PDF Oxu

Müxalifət

  • 923

ADP sədri ilə müavini arasında sözlər çəp gəldi

ADP sədri ilə müavini arasında sözlər çəp gəldi

SİYASİ RAKURS

Partiyadaxili intriqa ərəfəsindədir

Azərbaycan Demokrat Partiyasında (ADP) fikir ayrılığı meydana gəlib. Belə ki, Sərdar Cəlaloğlunun parlamet seçkiləri ərəfəsi "Qarabağ" blokunda "Ümid" partiyası ilə münasibətlərini saxlamaq iddiası və bu ətrafda işlərin getdiyini bəyan etməsi ilə onun müavini Taliyət Əliyevin mövqeyi üst-üstə düşmür. Hətta ötən günlərdə ADP sədri seçkilərlə bağlı blok ətrafında danışıqların aparıldığını da demişdi. Eyni zamanda o bildirmişdi ki, "Ümid" partiyasının başqa hər hansı bir seçki blokunda təmsil olunması mümkünsüzdür. Məsələnin də maraqlı cəhəti budur ki, Sərdar Cəlaloğlunun müttəfiqi İqbal Ağazadənin "Qarabağ" blokuna deyil, "125"-lər siyasi klubuna tərəf meyillənməsi müşahidə edilməkdədir. Lakin bu da son deyil.

İqbal Ağazadə Sərdar Cəlaloğlu faktorundan imtina edəcək

Bu günlərdə bəlli olub ki, artıq Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da "Qarabağ" siyasi bloku arasında qızğın müzakirələr aparmaqdadır. Müzakirələrin yenə də "Ümid"lə aparıldığı barədə xəbərlər dolaşmaqdadır. Yəni ADP bu amildən kənarda qalıb. Bu da deməyə əsas verir ki, İqbal Ağazadə artıq Sərdar Cəlaloğlu faktorundan imtina etmək ərəfəsindədir.

Hansı ki, Cəlaloğlu öz açıqlamasında deyib ki, AMİP, ümumiyyətlə, "Qarabağ" bloku ilə danışıqlar aparmayıb və ADP-"Ümid" birliyinin də bu ətrafda heç bir planı yoxdur. Hətta Sərdar Cəlaloğlu bu məlumatı yayanları qınayıb da. Ancaq vəziyyət heç də ADP sədrinin istədiyi kimi getmir. Çünki onun sözləri ilə müavini Taliyət Əliyevin sözləri üst-üstə düşmür. Məsələn, ADP-nin sədr müavini deyib ki, onlarda olan informasiyaya görə, AMİP-lə danışıqlar prosesi ötən həftə başa çatmalı imiş. Lakin sonradan qərara gəliblər ki, bu proses davam etdirilsin. O, əlavə edib ki, bu həftə ərzində danışıqlar prosesinin nəticələri bəlli olacaq. Bu baxımdan o, seçkilərdə ADP-AMİP müttəfiqliyinin yarana biləcəyini də istisna etməyib.

"125-lər" klubunun əsas söz sahibi "Ümid" partiyası olacaq

Xatırlatmaq yerinə düşərdi ki, ADP "Ümid" partiyasının başqa siyasi birliklərlə əməkdaşlıq etməyəcəyini desə də, əslində, o da sirr deyil ki, "125-lər" siyasi klubu məhz İqbal Ağazadənin maliyyə dəstəyi ilə yaradılıb. AMİP-ə gəlincə isə, "Ümid" sədri ADP sədrindən fərqli olaraq, AMİP-lə birgə əməkdaşlıq etmək qərarındadır. Məhz bu amil də "Qarabağ" blokunun parçalanmasına təkan verən sübutdur.

Digər tərəfdən, İqbal Ağazadə yaxşı bilir ki, əgər "125"-lərlə hər hansı bir razılıq əldə edilsə və seçki bloku yaransa, onun istənilən təklifi, tövsiyəsi orada keçərli olacaq. Beləliklə, "125-lər" klubunun əsas söz sahibi "Ümid" partiyası olacaq. Bütün bunlar isə onu təsdiq edir ki, ADP çətin vəziyyətdə qalıb. Eyni zamanda, partiya sədri ilə onun müavininin sözlərinin bir-birini tamamlamaması ən tezi parlament seçkilərindən əvvəl, ən geci isə parlament seçkilərindən sonra ADP-yə öz mənfi təsirini göstərəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər