Bəzi partiyaların parlament seçkilərinə hansı üsulla qatılacaqları hələ də bəlli deyil
Müxalifətin digər cinahında olan bəzi partiyalar hələ də payızda keçiriləcək parlament seçkiləri ilə bağlı qəti qərar verə bilməyiblər. Bəziləri seçkilərə təkbaşına gedəcəklərini bildirsələr də, mahiyyət etibarilə bu qərarın da dəqiqləşdirilməməsi göz önündədir.
VHP-nin qəti qərarının olmadığı görünməkdədir
Məsələn, Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, eləcə də onun müavinləri bəyan ediblər ki, seçkilərdə iştirak etmək niyyətindən geri çəkilmirlər. Ancaq hələlik seçkilərə blok, yaxud birlik formatında, yaxud da təkbaşına gedəcəyi də tam olaraq dəqiqləşdirilməyib. Qeyd edilir ki, VHP-nin məclis toplantısından sonra müəyyən qərarlar barədə məlumatlar veriləcək. Ümumiyyətlə, VHP rəhbərliyi bölgələrdə çoxsaylı təşkilatlarının olmasını iddia etsə də, partiyanın qəti qərarının ortada olmadığı görünməkdədir.
"Ədalət" iki seçim qarşısında
Bu cinahda olan daha bir müxalifət partiyası olan "Ədalət" də hansı şəkildə seçkilərə gedəcəyini müəyyənləşdirə bilməyib. Partiya demək olar ki, iki seçim arasında qalıb. Partiya sədrinin müavini Mütəllim Rəhimlinin fikrincə, seçkilərdə iştirakla bağlı qərarı təşkilatın ali məclisi verir: "Avqustun sonlarında ali məclis seçkiyə münasibət bildirəcək. Ümumi ab-hava bundan ibarətdir ki, çox güman, seçkilərdə iştirak edəcəyik. Təşkilat daxilində deputatlığa namizədliyini vermək istəyində olanlar var. Onlar seçkilərə qoşulmağın tərəfdarı kimi çıxış edirlər".
Lakin Mütəllim Rəhimlinin bu fikrindən həm də belə qənaətə gəlmək olar ki, "Ədalət" üzvlərindən seçkilərə qatılmaq istəyənlərin olması ilə yanaşı, seçkilərə qatılmaq tərəfdarı olmayanlar da var.
M.Rəhimli qeyd edib ki, partiya daxilində seçkidə iştirakın əleyhinə olan insanlar olsa da, böyük əksəriyyət siyasi qüvvənin əsas məqsədinin seçkilərdə iştirak olduğunu önə çəkir və seçki tərəfdarı kimi çıxış edirlər.
Ancaq "Ədalət" partiyasının sədri İlyas İsmayılovun seçkilərə qatılıb-qatılmayacağı da məlum deyil.
"İslahat" blokundan səs-səmir gəlmir
Yeri gəlmişkən, ötən parlament seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Böyük Quruluş Partiyasının (BQP) da təmsil olunduğu "İslahat" blokundan seçkilərlə bağlı səs-səmir gəlmir. Baxmayaraq ki, BAXCP və BQP seçkilərlə bağlı yekun iştirtak qərarlarını veriblər.
Məhz buradan da görünür ki, vaxtilə həmin blokda təmsil olunaraq, üzvlərini parlementarilər sırasına qatmağa nail olmuş bəzi partiyalar indi mövqe dəyişikliyi barədə düşünürlər. Çünki barəsində qeyd edilən "Ədalət" partiyası artıq heç bir bloka qoşulmaq fkrində olmadığını da sərgiləyir. Görünür, konstruktivlik yolunu tutan bir sıra partiyalar parlamentə düşmək üçün yeni yollar barədə düşünürlər. Ancaq vaxta az qaldığı üçün qərar verməyin zamanı çatsa da, düşərgənin sözügedən cinahında qərarsızlıq daha çox nəzərə çarpmaqdadır. Bu isə partiyaların xeyrinə deyil, ziyanına olan bir məsələdir.
Mübariz QULİYEV