PDF Oxu

Müxalifət

  • 4 842

Müxalifət özü-özünü aldadır

Müxalifət özü-özünü aldadır

Nə vaxta qədər?

Niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət, əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Çünki cəmiyyətdən özünü təcrid halına salmış radikallar ölkəmizin rifahını istəməyənlər kimi Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər. Buna nail olmasalar da, iyrənc əməlləri ilə, əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıqlarını göstərmiş olurlar. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, əslində, radikal müxalifət və beynəlxalq miqyasda Azərbaycan əleyhinə fəaliyyət göstərənlər əməlləri ilə bir-birinə bağlıdırlar. Bu mənada radikal müxalifətin antiazərbaycançı şəbəkədən gələn göstərişlər əsasında fəaliyyətini qurması, müəyyən maliyyə vəsaiti alması barədə indiyə qədər səslənən fikirlərin heç də reallıqdan uzaq olmadığı daha aydın görünər.

Hətta utopik olsa da, özlərini bugünkü Azərbaycan reallıqlarında hakimiyyətə alternativ ola biləcək bir qüvvə kimi təsəvvür etməkdə çətinlik çəkirlər. Məhz bu səbəbdən radikal müxalifəti maraqlandıran əsas məsələ ölkəmizdə yenə qanunsuzluğun hökm sürməsi, insanların ən elementar hüquqlarının belə, pozulduğu bir şəraitin yaranmasıdır. Çox da uzaq olmayan yaxın keçmişə nəzər saldıqda radikal müxalifət təmsilçilərinin öz mənafeləri naminə Azərbaycan xalqının faciələrlə üzləşməsinə hazır olmalarına dair konkret misallar çəkmək mümkündür. İndi də görünən odur ki, radikal müxalifət yenidən Azərbaycanda növbəti faciələrin yaşanmasını, ölkəni anarxiya və xaos dövrünə sürüklənməsini istəyir. Bunun üçün qeyd edildiyi kimi, Azərbaycan əleyhinə çıxan ən müxtəlif xarici qüvvələrlə böyük məmnuniyyətlə işbirliyinə gedir. Xüsusilə seçkilər ərəfəsində.

Radikal müxalifətin köhnə şakəri

Əslində, reallığa söykənməyən analogiyalar aparmaq ifrat radikal müxalifətin, belə demək mümkünsə, köhnə şakəridir. Xatırlatmaq yerinə düşərdi ki, 2004-cü ildə Gürcüstanda, 2005-ci ildə Ukrayna və Qırğızıstanda yaşanan məlum hadisələrdən sonra da radikal müxalifət analoji hadisələrin Azərbaycanda təkrarlanacağını iddia edir, hətta narıncı rəngə bürünürdü. Lakin ən böyük hakim olan zaman radikal müxalifətin nə dərəcədə yanıldığını, sadəcə cəfəng fikirlər müəllifi olduğunu real formada sübuta yetirdi. Qeyd edilənlərə rəğmən, indi bəzi ərəb ölkələrində yaşananlardan öz dayaz fantaziyaları çərçivəsində yararlanmağa çalışan və bununla daha çox avantürist olduğunu bir daha sübuta yetirən radikal müxalifət şəxsi ambisiyalarının həyata keçməsi üçün cəmiyyəti çaşdırmağa yönəlmiş hər cür cəfəng fikirlər səsləndirir. Nəticə isə onu göstərir ki, xalqın birmənalı şəkildə rədd etdiyi bu şəxslər, bütövlükdə radikal müxalifət hakimiyyət və mənsəb naminə hər yola baş vurmağa, hətta Azərbaycanın ən qatı əleyhdarları ilə işbirliyinə getməyə hazırdırlar. Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət təmsilçiləri antiazərbaycançı mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Amma nə vaxta qədər? Yəqin ki, bunun da cavaı tezliklə veriləcək...

R.HÜSEYNOVA

Digər xəbərlər