TƏRS BAXIŞ
Və ya Əli Kərimli və Arif Hacılı niyə Mirmahmud ağanı saya salmadılar?
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ötən həftə qurultayını keçirsə də, təşkilatın ali tədbiri ölkənin siyasi aurasına heş bir təsir göstərə bilmədi. Daha dəqiq desək, KXCP-nin bir siyasi müxalifət partiyası kimi proseslərə eynilə AXCP və Müsavat kimi təsirinin olmadığı sübuta yetirildi. Yeganə nəzərə çarpan amil o oldu ki, qurultay yenə də dedi-qodu, ittiham və digər bənzər hadisələrlə yadda qalmış oldu. Məsələn, AXC-Müsavat hakimiyyəti dönəmində baş prokuror olmuş İxtiyar Şirin təbrik üçün kürsüyə qalxarkən, yerdəkilər onun çıxışını fitə basıblar. Etiraz edənlər xüsusilə, Surət Hüseynovun Gəncə qiyamı zamanı eks-prokuroru girov götürməsini, bunun ardınca isə sabiq prezident Əbülfəz Elçibəyə qarşı həbs sanksiyası çıxartdırmasını xatırladıblar. Maraqlıdır ki, İxtiyar Şirin bundan sonra vəziyyətdən çıxış yolu kimi "yaşasın Elçibəy" şüarını səsləndirməyə məcbur olub.
İsa Qəmbərin KXCP-nin qurultayına qatılması Müsavatın təmsili anlamını daşımayıb
Ancaq məsələnin daha bir maraqlı məqamı KXCP-nin tədbirinə Azərbaycan Xalq Cəbhədi və Müsavat partiyalarının sədrlərinin qatılmamaları olub. Düzdür, qurultaya Müsavatın sabiq başqanı İsa Qəmbər qatılsa da, onun orada partiya başqanı kimi çıxış etməsi mümkün olmayıb. Bu isə klassiklərin qurultayında müsavatçı rəsmilərin olmamasını sübuta yetirib. Beləliklə, başqan Arif Hacılının, cəbhə sədri Əli Kərimlinin orada iştirak etməmələrinin səbəbləri həmin partiyaların Mirmahmud Mirəlioğlunu real cəbhə partiyası kimi tanımadıqları anlamını daşıyıb.
Əli Kərimli Mirmahmud Mirəlioğluna biət etməyəcəyini təkrarladı, Arif Hacılı isə Əli Kərimliyə biət etməyə hazır olduğunu sübuta yetirdi
Məsələn, əgər Əli Kərimli, yaxud da onun müavinlərindən biri qurultayda olsaydı, bu dolayısı ilə onun Mirmahmud Mirəlioğluya biət etməsi kimi başa düşülərdi. Arif Hacılı isə son zamanlar AXCP ilə yenidən əməkdaşlığa can atan paritya sədri kimi, görünür, qarşı tərəfi qıcıqlandırmaq istəməyib. Əli Kərimlinin orada iştirak etməyəcəyini dəqiqləşdirdikdən sonra o da həmin tədbirə qatılmayıb. O, əksinə olaraq, bununla göstərmək istəyib ki, lazım gələrsə, Əli Kərimliyə biət edə bilər.
Konstruktivlər radikallardan fərli olaraq, müxalifətdə konsensus əldə edilməsinin tərəfdarıdırlar
Daha bir səbəb isə KXCP-nin qurultayında konstruktiv müxalifət partiyaları hesab edilən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Azərbaycan Xalq Partiyasının (AXP), Vətəndaş və İnkişaf Partiyasının (VİP), Ədalət Partiyası, Ümid Partiyası, Azadlıq Partiyası, Azərbaycan Milli Dirçəliş Partiyası (AMDP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) və digər partiyaların sədrlərinin iştirak etmələri olub ki, radikal kəsim onları "müxalifət düşərgəsini satanlar", ya da "iqtidara işləyənlər" qismində ittiham etdiklərinə görə, qarşı tərəflə bir araya gəlmələrinin mümkünsüzlüyünü sərgiləyiblər. Fəqət, sübut budur ki, konstruktivlər radikallardan fərli olaraq, müxalifətdə konsensus əldə edilməsinin tərəfdarıdırlar.
Əgər KXCP IV qurultayına qədər ayaqda qalmağı bacarsa, həmin vaxt "siyasi mühitin tələbi ilə" Mirmahmud Mirəlioğlunin yenidən sədr seçilmək "zərurəti" meydana çıxacaq
Ancaq yuxarıda da qeyd edildiyi kimi, bütün bunlara baxmayaraq, KXCP-nin qurultayı siyasi gündəmi zəbt etməyi bacarmayıb. Əvvəlcədən də gözlənildiyi qədər, Mirmahmud Mirəlioğlu "sonuncu" dəfə partiyaya sədr seçilib - 220 nəfər lehinə, 2 nəfər əleyhinə, 1 nəfər bitərəf.
Seçkinin saxta və öncədən planlaşdırılması burada açıq-aşkar görünməkdədir. Halbuki partiyanın ötən qurultayında da onun sonuncu dəfə seçilməsi barədə fikirlər səsləndirilmişdi. Məhz həmin ərəfələrdə - KXCP-nin II qurultayı zamanı narazılar kəsimi öz etirazlarını bildirsələr də, rəhbərlik həmin etirazları qəbil etmədi. Nəricədə KXCP parçalandı və orada istefalar bumu yaşandı. Hazırda vaxtilə həmin partiyada funksionerlik etmiş şəxslərin Demokratik Birlik Fraksiyası yaradaraq, sona qədər mübarizə edəcəkləri ətrafındakı iddiaları da qüvvədə qalmaqdadır. Əgər KXCP IV qurultayına qədər ayaqda qalmağı bacarsa, həmin vaxt "siyasi mühitin tələbi ilə" Mirmahmud Mirəlioğlunin yenidən sədr seçilmək "zərurəti" meydana çıxacaq.
Yəni burada hər hansı demokratik, şəffaf seçki mühitindən danışmaq sadəcə sadəlöhvlük olardı. İstər KXCP olsun, istərsə də başqa ənənəvi müxalifət partiyaları, onlar hər zaman ölkənin seçki mühiti dövründə "demokratiklik", "şəffaflıq" barədə ağızdolusu dəm vururlar. Bir sözlə, KXCP-dəkli seçkinin yekunları Müsavatın keçridiyi seçkilərin yekunları ilə bənrəlik təşkil etdi ki, burada birmənalı olaraq, saxtakarlıq özünü tam çılpaqlığı ilə nümayiş etdirmiş olub. Necə deyərlər, KXCP-nin də qurultay küləyi əsmədi...
Rövşən NURƏDDİNOĞLU