PDF Oxu

Müxalifət

  • 1 184

KXCP-AXCP qarşıdurması

KXCP-AXCP qarşıdurması

Mirmahmud Mirəlioğlu: "Əli Kərimli siyasi oyunbaz, siyasi əxlaqsız və xəyanətkardır"

KXCP sədri Miriahmud Mirəlioğlu qarşıdakı parlament seçkiləri ərəfəsi AXCP sədri Əli Kərimlinin daha çox siyasi oyunbazlıq və siyasi əxlaqsızlığının həddini aşdığını bildirərək bəyan edib ki, Azərbaycan siyasətində Əli Kərimli qədər xəyanətkar görməyib: "Görünür, AXCP sədri Əli Kərimli seçkiərəfəsi növbəti oyununu oynamaq istəyir. Ancaq bu dəfə heç nəyə nail olmayacaq. Çünki AXCP funksionerləri də artıq bilirlər ki, AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb".

KXCP sədri,həmçinin Ə.Kərimlinin əxlaqsız da adlandırıb: "Mən Əli Kərimli kimi oyunbazlıq etmirəm, gördüklərimi deyirəm. Siyasətə siyasi əxlaqsızlıq, özündən böyüyə hörmətsizlik etməyi, ayaqaltı qazanlığı, iyrəncliyi, insanlar haqqında çirkin kampaniyalar aparıb ləkələmək kimi işlərin altına imza atan Əli Kərimlinin bu gün siyasət aləmində qalmasının özü qəribədir. Belələri nəinki cəmiyyətin inkişafına yardımçı ola bilər, əksinə, mümkün qədər cəmiyyətə zərər verməklə məşğul olacaq. AXCP-ni quran, onu ortaya çıxaran və sivil mübarizəsini təşkil edən Əbülfəz Elçibəy idi. Məhz Əbülfəz bəyin sayəsində partiya partiyalılığını qoruyub saxlamışdı. Amma ona qarşı Əli Kərimli tərəfindən aparılan kampaniyalar, xüsusən də iyrənc formada təşkil edilən məlumat yaymalar mahiyyət etibarı ilə bu şəxsin hansı ləyaqət və şəxsiyyət sahibi olduğunu ortaya qoyurdu. Onun indiyə qədər "xəyanətkar" adlandırdığı şəxslər, əslində, kifayət qədər aydın fikirli insanlar olublar və xəyanətkarın ən yekəsi də özüdür".

M.Mirəlioğlu onu da bildirib ki, sözügedən şəxs fərdi keyfiyyətlərinə görə də siyasət adamı olmağa layiq deyil: "Fərdi xüsusiyyətlərinə görə daha çox araqarışdıran missiyasını üzərinə götürmüş, xaricdən aldığı pullar sayəsində şəxsi mənafeyini qorumaq üçün yararlanmaq kimi işlərə baş vuran AXCP sədri bu hərəkətləri ilə özü barədə mənfi reputasiya yaratmağa səbəb olub. Bu gün məhz onun intriqabazlığı, hadisələrə obyektiv deyil, qərəzli yanaşma tərzi nümayiş etdirməsi partiyasının məhvinə gətirib çıxarmaqdadır. Xəyanətkarlığı, çirkin hərəkətləri, şərləmə kampaniyaları aparması səbəbindən ən sədaqətli dostları belə onu tərk edərək, ayrı-ayrı partiyalarda fəaliyyət göstərməyə başladılar. Bir sözlə, Əli Kərimli siyasi arenada qalması isə mahiyyət etibarilə Azərbaycan cəmiyyətinə zərər verməkdən başqa heç də dividend qazandırmır. Ona görə ki, bu cəmiyyət tərbiyyəsi şübhəli, əxlaqı ziddiyyətli olan birini nə qəbul edir, nə də bu cür xəyanətkarları bağışlamağı sevir".

Ü.ƏSGƏROV

Digər xəbərlər