TƏRS BAXIŞ
Eks-spikerin "fəallığı" post-seçki dövrü və "bəlkə qayıtdım" xəyalları ilə bağlıdır
Sabiq spiker, fəaliyyəti dayandırılmış Açıq Cəmiyyət Partiyasının keçmiş lideri Rəsul Quliyev seçkilər ərəfəsində "fəallığını" sərgiləmək üçün, yenidən müxalifət kuluarlarında söz-söhbətlər salmaqla məşğuldur. Bu dəfə də onun hədəfi, ilk olaraq, Müsavat partiyası olub.
Xatırladaq ki, Quliyev bu dəfə özünə haqq qazandırmaqdan ötrü Müsavatın qurultayı dövrü saxta başqan seçkilərinə etiraz etdiyinə görə oradan getmiş, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri olan Qubad İbadoğluna dəstək verdiyini nümayiş etdirib. Eks-spiker Müsavatın keçmiş və hazırkı başqanlarını bolşeviklərlə müttəfiqlik etməkdə ittiham edib və bildirib ki, əgər Qubad İbadoğlu və ya gənclərdən biri (o, burada Tural Abbaslıya işarə edib-R.N.) başqan seçilsəydi, partiya dağılmazdı: "Mən Müsavatın son seçkisini tənqid etmişəm, bu gün də düşünürəm ki, əgər seçkilər saxtalaşdırılmasa və başqan Qubad İbadoğlu və ya gənclərdən biri seçilsəydi, Müsavat dağılmazdı".
ADR Rəsul Quliyevə dəstək verdi
Maraqlısı budur ki, Rəsul Quliyevin bu fəndi onun işinə yarayıb. Məsələ həm də ondadır ki, onun ittihamından sonra ADR rəhbərliyi dərhal reaksiya verərək, ona haqq qazandırıb. Məsələn, Qubad İbadoğlunun hərəkatındakı müavini Məlahət Mürşüdlü həqiqətən də Müsavatda bolşevizm təfəkkürünün mövcud olduğunu qeyd edib. Sitat: "2003-cü ildə baş vermiş məlum hadisələrdən sonra ildən-ilə partiyanın kursu dəyişməyə başladı. Payızda keçirilən qurultayda isə bu kurs məntiqi sonluqla başa çatdı. Başqan seçkilərində baş verən saxtakarlıqlar, ədalət prinsipinin pozulması, müraciətlərə cavab verilməməsi, qeyri-qanuni faktların araşdırılmaması halları baş verdi. Tələb və tənqid edənlər repressiyalara məruz qaldı, əsas olmadan qeyri-qanuni partiya sıralarından çıxarıldı, digər qisim isə istefa verdi. Sizin: "bu gün də düşünürəm ki, əgər seçkilər saxtalaşdırılmasa və başqan Qubad İbadoğlu və ya gənclərdən biri seçilsəydi, Müsavat dağılmazdı" fikrinizi mən daxil olmaqla bölüşənlər, razılaşanlar çoxdur".
Eks-spiker bir güllə ilə iki dovşan vurub
Göründüyü kimi, Rəsul Quliyev bir güllə ilə iki dovşan vurmağa cəhd edib və onun bu istəyi demək olar ki, baş tutub. Birincisi, Müsavat partiyasının rəhbərliyi ilə uzun illərdir ki, davam edən qarşıdurmalara yeni nəfəs verilib, ikincisi isə, o, sözügedən vəziyyətdə ölkədə özünə az da olsa tərəfdar toplamağa nail olub. Yəni ADR rəhbərliyinin onun Müsavatı ittiham etməsini dəstəkləməsi buna bir sübutdur. Parlament seçkiləri ərəfəsində Rəsul Quliyevin yenidən siyasi gündəmə düşə bilməsi üçün belə bir gedişin alınması ona hava və su kimi lazım idi.
Baxmayaraq ki, Müsavat rəhbərliyi Rəsul Quliyevə daha kəskin cavab verib və o, təhqir edilib.
Həm Müsavat, həm də ADR eks-spikerin oyununa gələrək, əslində, onun seçkiöncəsi təbliğatını reallaşdırıblar
Partiyanın başqan müavini Elman Fəttah bildirib ki, Rəsul Quliyev ya təlxəklik edir, ya da cizgi filminin qəhrəmanlarından biri olan Rafaellik (Raphael) göstərir: "...Deyə bilərsiniz, o halda səbəb nədir ki, Rəsul kişi anlamsız və anlaqsız, amma sistemli şəkildə 15 min il əvvəl baş vermiş buzlaşmadan üzü bu yana, qlobal istiləşməyə qədər Müsavatı cümlə fəlakətlərin baisi hesab edir? Səbəb bəllidir: şizofreniya. Paranoid şizofrenik xəstə danışarkən cümlədən-cümləyə atlanar, heç bir anlam ifadə etməyən sözləri ard-arda sıralayar. Nəticədə dinləyənlər tərəfindən "söz salati" kimi dəyərləndirilən bir mətn ortaya çıxar. Paranoid şizofreniklər əksər hallarda tez-tələsik əndərdikləri bu cür "söz salatı"nın ciddi məntiqli çıxış olduğuna tam varlıqları ilə inanarlar. Şizofreniya heç də həmişə neqativ olmur. Pozitiv şizofrenik də var. Özünü dünyanın xoşbəxti sanmaq və ya gündə bir neçə dəfə "qara sevda"ya tutulmaq kimi... Yəni nəzərə alsaq ki, Rəsul kişi özü xaric, külli-aləmin "badbaxtlar"dan ibarət olduğuna bütün varlığı ilə inanır".
Beləliklə, Müsavat rəhəblriyinin Rəsul Quluiyevi təhqirlə cavablandırması, ADR rəhbərliyinin isə eks-spikerə qahmar çıxması ADR-Müsavat qarşıdurmasının alovlanmasına da səbəb olub. Ancaq burada qalib çıxan tərəf yenə də Rəsul Quliyev olub. Çünki həm Müsavat, həm də ADR eks-spikerin oyununa gələrək, əslində, onun seçkiöncəsi təbliğatını reallaşdırıblar.
Rövşən NURƏDDİNOĞLU