"Sərdar Cəlaloğlu üstümüzü unlu görüb, adımızı dəyirmançı qoymağa cəhd etməsin"
Parlament seçkiləri ərəfəsində düşərgədaixli ittihamlar artmaqdadır. Belə ki, bu sırada daha çox görünən amil müxalifətdə mövcud olan gənclərlə, köhnə müxalifətçilər arasında baş qaldıran ziddiyyətlərdir. Maraqlı məqamlardan biri də bu kimi hallarda köhnələrin bir-birlərinin ayaqlarını gənclərə verməmələridir. Məsələn, de-yure Müsavat üzvü olmayan, lakin hələlik partiya siyahısında adı gedən keçmiş divan üzvü Tural Abbaslının həm Müsavatın narazılar kəsimini təşkil edən gənc tərəfdarları öz ətrafına toplayaraq"Ağ Blok" adlı seçki qurumu yaratması düşərgənin digər cinahında olan partiyaları hiddətləndirməyə başlayıb. Çünki Tural Abbaslı adıçəkilən bloku yaratmamış bəyan edirdi ki, oraya yalnız müsavatçılar deyil, eyni zamanda AXCP, ADP və s. partiyalardan olan təmsilçilər də üzv yazıla bilərlər. Əlbəttə ki, bəribaşdan belə bir açıqlamanın verilməsi partiyalarda müəyyən diskomforta səbəb olmağa başladı.
Sərdar Cəlaloğlu: "Düşünmürəm ki, Tural Abbaslı Müsavatdan kənar bir blok yaradıb, orada müxalifətin müxtəlif qismindən olan gənclərlə hansısa uğura imza atsın"
Buna ilk misal kimi, ADP sədri Sərdar Cəlaloğlunun etirazını göstərmək mümkündür. Belə ki, partiya sədri Tural Abbaslıya qarşı çıxış etmiş və böyük ehtimalla onu təşkilat sıralarından çıxaracaq Müsavat başqanı Arif Hacılıya dəstək vermişdir. Məsələn, Arif Hacılı bildirib ki, partiya üzvünün təşkilatdan kənarda hər hansı bir blok yaratması nizamnaməyə ziddir. Demək, o, bununla Tural Abbaslının Müsavatdan kənarlaşdırılacağına dair bir siqnaldır. Məhz Müsavat rəhbərinin həmin ifadələrindən sonra ADP sədri ona bir növ dəstək verərək, gənclərin bu və ya digər siyasi partiyalardan ayrılaraq hansısa qurumlar yaratmasını uğurlu addım hesab etmədiyi qənaətində olduğunu bəyan edib. O, öz ifadəsini belə əlaqələnidirib ki, indiyə qədər bəzi gənclər siyasi qurumlar yaratsalar da, təcrübə olmadığı səbəbindən, ciddi nailiyyət əldə etməyiblər. "Düşünmürəm ki, Tural Abbaslı Müsavatdan kənar bir blok yaradıb, orada müxalifətin müxtəlif qismindən olan gənclərlə hansısa uğura imza atsın. Bu, indiki məqamda uğursuz bir addım olardı".
ADP sədri, həmçinin, qarşı tərəfin yaş məsələsinə də toxunaraq, bu yaş dövründə siyasi uğur qazana bilməyin mümkünsüzlüyünü də bildirib.
Tural Abbaslı: "Sərdar Cəlaloğlunun təriflədiyi, içi özü qarışıq siyasətçilər 22 ildir ki, müxalifətdədirlər və heç bir uğurları yoxdur"
Ancaq ADP sədrinin "Ağ Blok" barədə irəli sürdüyü uğursuzluq faktoru Tural Abbaslının qəzəblənməsinə səbəb olub. O, Cəlaloğlunun reallıqdan çıxış etmədiyini və hadisələrə hələ də köhnəlmiş prizmalardan yanaşdığını vurğulayıb. Misal üçün, Abbaslı Cəlaloğlunun blok haqqında düşüncələrinin sadəcə nonsens xarakteri daşıdığı qənaətindədir. Daha dəqiq desək, de-yure müsavatçı olan Tural Abbaslının fikrincə, ADP sədri siyasi təhlildən, analizdən daha çox siyasi qısqanclıq hissi keçirir. "Ağ Blok" təsisçisi dünya praktikasından bəzi misallar gətirib və Cəlaloğlunun yaş məsələsinə də ilginc münasibət sərgiləyib: "Yaş məsələsi bu qədər önəmlidirsə, Sərdar Cəlaloğlu öz və fəxr etdiklərinin milli azadlıq hərəkatı dönəmindəki yaşlarını xatırlasın. O zaman Sərdar Calaloğlu və milli azadlıq hərəkatının önündə olanların çoxu bizim indiki yaşımızdan 5-6 yaş kiçik və bizdən 10-12 il siyasi cəhətdən təcrübəsiz idilər. 22 ildə keçirilən seçkilərdə adi bələdiyyə seçkilərində belə uğur əldə edə bilməyən sektoru təmsil edən siyasətçinin belə iddialı danışması təəccüblüdür. Biz uğur əldə edə də, etməyə də bilərik. Ancaq bizim "22 il də müxalifətdə qalacağıq" deyə bir fikrimiz yoxdur. Sərdar Cəlaloğlunun təriflədiyi, içi özü qarışıq siyasətçilər 22 ildir ki, müxalifətdədirlər və heç bir uğurları yoxdur. Biz necə addım atdığımızı gözəl bilirik, üstümüzü unlu görüb, adımızı dəyirmançı qoymağa cəhd etməsinlər".
Lakin Tural Abbaslı, eyni zamanda hörmət yeri qoyaraq, yaşlı müxalifətçilərlə daha kəskin qarşıdurmalara getmək istəmədiyini də deyib: "Biz yeni bir xətt açmağa çalışırıq. "Müxalifət" sözünün uğursuzluqla və yaxud məğlubiyyətlərlə bərabər tutulmayacaq yeni bir uğur modeli axtarırıq. Biz heç kimə müharibə elan etməmişik, əksinə gəncləri proseslərə qoşmağa çalışırıq".
Beləliklə, ilk görünən məsələ budur ki, artıq müxalifətdə olan çoxsaylı narazı gənclər təmsil olunduqları partiyalarda uzun illərdir rəhbərlik edənlərlə yanaşı, digər cinahda olan yaşlı müxalifətçilərə qarşı da meydan oxumaqdadırlar. Bu isə yaxın gələcəkdə, xüsusilə parlament seçkiləri ərəfəsində daha böyük ziddiyyətlərə səbəb ola biləcək amil kimi qiymətləndirilə bilər. Hətta gənclərin yaşlıları üstələyərək, seçkilərdə onlardan daha çox səs toplayacağını da ehtimal etmək mümkündür. Bu isə bilavasitə köhnəlmiş müxalifətin siyasi arenadan birdəfəlik gedişi ilə nəticələnə bilər.
Afət TAHİRQIZI