fəaliyyəti üzərindən çarpaz xətlər çəkiləcək Ə.Qurbanlıya "xəyanətkar", "satqın" damğası vurulacaq. Bütün bunların baş verməməsi üçün, tərəfdarlarını bir müddət sakitliyə riayət etməyə dəvət edib. Ancaq bu nisbi sakitliyin qısa zamanda pozulacağını bəri başdan proqnoz etmək olar. Baxmayaraq ki, gənclərdən bir neçəsi artıq istefa verərək, Ə.Kərimlinin avtoritar idarəçiliyinə qarşı öz etirazlarını bildiriblər. Belə ki, partiyanın bir neçə rayon şöbəsinin təmsilçiləri bu addıma gediblər. Eləcə də tanınmış cəbhəçi Bəyim Həsənli istefa verib və bu haqda sosial şəbəkədəki profilində yazıb.

Fuad Qəhrəmanlı qruplaşması sona qədər mücadilə aparacaq və istefaya gedəcək

G.Bayramlı-H.Kərimov qruplaşmasına, Ə.Kərimli tərəfindən nə qədər çox dəstək verilməsinə baxmayaraq, F.Qəhrəmanlı qruplaşması qarşı tərəf ilə mücadiləsini davam etdirmək niyyətindədir. Bu gün F.Qəhrəmanlının da partiyadan istefa verəcəyini düşünmək nə qədər qeyri-mümkün olsa da, onun uzağı qurultaydan sonra gedəcəyi getdikcə dəqiqləşməkdədir. Düzdür, o, müəyyən mənada Ə.Kərimlinin birbaşa dəstək verdiyi G.Bayramlı-H.Kərimov qruplaşmasına uduzduğunu görür. Ancaq hələlik, qruplaşmasına üzv olanlar AXCP sıralarını tərk etməyə hazırlaşırlar. Bunlar kimlərdir? Gedəcəklər sırasında partiyadakı vəziyyətdən narazı olan İlham Hüseynin adı çəkilir. Onunla yanaşı Sahib Kərimli də F.Qəhrəmanlının yanındadır. S.Kərimlinin yaxın dostu Arzuman Məcidli də təbii ki, onu qoyub, Kərimli mafiyasına qoşulmur. Həmçinin, Nemət Əliyev, hazırda həbsdə olan Seymur Həzi də istefaya hazırlaşanlar siyahısında yer alıblar. Beləkilə, məsələ aydın və aydın olduqca da bəsit anlaşılandır. Bu gün AXCP-nin taleyi Ə.Kərimlinin və onun dəstəklədiyi G.Bayramlı-H.Kərimov qruplaşmasının əlində qaldıqca, partiyanın iflasa uğrayacağı faktoru da təsdiqini tapır.

Son olaraq isə onu da qeyd edə bilərik ki, Ə.Kərimli "Milli Şura"nın son iclasında parlament seçkilərinə qatılmayacaqlarını bildirib və bu, o demək deyil ki, Kərimli seçki mühitindən razı,ya da narazı olduğunu sərgiləyib. AXCP sədri artıq yaxşı anlayır ki, seçkilərə qatılsa, onun məğlub olacağı qaçılmazdır. Bu baxımdan, növbəti məğlubiyyətini və daxili parçalanmanı "boykot" qərarı ilə ört-basdır etməyə uğursuz cəhdlər göstərir.

Rövşən RƏSULOV

Digər xəbərlər