PDF Oxu

Müxalifət

  • 969

KXCP-nin qurultayı başa çatsa da, daxili çəkişmələr davam edir

KXCP-nin qurultayı başa çatsa da, daxili çəkişmələr davam edir

"Demokratik Birlik Fraksiyası" iddiasından geri çəkilmir

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) ötən günlərdə keçirilən III qurultayı başa çatdıqdan sonra, təşkilat daxilində baş verən çəkişmələr hələ də səngimək bilmir. Xüsusilə, Mirmahmud Mirəlioğlunun yenidən sədr seçilməsi narazılar qrupu hesab edilən – "Demokratik Birlik Fraksiyası"nın təmsilçilərini daha da hiddətləndirib. Baxmayaraq ki, KXCP rəhbərliyi artıq dəfələrlə bəyan edib ki, fraksiyada təmsil olunanların "klassiklərə" heç bir aidiyyatı yoxdur və onlar partiyadan çıxarılıblar, qarşı tərəf təmsilçiləri buna rəğmən, rəhbərliyin həmin qərarını tanımadıqlarını, partiyanın üzvü olduqlarını bəyan edirlər.

Fraksiya rəhbəri: "Biz KXCP-nin üzvüyük, bu təşkilatla bağlı qarşımıza qoyduğumuz məqsədlər var"

Bu arada, fraksiyanın rəhbəri, bu gün də özünü KXCP-nin Salyan rayon təşkilatının sədri kimi gördüyünü iddia edən Ədalət Yusifov bildirib ki, narazılar qurultayın nəticələrini tanımırlar: "İstənilən partiya üzvü təşkilatın qurultayından sonra qarşısına qoyduğu məqsəd və hədəflərə çatmaq üçün planlamasını gələcəyə baxış prizmasından qiymətləndirməli, bütün fəaliyyət bu istiqamətdə səfərbər olmalıdır. Təəssüflər olsun ki, bu gün qurultayda müəyyən edilən hədəflərlə bağlı məqsədimizi rayon təşkilatının sədri kimi müəyyən edə bilmirəm. Çünki bu hədəflər və məqsədlər bizsiz müəyyənləşib. Buna təəssüf edirəm. Ancaq biz KXCP-nin üzvüyük, bu təşkilatla bağlı qarşımıza qoyduğumuz məqsədlər var və bu məqsədi həyata keçirənə qədər bu istiqamətdə fəaliyyətimiz və təkliflərimiz olacaq. KXCP-nin indiki durumdan çıxması üçün əlimizdən gələni etməyə çalışacağıq".

KXCP-nin III qurultayını qurultay nümayəndələri tərəfindən boykot edənlər olub: "Gənclər Təşkilatının sədri istefa verdi"

Göründüyü kimi, fraksiyaçılar hətta lazım gələrsə, paritya rəhbərliyini KXCP sıralarından kənarlaşdırana qədər mübarizə aparacaqlarını bəyan edirlər. Belə ki, bunun üçün onların əllərində kifayət qədər faktlar mövcuddur. Digər tərəfdən isə, bu gün "Demokratik Birlik" fraksiyasının üzvü olmayan KXCP üzvləri də mövcuddur ki, onlar sədrlikdən, rəhbərlikdən narazı qismən bölünüblər. Hətta qurultay nümayəndəliyinə seçilən kəsim də var ki, onlar "Demokratik Birlik Fraksiyası"nın tələblərini bölüşürlər. Fraksiya sədri bununla bağlı bildirib. Sitat: "III qurultayı qurultay nümayəndələri tərəfindən boykot edənlər olub: "Bu fakta da təəssüf edirəm. Qurultaydan dərhal sonra partiyanın gənclər təşkilatının sədri istefa verib. Bu iki fakt qurultaya verilən qiymətdir. Bizim münasibətimizə gəlincə, hesab edirik ki, partiya rəhbərliyi çox səhv addım atır. Demək olar ki, partiyanın bir hissəsinin qurultayda iştirakına imkan verilmədi. Bunun hansı məqsəddən doğduğunu bilmək üçün bir qədər səbr etmək lazımdır".

Ultimatum verildi: "Köhnə və yeni sədri KXCP-dən uzaqlaşdıracağıq"

Narazıların rəhbəri mətbuat vasitəsilə hətta KXCP rəhbəriyinə ultimatum xarakterli xəbər də ünvanlayıb. O, dolayısı ilə qeyd edib ki, ilin sonuna qədər Mirmahmud Mirəlioğluna və onun ətrafına qarşı daha sərt addımlar atmalı olacaqlar. Hətta onların parityadan getmələri üçün əllərindən gələni əsirgəməyəcəklərini də vurğullayıb: "İlin sonuna qədər bu məqsədin nədən ibarət olduğu ortaya çıxacaq. Bizim əsas dəyərləndirmə təkcə qurultayla bağlı olmayacaq. Eyni zamanda, partiyanın seçilmiş köhnə və yeni sədrinin, rəhbərliyinin fəaliyyəti ilə bağlı olacaq".

Lakin baş verənlərə rəğmən, narazılar KXCP-dən öz istəkləri ilə çıxıb, başqa siyasi təşkilat yaratmaq fikrində olmadıqlarını da deyirlər. Ədalət Yusifov bildirib ki, əslində, KXCP-dən ayrılaraq hər hansı partiya yaratmağa müsbət yanaşmır. Çünki onun özü şəxsən AXCP parçalandığı bir dönəmdə KXCP qanadını yaradanlardan biri olduğunu xatırladıb: "KXCP-nin yaranmasında birbaşa söz sahibi olan şəxslərdən biriyəm. Bu baxımdan partiyadan getmək fikrimiz olmayıb. Təbii ki, fraksiya bu istiqamətdə müzakirələr aparacaq, öz qənaətini formalaşdıracaq. Əlbəttə, yeni siyasi partiya yaratmaq haqda bəzi dostlarımızın açıqlamalarını onların bir qədər əsəbi olması ilə izah edərdim. Biz KXCP uğrunda mübarizəni qarşımıza məqsəd qoymuşuq. Bu ilin sonuna qədər partiya fəalları, qurultay nümayəndələri KXCP rəhbərliyinin siyasi-ideoloji mövqeyində fərqlilik görəcəklər. Bu da yerli təşkilatların, qurultay nümayəndələrinin mövqeyində ciddi dəyişiklik edəcək. Partiyanın hədəfləri uğrunda əsas mübarizə də bundan sonra başlayacaq".

Mübariz QULİYEV

Digər xəbərlər